AZ

İsveçrə 2027-ci ildə Aİ ilə üçüncü ikitərəfli saziş paketi üzrə referendum keçirə bilər - ÖZƏL

İsveçrə ilə Avropa İttifaqı arasında üçüncü ikitərəfli saziş paketi ilə bağlı tərəflər arasındakı məsləhətləşmələr başa çatıb.

Olaylar xəbər verir ki, ölkənin prezidenti və maliyyə naziri Karin Keller-Zutter bildirib ki, bu məsələ ilə bağlı referendumun 2027-ci ildə keçirilməsi ehtimalı var.

Keller-Zutter mətbuat konfransında deyib ki, məsləhətləşmələr prosesi yekunlaşıb və indi tərəflərin mövqeləri parlamentə təqdim edilməzdən əvvəl təhlil olunacaq.

İsveçrə parlamentində sosial-demokratlar, azad demokratlar, mərkəzçi partiyalar, yaşıl və yaşıl liberal partiyalar ikitərəfli sazişlərin genişləndirilməsini əsasən dəstəkləsələr də, ən böyük siyasi qüvvə olan İsveçrə Xalq Partiyası (İXP) bu paketi "kolonial asılılıq müqaviləsi" və "ikitərəfli əməkdaşlıq yolunun sonu" kimi qiymətləndirir.

Avropa İttifaqı ilə İsveçrə arasında münasibətlər 1999 və 2004-cü illərdə bağlanmış iki ikitərəfli saziş paketi əsasında tənzimlənir. Bu razılaşmalar İsveçrəyə Aİ bazarına çıxış və bəzi sahələrdə əməkdaşlıq imkanı verir.

2024-cü ilin sonunda tərəflər üçüncü ikitərəfli saziş paketi üzrə danışıqları yekunlaşdırıblar. İndi sənəd imzalanmalı və ratifikasiya edilməlidir. Yeni saziş institusional məsələləri tənzimləməklə yanaşı, Bern ilə Brüsselin nəqliyyat, kənd təsərrüfatı, əmək miqrasiyası və elmi sahələrdə əməkdaşlığını daha da dərinləşdirəcək.

Yeni müqaviləyə əsasən, İsveçrə 2030-cu ildən başlayaraq Avropa İttifaqına ildə 375 milyon avro ödəyəcək. İlk kiçik ödənişlər isə 2024-cü ilin sonunda Avropa büdcəsinə daxil olmağa başlayıb.

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
24
olaylar.az

1Mənbələr