AZ

Serbiya prezidenti: Seçkilər səlahiyyət müddətim bitmədən keçiriləcək...

Vuçiç Serbiyada kütləvi etirazlardan sonra növbədənkənar seçkilər keçirməyi təklif edib...

Poliqon xəbər verir ki, The Financial Times qəzetinin məlumatına görə, Serbiya prezidenti Aleksandar Vuçiç ölkədə baş verən irimiqyaslı etiraz aksiyalarına cavab olaraq növbədənkənar parlament seçkilərinin keçirilməsini təklif edib. Vuçiç bildirib ki, səlahiyyət müddəti 2027-ci ilin dekabrında başa çatmalı olsa da, seçkilər bundan xeyli əvvəl keçiriləcək.

“Seçkilər səlahiyyət müddətim bitməmiş baş tutacaq, dəqiq tarixi isə müvafiq orqanlar müəyyənləşdirəcək”, – deyə prezident bazar günü etdiyi çıxışda bildirib.

Son həftələrdə on minlərlə serb paytaxt Belqraddan tutmuş digər şəhərlərə qədər küçələrə çıxaraq hökuməti korrupsiyada, mətbuat azadlığını məhdudlaşdırmaqda və avtoritar idarəetmədə ittiham edib. Etirazların əsas səbəbi Novi Sad şəhərində baş vermiş faciəvi hadisə olub: ötən il dəmir yolu vağzalının çökməsi nəticəsində 16 nəfərin ölümü ictimai qəzəbi alovlandırıb və Vuçiçin onillik hakimiyyəti üçün ən ciddi sınaqlardan birinə çevrilib.

Etirazların mərkəzində dayanan tələbə hərəkatı artıq öz namizədlər siyahısını hazırlayıb. Sorğulara əsasən, bu hərəkat Vuçiçin rəhbərlik etdiyi Serbiya Tərəqqi Partiyasını (SNS) 10 faizdən çox fərqlə qabaqlayır. Hərəkatın nümayəndəsi Milutin Milyaniç bəyan edib: “Biz tam hazırıq. Seçkilər sabah elan olunsa belə, iştirak edəcəyik.”

Buna baxmayaraq, Vuçiçin köməkçiləri bildiriblər ki, hələlik konkret qərar qəbul olunmayıb və seçkilərin ən tez halda gələn ilin sonuna qədər baş tutması mümkündür.

Müşahidəçilər hesab edirlər ki, Vuçiçin bu açıqlaması siyasi gərginliyi azaltmaq məqsədi daşıyır və o, vaxt qazanmaq üçün taktiki addım atır. Analitiklərin fikrincə, Serbiya prezidenti hazırda strateji planı olmayan bir vəziyyətdə daxili təzyiqlər qarşısında hakimiyyətini qorumağa çalışır.

Poliqon.info

Seçilən
48
poliqon.info

1Mənbələr