Orta məktəblərində guya Azərbaycan dilini öyrənmək (gülməlidir, həm də 10-cu sinifdə!) xəbərlərinin arxasında ya Avropa Birliyindən qrant qoparmaq niyyəti dayanır, ya da dünyanın gözünə “kül üfürmək” niyyəti...
Ermənilər indi guya “ayılıblar” ki, qonşu dövlətlərin dillərini öyrənmək lazımdır. Erməni mediası xəbər verir ki, ölkənin Təhsil və Elm Nazirliyi regional dil tədrisi üçün xüsusi proqram hazırlayıb. Belə ki, fars və gürcü dillərinin 5-ci sinifdən tədrisinə icazə verilir. Azərbaycan və türk dillərinin isə yalnız orta məktəbdə 10-cu sinifdən(?!) öyrənmək olar. Bildirilir ki, 2025-2026 tədris proqramında adı açıqlanmayan üç ümumtəhsil məktəbində Azərbaycan dilini öyrənmək imkanı yaradılıb.
Məlumatda deyilir ki, gələcəkdə bu təcrübə genişləndirilə bilər, lakin bu, müvafiq mütəxəssislərin sayından asılıdır. Nazirlik dil öyrədəcək müəllimlər qarşısında ciddi tələblər də qoyur. Yəni qonşu dövlətlərin (İran, Azərbaycan, Gürcüstan və Türkiyə) dilini tədris edəcək müəllim bu dili yaxşı səviyyədə bildiyini sübut etməlidir. Nazirlik etiraf edir ki, hazırda belə müəllimlər azdır...
44 günlük müharibədə uduzduqdan sonra, 2021-ci ildə Ermənistanda hökumətin xeyir-duası ilə Azərbaycan Dili Mərkəzi yaradılıb. Ermənistanda bu mərkəzin yaradılmasının məqsədi ermənilərin qonşu dövlətlə “adam balası kimi” münasibət qurmaq niyyəti dayanmırdı. Müharibədə uduzduqlarına baxmayaraq, mərkəz Azərbaycan dilinin öyrənilməsini “milli təhlükəsizliklə bağlı məsələ”, “düşmən dilini bütün sahələrdə və bütün səviyyələrdə mükəmməl bilən mütəxəssislərə hər zaman olacaq ehtiyac”la izah edirdi.
Ermənistan işğal illərində İrəvan Dövlət Universitetində “Azərbaycanşünaslıq” adlı proqram da sırf düşmənçilik niyyəti ilə, yəni kəşfiyyat və digər struktur əməkdaşlarına öyrətmək üçün yaradılmışdı. Maraqlıdır ki, bu proqram heç bir tutarlı izahat verilmədən 2018-ci ildə bağlandı. O zaman belə iddialar ortaya çıxdı ki, “düşmən dilinin öyrənilməsinin dövlət üçün riskləri də olur”. Qısası, dövlətin nəzarətində olan “Azərbaycan dilini öyrənmək” proqramının gözlənilmədən bağlanmasının iki səbəbi ola bilərdi. Məsələn, Azərbaycan dilini öyrənmək erməni zabitlərini “düşmən ölkəyə” işləməyə həvəsləndirərdi. Ya da Serjik Sərkisyan (2018-də hakimiyyətdə hələ o idi) öz ordusunun gücünə, torpaqların işğalını artıq “rəsmiləşdirməsinə” o qədər arxayın olmuşdu ki, daha “düşmən dilini” öyrənməyə belə ehtiyac görməmişdi.

Erməni mənbələrinin məlumatlarından o da bəlli olur ki, nədənsə, başqa dillərlə müqayisədə müasir Ermənistanda Azərbaycan dilini öyrənmək o qədər də asan iş deyil. Bunun dərin psixoloji səbəblərini ermənilər gizlədirlər. Çünki müasir Ermənistan monoetnik dövlətdir, ermənilər ancaq bir dildə danışır, bir dildə düşünür. Məsələn, Qarabağ ermənilərinin heç vaxt kursa-filana getməsinə ehtiyac olmayıb, dilimizi öyrəniblər, bəziləri hətta səlis danışıb. Hətta işğal illərində yaşlıların əksəriyyəti dilimizi unutmayıblar. (“ Vallah, erməni milliət deyil” deyən qocanı yada salmaq kifayətdir). Ermənistanda isə Azərbaycan dilini minimum öyrənmək üçün səkkiz ay nəzərdə tutulur. Bu müddətdən sonra mətnləri oxumağı və tərcümə etməyi öyrənmək olur. Lakin mütəxəssislər deyir ki, mürəkkəb mətnləri və ya məsələn, videoları tərcümə etmək, dili tam başa düşmək əlavə zaman və səy tələb edir.
Azərbaycan dili ilə bağlı məsələ aydındır, ermənilər yüz illərdir düşmənçilik bəslədikləri millətin dilini öyrənməmək üçün “dərin tarixi” səbəbləri var. Bəs, işğal illərində qardaşlaşdıqları, yüz minlərlə ermənilərin yaşadığı İranın dövlət dilinə niyə indiyədək belə yad münasibət bəsləyiblər? Qonşuları Gürcüstanla da bağlı eyni fikirlər keçərlidir. (Halbuki illərdir fransız dilini 2-ci sinifdən tədris edirlər) .Bu “ögeyliyin” səbəbi bəllidir: ermənilər özlərini “ali millət” zənn ediblər, qonşu dövlətlərin dilinə, mədəniyyətinə, dininə hörmət etməyiblər...Azərbaycanın işğaldan azad torpaqlarının hər qarışı buna sübutdur. Ona görə indi orta məktəbdə guya Azərbaycan dilini öyrənmək (gülməlidir, həm də 10-cu sinifdə) xəbərlərinin arxasında ya Avropa Birliyindən qrant qoparmaq niyyəti dayanır, ya da dünyanın gözünə “kül üfürmək” niyyəti...
Nazim SABİROĞLU,
Musavat.com