AZ

Paşinyandan cəsarətli bəyanat - "Həm Türkiyəyə, həm də Azərbaycana qarşı yanlış mövqe tutublar"

Ermənistanın Baş naziri Nikol Paşinyan türklərlə bağlı formalaşmış stereotiplərin Rusiya tərəfindən yaradıldığını bildirib.

Paşinyanın bu fikri ilə bağlı düşüncələrini Redaktor.az-a bildirən siyasi şərhçi Abutalıb Səmədov vurğuladı ki, Paşinyanın türklərlə və bizimlə bağlı verdiyi son bəyanat, onun həm Ermənistan, həm də bölgəmiz üçün nə qədər vacib bir fiqur olduğunu bir daha göstərdi:

"Paşinyan etiraf edir ki, həm Türkiyəyə, həm də Azərbaycana qarşı yanlış mövqe tutublar. Bu mövqenin formalaşmasının əsas səbəbi isə Rusiya təhlükəsizlik orqanları olub. Söhbət təkcə KQB-dən getmir. Bəzi Rusiya rəsmiləri KQB-nin 1954-cü ildə yaradıldığını deyərək, Paşinyanı yanlış danışmaqda günahlandırırlar. Lakin KQB-dən əvvəl də digər kəşfiyyat orqanları fəaliyyət göstərib və onlar məqsədyönlü şəkildə antitürk əhval-ruhiyyəsi formalaşdırmağa çalışıblar. Həmin orqanlar daim 1915-ci il “soyqırımı” haqqında rəy yaradaraq, ermənilərin türklərə münasibətinə ciddi şəkildə təsir göstəriblər. Paşinyan bu təsəvvürlərin yanlış olduğunu və bilərəkdən yaradıldığını bildirib. O, həmçinin, bu düşüncələrin Ermənistan üçün mənfi nəticələr verdiyini də etiraf edib".

Müsahibimiz hesab edir ki, bu, son dərəcə cəsarətli bəyanatdır.

"Parlament seçkiləri ərəfəsində Paşinyan öz mövqelərini möhkəmləndirmək üçün cəsarətli bəyanatlar verir və qəti addımlar atır. Bu da təsadüfi deyil. 2026-cı il parlament seçkiləri Ermənistan üçün ölüm-dirim məsələsidir. Hansı yol seçiləcək, yenidən köhnə, konfliktli dövrə qayıdılacaq, yoxsa Ermənistan sülh yolunu tutub qonşularla normal münasibətlər quracaq? Paşinyanın “dördüncü respublika sülh məntiqi ilə idarə olunan respublika olmalıdır” fikrini müdafiə etməsi, türklərlə bağlı verdiyi bu bəyanatın həmin istiqamətdə atılmış növbəti addım olduğunu göstərir. Qərb və Türkiyə isə Ermənistanda keçiriləcək növbəti parlament seçkilərində gedəcək gərgin mübarizədə Rusiya yönlü qüvvələrin qalib gəlməməsi və Paşinyanın tutduğu düzgün siyasi xəttdən imtina olunmaması üçün əllərindən gələni etməlidirlər", - deyə A.Səmədov qeyd etdi.

Nuriyyə NATİQQIZI

Seçilən
24
1
redaktor.az

2Mənbələr