AZ

Torpağın qədrini əsl sahibi bilər

Qarabağ və Şərqi Zəngəzurdakı dirçəliş bunun əyani təsdiqidir

Vətən müharibəsindəki şanlı zəfərdən dərhal sonra işğaldan azad edilən ərazilərimizin bərpası və quruculuğu dövlətimizin qarşısına qoyduğu vacib prioritetlərdən biri olub. Düşmən tapdağından azad etdiyi əraziləri öz iqtisadi imkanları hesabına yenidən quran dövlətimiz bu torpaqlarda əhəmiyyətli layihələr həyata keçirir. Böyük qayıdış proqramının icrası üçün müasir tipli şəhər, qəsəbə və kəndlər salınır, hərtərəfli infrastruktur qurulur. 

Bir sözlə, keçmiş məcburi köçkünlərin dədə-baba yurdlarında rahat yaşamaları üçün kompleks işlər görülür. 

Büdcəmizin prioriteti

Qarabağ və Şərqi Zəngəzura qayıdışın həyata keçirilməsi üçün hər il bu ərazilərə dövlət büdcəsindən maliyyə ayrılır. Maliyyə Nazirliyinin yaxın 4 il üçün açıqladığı Ortamüddətli Xərclər Çərçivəsində əksini tapan məlumata görə işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası ilə bağlı xərclərin (Böyük qayıdış I planının layihəsi) 2026-2029-cu illərdə 13,5 milyard manat təşkil edəcəyi proqnozlaşdırılır ki, bunun da əsaslı xərclərdə xüsusi çəkisi 23,5 faizdir. Ümumilikdə 2020-2024-cü illərdə işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün dövlət büdcəsindən cəmi 17,6 milyard manat, o cümlədən 2024-cü ildə 5,3 milyard manat vəsait ayrılıb. 2025-ci ildə isə bu məqsədə 4,3 milyard manat vəsait nəzərdə tutulub: "2027-2030-cu illəri əhatə edəcək "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair II Dövlət Proqramı"nın hazırlanması çərçivəsində proqram üzrə həyata keçiriləcək tədbirlər və onların maliyyə tutumu dəqiqləşdiriləcək".  

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan genişmiqyaslı bərpa və quruculuq işləri nəticəsində regionun ümumi planlaşdırılması başa çatıb. 13,6 min kvadratkilometr ərazini əhatə edən bu plan əsasında 1,1 milyon nəfərdən çox insanın doğma şəhər və kəndlərində məskunlaşması üçün yenidənqurma işləri icra olunur. Əhalisi 300 min nəfərdən çox olan 8 şəhər və 90 kəndin baş planları artıq təsdiqlənib.

      

Böyük qayıdışın əyani sübutu

Azad edilən tarixi yurdlarımızda gerçəkləşdirilən bərpa-quruculuq işlərinə Prezident İlham Əliyevin bu ərazilərə mütəmadi səfərləri zamanı daha yaxından şahidlik edirik. 

28 oktyabrda dövlətimizin başçısının Cəbrayıl və Zəngilan rayonlarına səfərləri də buradakı sürətli və genişmiqyaslı quruculuğun təntənəsini bir daha gözlər önünə sərdi. Həmin gün Prezident İlham Əliyev Cəbrayıl rayonunun Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak etdi, rayonun Şahvəlli kəndində "Şəms" və "Üfüq" Günəş-Elektrik stansiyalarının təməlini qoydu, "Şəfəq" Günəş-Elektrik Stansiyasına gedən avtomobil yolunu açdı. Həmçinin Cəbrayıl şəhərində ikinci və üçüncü yaşayış komplekslərinin, Cəbrayıl şəhər məscidinin təməlini qoydu. Zəngilan rayonunun Ağalı kəndinin 2-ci mərhələsinin və Məmmədbəyli kəndinin açılışlarında iştirak edən ölkəmizin rəhbəri Zəngilan şəhərində 104 mənzilli yaşayış kompleksində görülmüş işlərlə tanış oldu.

Zəngilan rayonunun Məmmədbəyli və Ağalı sakinlərini dədə-baba yurdlarına qayıdış münasibətilə təbrik edib onlara mənzillərinin açarlarını təqdim edən Prezident İlham Əliyev söylədi ki, beş ilə yaxındır ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib və azad olunmuş bütün torpaqlarda geniş quruculuq işləri gedir, o cümlədən Zəngilan rayonunda: "Bu rayonun, bu bölgənin çox gözəl gələcəyi olacaq. Necə ki, bütün Qarabağın, Şərqi Zəngəzurun gələcəyi çox parlaq olacaq. Bugünkü reallıq - qurduğumuz şəhərlər və kəndlər bunu göstərir".

Həmçinin Cəbrayıl rayonunun Horovlu kəndinə dönən sakinlərlə görüşüb-söhbətləşən dövlət başçısı vurğuladı ki, Böyük qayıdışın əyani sübutu bu gün gözünüzün önündədir: "Belə gözəl şərait yaratmaqla Azərbaycan dövləti bir daha öz siyasətini göstərir. İşğal dövründə ovaxtkı köçkünlərlə çoxsaylı görüşlərimdə mən demişdim ki, torpaqlar işğaldan azad olunandan sonra şəhərlərimiz, kəndlərimiz yenidən qurulacaq, əvvəlkindən daha gözəl olacaq. Bugünkü gün bu sözlərin əyani sübutudur. Bu gün sizin həyatınızda yeni dövr başlayır".

Dövlətimizin işğaldan azad edilən yerlərdə apardığı sürətli quruculuq işlərinin nəticəsidir ki, bu ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, işləyir, təhsil alır. Həmin  insanların 20 mindən çoxu öz vətəninə dönüb xoşbəxt həyata başlayan keçmiş məcburi köçkünlərdir.

Quruculuq zəfəri

Bu gün böyük tikinti meydançasına çevrilən Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən meqa layihələr, salınan "ağıllı şəhər" və kəndlər, müasir infrastruktur dünyada da təqdirlə qarşılanır. Onu da xüsusi vurğulayaq ki, Prezident İlham Əliyevin hər dəfə bu iqtisadi rayonlara səfərləri çərçivəsində yeni açılışlarını etdiyi modern kənd və şəhərlərin möhtəşəmliyi Ermənistanda da böyük əsk-səda yaradır. Həmçinin sosial şəbəkələrin erməni seqmentində də bu hiss olunur. Oktyabrın 28-də Azərbaycan Prezidenti tərəfindən birinci mərhələsinin açılışı edilən Horovlu kəndinin timsalında da analoji hal yaşandı. Belə ki, bununla bağlı ermənilər tərəfindən edilən paylaşımın altına sözügedən xalqın minlərlə nümayəndəsi şərh yazaraq öz heyrətini, təəccübünü ifadə edib. Bu isə onu göstərir ki, 30 il ərzində işğalçıların xarabazara çevirdiyi Qarabağ və Şərqi Zəngəzurun bu gün necə cənnətməkana çevrilməsinə ermənilər özləri də, sözün əsl mənasında, mat qalıblar. Yəni sadə ermənilər bilirlər ki, bu torpaqlar heç zaman onların olmadığı üçün onilliklər boyu Ermənistan burada dağıdıcı fəaliyyət göstərib. İndi isə bu yurdların əsl sahibləri - qurub-yaradan Azərbaycan xalqı qayıdıb. 

Torpaq da insan kimi canlıdır... Qayğıya, diqqətə, təmiz havaya, suya ehtiyacı var. Ancaq işğalçılar Qarabağ və Şərqi Zəngəzurda daşı-daş üstündə qoymamış, talançılıqla məşğul olmuş,  "yandırılmış torpaq" siyasəti həyata keçirmişdilər. İndi dirçələn, çəmənləri yaşıllaşan, meşələri pöhrələyən, kəndlərində, şəhərlərində işıqlar yanan Qarabağ və Şərqi Zəngəzuru görən ermənilərin verdikləri reaksiyalardan aydın olduğu kimi, onlar özləri də bir daha etiraf edirlər ki, torpağın qədrini əsl sahibi bilər.

Yasəmən MUSAYEVA, 

"Azərbaycan" 

Seçilən
32
azerbaijan-news.az

1Mənbələr