AZ

Heyvanlar yanvar-oktyabr ayları üçün nəzərdə tutulmuş miqdarda peyvənd olunub

Bakı, 3 noyabr, Günel Türksoy, AZƏRTAC

İlboyu aparılan peyvəndləmə prosesi ölkədə mövcud olan bütün iribuynuzlu və xırdabuynuzlu heyvanları əhatə edir. Peyvəndləmə ilin əvvəlində təsdiqlənmiş tədbirlər planına əsasən, qrafik üzrə həyata keçirilir və prosesdə indiyədək ləngimə olmayıb, heyvanlar yanvar-oktyabr ayları üçün nəzərdə tutulmuş miqdarda peyvənd edilib.

Bunu AZƏRTAC-ın sorğusuna cavab olaraq Kənd Təsərrüfatı Nazirliyindən bildiriblər.

Qeyd olunub ki, Azərbaycanda xüsusi təhlükəli xəstəliklərə qarşı peyvəndləmə dövlət tərəfindən tam maliyyələşdirilir və pulsuz həyata keçirilir. “Hazırda dabaq, qarayara, brusellyoz əleyhinə peyvənd, nodulyar dermatitə qarşı, xırdabuynuzlu heyvanların çiçəyinə qarşı peyvənd, atlarda rinopnevmoniya qarşı peyvənd, atların qripinə qarşı peyvənd, donuzlarda klassik tauna qarşı peyvənd vaksinləri dövlət tərəfindən tətbiq olunur. Peyvəndləmə təsərrüfatlar üçün məcburidir. Qanunvericiliyə əsasən, təsərrüfat sahibləri xüsusi təhlükəli xəstəliklərə qarşı peyvəndləməni həyata keçirmək öhdəliyinə malikdir. Bu, yalnız öz heyvanlarının deyil, ətraf təsərrüfatların da təhlükəsizliyinin təmin edilməsi üçün vacibdir. Peyvəndləmə tədbirlərindən yayınmaq inzibati məsuliyyət yarada bilər və heyvan tələfatı zamanı kompensasiya ödənişinə dair hüququ da məhdudlaşdıra bilər. Peyvəndlənmə heyvanları ölümcül xəstəliklərdən qoruyur, təsərrüfatın məhsuldarlığını və iqtisadi sabitliyini saxlayır, xəstəliklərin digər təsərrüfatlara yayılmasının qarşısını alır, insanlara keçə bilən zoonoz infeksiyaların riskini azaldır”- deyə məlumatda bildirilib.

Həmçinin diqqətə çatdırılıb ki, peyvənd heyvanın immun sistemini qoruyur, yoluxma riskini azaldır, xəstəlik baş verdikdə, daha yüngül keçirilməsini təmin edir. Başqa heyvanlara yoluxdurma ehtimalını minimuma endirir. “Heyvan sahiblərini peyvəndləmə tədbirlərində aktiv iştiraka, rəsmi baytarlıq orqanları ilə əməkdaşlığa və heyvanlarının vaxtında peyvənd olunmasını təmin etməyə çağırırıq”- deyə sorğuya cavabda qeyd edilib.

 

Seçilən
51
2
azertag.az

3Mənbələr