“Son günlər “qara ət” məsələsi cəmiyyətdə ciddi narahatlıq yaradıb. Əslində, ətin rənginin tündləşməsi onun keyfiyyətsiz olması anlamına gəlmir, amma bu, təhlükəsizlik baxımından araşdırılmalı haldır”.
NOCOMMENT.az xəbər verir ki, bunu qida mühəndisi, ekspert Güldanə Qasımlı Demokrat.az-a açıqlamasında deyib.
O əlavə edib ki, ətin rəngi saxlanma şəraitindən, daşınma temperaturundan və hətta heyvanın kəsilmə üsulundan da asılıdır:
“Əgər ət lazımi temperaturda saxlanmasa və ya bir neçə dəfə dondurulub-əridilərsə, tünd rəng alır və qoxusu dəyişir. Bu cür ətlər həm qida zəhərlənməsinə, həm də bakterial infeksiyalara səbəb ola bilər. Xaricdən gətirilən hər bir ət məhsulu Səhiyyə Nazirliyi və Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyasında yoxlanmalıdır. Təəssüf ki, bəzən bəzi partiyalar bazara nəzarətsiz daxil olur. Burada məsuliyyət həm idxalçının, həm də dövlət nəzarət qurumlarının üzərindədir. Vətəndaşlar isə aldıqları ətin mənşəyinə və sertifikatına diqqət etməlidirlər. Qara və ya tünd rəngli ət gördükdə, dərhal satıcıdan keyfiyyət sənədi tələb olunmalıdır. Əgər ətin görünüşü və qoxusu şübhəlidirsə, istifadə etmək qətiyyən olmaz. Ən təhlükəsizi yalnız rəsmi təsdiqli, yerli istehsal və ya yoxlanılmış idxal məhsulunu almaqdır. Çünki qida təhlükəsizliyi təkcə dövlətin yox, hər bir vətəndaşın məsuliyyətidir”.