AZ

Deputat: Azərbaycanda erməni dilinin tədrisinə başlanılmalıdır

2025-2026-cı tədris ilində Ermənistanın üç dövlət məktəbində Azərbaycan dili kursları tətbiq olunacaq.

Belə  ki, proqrama əsasən, 10-12-ci sinif şagirdləri üçün Azərbaycan və türk dilləri, 5-ci sinifdən etibarən isə fars və gürcü dilləri tədris olunacaq. Proqram könüllü olacaq və ixtisaslı müəllimlərin mövcudluğundan asılı olacaq.

Maraqlıdır, gələcəkdə Azərbaycanın orta ümumi təhsil müəssisələrində erməni dilinin tədrisi ola bilərmi?

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən deputat Ceyhun Məmmədov qeyd edib ki, Ermənistanda uzun illərdir ki, həm Azərbaycanın, həm də Türkiyə dövlətinin öyrənilməsiylə bağlı işlər gedir:

“Onlar davamlı şəkildə bu sahədə mütəxəssislər yetişdirirlər və eyni zamanda bizdə gedən prosesləri öyrənməyə də maraqlıdırlar. Buna görə də Azərbaycanı mütəmadi şəkildə təhlil edirlər.

Son vaxtlar yayılan məlumatlara əsasən, artıq üç məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılıb. Hesab edirəm ki, biz də bu istiqamətdə addımlar atmalıyıq. Ermənistanı ciddi şəkildə öyrənmək vacibdir. Hazırda bəzi mərkəzlər və qurumlar bu istiqamətdə fəaliyyət göstərirlər, lakin düşünürəm ki, ali məktəblərdə erməni dilinin tədrisinə başlanmalı, eyni zamanda bir neçə ümumtəhsil məktəbində də bu prosesə start verilməlidir.

Hazırda sülh prosesi davam etsə də, biz qonşu ölkələrik. Ermənistan bu gün bizimlə yalnız güclü olduğumuz üçün hesablaşır. Lakin bu ölkə həmişə Azərbaycanla bağlı proseslərdə maraqlı olacaq. Buna görə də gecikmədən bu sahədə fəaliyyətə başlamaq lazımdır.

Bu istiqamətdə bir neçə paralel iş aparılmalıdır: ilk növbədə Ermənistanın dərindən araşdırılması - onun tarixi, ədəbiyyatı və digər sahələri öyrənilməlidir. Eyni zamanda erməni dilini bilən mütəxəssislərin hazırlanmasına ehtiyac var.

Bəzən belə yanlış düşüncə formalaşır ki, Ermənistan düşməndir və onun dilini öyrənməyə ehtiyac yoxdur. Halbuki əslində, düşmənin dilini bilmək zəruridir. Mən burada keçmişdən danışıram, çünki biz hazırda sülh dövrünə qədəm qoymuşuq və bu istiqamətdə addımlar atırıq.

Düşünürəm ki, gecikmədən və operativ şəkildə bu prosesi başlatmaq lazımdır. Bir neçə məktəbdə erməni dilinin tədrisinə başlanıla bilər. Bu, kütləvi şəkildə deyil, müəyyən sayda mütəxəssis hazırlığı səviyyəsində həyata keçirilsə, ölkəmiz üçün ciddi töhfə ola bilər".

Seçilən
33
azedu.az

1Mənbələr