AZ

Daşqınlara görə istefa VERDİ

İspaniyanın şərqində yerləşən Valensiya bölgəsinin prezidenti Karlos Mazon ölümcül daşqınlara münasibətdə uğursuz idarəçiliyinə görə istefa verdiyini açıqlayıb.

Bir ildən çox əvvəl baş verən təbii fəlakət nəticəsində 229 nəfər həlak olmuşdu. Mazonun daşqınlar zamanı bir jurnalistlə uzunmüddətli naharda olması və hadisələrə gec reaksiya verməsi ictimai qəzəbə və kütləvi etirazlara səbəb olub.

Mühafizəkar Xalq Partiyasının (PP) üzvü olan Mazon, uzun müddət təzyiqlərə baxmayaraq istefa verməkdən imtina etmişdi. Lakin son sorğular Valensiya sakinlərinin 75 faizinin onun vəzifədən getməsini istədiyini göstərib.

Nəhayət, 3 noyabr 2025-ci ildə Mazon təzyiqlərə boyun əyərək istefa verdiyini açıqlayıb:

“Davam edə bilmirəm”, – deyə o, mətbuat konfransında bildirib.

Mazon çıxışında həmçinin mərkəzi hökumətin böhrana reaksiyasını sərt tənqid edib. O, növbədənkənar seçkilərin təyin olunub-olunmayacağı və ya parlamentdəki mandatından imtina edib-etməyəcəyi barədə məlumat verməyib.

Daşqınlar zamanı Valensiyada fövqəladə vəziyyət qərargahının – İnteqrasiya olunmuş Əməliyyat Koordinasiya Mərkəzinin (Cecopi) – gec çağırılması və sakinlərə təcili xəbərdarlıqların saatlarla yubadılması böyük narazılıq doğurmuşdu.

İstintaq materiallarına əsasən, daşqınlar günü təcili xəbərdarlıq mesajı yalnız saat 20:11-də göndərilib – o vaxta qədər artıq çox sayda insan həyatını itirmişdi.

Hakim Nuria Ruiz Tobarra fəlakəti “məhv, ölüm və qaranlıq cəhənnəm” adlandıraraq, hökumətin səhlənkarlıq göstərdiyinə dair ciddi sübutların olduğunu bildirib. Onun sözlərinə görə, həm xəbərdarlıqların göndərilməsində, həm də qərargahın çağırılmasında “dözülməz gecikmələr” olub.

Fəlakətin ildönümündə keçirilən anım mərasimində Mazon “qatil”, “qorxaq” və “həbsxanaya getməlisən” qışqırıqları ilə qarşılanıb. O, etiraf edib ki, “daha yaxşı işləməli olan məqamlar” olub.

Həmçinin, daşqınlar zamanı Mazonun bir jurnalistlə üç saata yaxın naharda olması və böhranla bağlı qərargaha gec getməsi onun reputasiyasına ciddi zərbə vurub. Jurnalist Maribel Vilaplana ifadəsində bildirib ki, prezidentlə nahar zamanı ona dəfələrlə zənglər gəlib, lakin o, vəziyyətin ağırlığından xəbərsiz olub.

Hazırda həm Mazon, həm də hadisə zamanı daxili işlər naziri olmuş Salome Pradas barədə ehtiyatsızlıq və səhlənkarlıq ittihamları üzrə istintaq davam edir.

Valensiya faciəsi İspaniyada dövlət strukturlarının fövqəladə hallara cavab mexanizmlərinin yenidən qiymətləndirilməsi çağırışlarını gücləndirib.

Seçilən
32
veteninfo.az

1Mənbələr