ABŞ hökuməti ərzaq yardımı proqramını ixtisar edir və yardımın çatdırılmasında ciddi gecikmələr gözlənilir.
Musavat.com xəbər verir ki, Reuters-in məlumatına görə, Donald Tramp administrasiyası noyabr ayı ərzində milyonlarla amerikalıya qismən ərzaq yardımı veriləcəyini açıqlayıb. Lakin bəzi ştatlarda bu yardımın hesablanması və bölüşdürülməsi üçün “həftələr, bəlkə də aylar” lazım olacaq.
Proqram ABŞ Kənd Təsərrüfatı Nazirliyi (USDA) tərəfindən hazırlanıb. Cümə günü məhkəmə fövqəladə ehtiyat vəsaitlərin istifadəsinə icazə verdikdən sonra USDA Əlavə Ərzaq Yardımı Proqramının (SNAP) müəyyən hissəsini maliyyələşdirməyi qərara alıb. Xatırladaq ki, 1 noyabrda federal “şatdaun” səbəbindən proqram tarixində ilk dəfə tam dayandırılmışdı.
USDA nümayəndəsinin sözlərinə görə, bəzi ştatlarda sistemin yenilənməsi üçün bir neçə həftədən bir neçə aya qədər vaxt tələb olunur. Bu, proqramın 60 illik tarixində ilk dəfə baş verən qismən ödəniş təcrübəsidir. Hazırda SNAP 42 milyon aztəminatlı amerikalıya yardım göstərir.
ABŞ Ədliyyə Nazirliyi bildirib ki, USDA federal hakim Con MakKonnellin qərarına əsasən, proqramın 5,25 milyard dollarlıq ehtiyat fondunu xərcləyəcək. Lakin bu məbləğ proqramın ümumi aylıq ehtiyacını — 8–9 milyard dolları — tam əhatə etmir.
SNAP yardımı gəliri federal yoxsulluq həddinin 130 faizindən aşağı olan ailələrə verilir. Bu, bir nəfərlik ailə üçün aylıq 1 632 dollar, iki nəfərlik ailə üçün isə 2 215 dollara bərabərdir.
Musavat.com