Bu il Sülh üzrə Nobel mükafatını qazanan venesuelalı siyasətçi Maria Korina Maçado ABŞ Prezidenti Donald Tramp administrasiyasını regionda hərbi eskalasiyaya çağırıb.
Tribunainfo.az “The Latin Times” nəşrinə istinadən xəbər verir ki, onun fikrincə, bu, Venesuela lideri Nikolas Maduronu hakimiyyətdən uzaqlaşdırmağın yeganə yoludur.
“Təzyiqin və eskalasiyanın gücləndirilməsi – Maduroya getmək vaxtının gəldiyini başa salmaq üçün yeganə yoldur”, – o deyib.
Bundan əlavə, Maçado rejimin mümkün süqutundan sonrakı ilk 100 saat üçün konkret fəaliyyət planının olduğunu bildirib.
Qeyd edək ki, Maria Korina Maçado 2024-cü ildə Venesuelada keçirilən prezident seçkilərində müxalifətin vahid namizədi seçilib. Buna baxmayaraq, ölkənin Baş Müfəttişliyi tərəfindən dövlət vəzifəsində işləməsinə qadağa qoyulduğundan o, seçkilərdə başqa namizədlə əvəzlənib. 58 yaşlı siyasətçi 2025-ci ilin oktyabrında Sülh üzrə Nobel mükafatına layiq görülüb.