AZ

Bakıda yəhudi tədbirini o ləğv etdirib? - ŞOK DETALLAR

Perincəkin iddiası süni qalmaqaldır; Bakı tolerantlıq siyasətinə sadiqdir

Bakıda 4-6 noyabr tarixlərində “Avropa Ravvin Konfransı” keçirilməli idi. Lakin bir neçə gün qalmış tədbirin ləğv edildiyi barədə məlumat yayıldı. Ardınca mətbuatda konfransın ləğv olunma səbəbi ilə bağlı müxtəlif versiyalar yayıldı. 

Türkiyə mətbuatında isə belə bir iddia tirajlandı ki, səbəb guya Vətən Partiyasının sədri Doğu Perincekin Azərbaycan Prezidenti İlham Əliyevə yazdığı məktubla bağlıdır. Yəni Perincek məktubunda Əliyevdən Ravvinlər Konfransını ləğv etməsini xahiş etdiyi üçün guya konfrans ləğv olunub.

Perinçekin

“Bakı-Xəbər” yazır ki, tədbirin Perincekin məktubuna görə ləğv edildiyini iddia etmək absurddur. “Perincek kimdir ki, onun bir məktubuna görə belə bir qərar qəbul edilsin? Perincek heç Türkiyədə parlament seçkisində mandat qazana bilmir, Rusiyanın diktəsi ilə hərəkət edir. O adam Türkiyədə Rusiyanın siyasi dairələrinin lobbiçisi kimi tanınır, Türkiyə əleyhinə fəaliyyətlərinə görə hətta “Nobel” mükafatı da alıb. Onu Türkiyədə “beşinci kolon”un nümayəndəsi sayırlar. O, bununla elə rəy yaratmaq istəyir ki, guya Azərbaycan iqtidarının siyasətinə təsir göstərmək gücündədir. Əslində isə qətiyyən belə deyil”, - qəzet qeyd edib.

İsrailin aparıcı media orqanı olan "The Jerusalem Post" qəzetində yer alan məlumata görə isə, Azərbaycan hakimiyyəti təhlükəsizlik səbəblərinə görə Ravvin Konfransının keçirilməsinə icazə verməyib. Tədbirin daha sonra başqa bir yerdə keçiriləcəyi bildirilir. Konfrans bəyanatında deyilir: “Avropa Ravvin Konfransının gələn həftə Bakıda keçirilməsi planlaşdırılan tədbirin nəzarətimizdən kənar səbəblərə görə təxirə salındığını təəssüflə bildiririk. Biz Azərbaycan hökumətinə davamlı dəstəyinə görə təşəkkür edirik və yaranan hər hansı narahatlığa görə üzr istəyirik”.

Bəyanatdan hər şey açıq görünür və bunun Vətən Partiyası sədrinin məktubu ilə yaxından-uzaqdan əlaqəsi olmadığını bir daha ortaya qoyur.

Elçin

Milli Məclisin deputatı Elçin Mirzəbəyli “Yeni Müsavat”a açıqlamasında Perincəyin fəaliyyəti ilə bağlı maraqlı detallar açıqladı: “Türkiyənin üz qarası Doğu Perincək 1970-ci illərdə SSRİ Müdafiə Nazirliyinin Mərkəzi Kəşfiyyat İdarəsinin ələ aldığı adamdır və elə həmin illərdə bir neçə dəfə Moskvaya səfərlər edib, Kremlin PKK terror təşkilatının fəaliyyəti üçün hazırladığı proqramların Türkiyənin ictimai rəyinə solçu təsisatlar vasitəsilə təsir mexanizmlərinin formalaşdırılması prosesinin iştirakçısı olub. Bütün bu illər uzunu Perincək və onun hazırda Rusiyada guya “biznes fəaliyyəti” ilə məşğul olduğu iddia edilən, reallıqda isə Perincəyin “Vətən partiyası”nın Moskvadakı özəyinə-cəsus şəbəkəsinin koordinasiya təsisatına rəhbərlik edən oğlu FTX tərəfindən idarə olunublar və olunmaqdadırlar. Duqinin yaxın dostu, Rusiyanın dominantlığı və liderliyi ilə “yaradılması” nəzərdə tutulan “slavyan-türk birliyi”nin ideoloji əsaslarını təşkil edən “yeni avrasiyaçılıq” geosiyasi nəzəriyyəsinin daşıyıcısı olan Doğu Perincək kimi xainlərin nəinki, dövlətimizin başçısına müraciət etməyə, heç ölkəmizin adını dilə gətirməyə mənəvi haqları yoxdur. Perincəyi başa düşdük. Bu adam təkcə, Azərbaycanın deyil, türk dünyasının ideoloji düşmənidir. Lakin bu ləyaqətsiz cəsusun iddialarını Türkiyə mediasına daşıyanları, Azərbaycana qarşı təbliğat maşınını körükləyənləri, xüsusilə də qardaş ölkənin hakim siyasi elitasına yaxın olan media maqnatlarını anlamaq olmur. Baş tutmayan Avropa Ravvin Konfransı müstəvisində Azərbaycana qarşı təbliğatın ön cərgəsində gedən Turkuvaz Media qrupuna daxil olan “Sabah” qəzeti və digər bu kimi resurslarda tirajlanması təəccüb doğurur. Məlum olduğu kimi sözügedən media qrupunun rəhbəri Serhat Albayrakdır. Düşünürəm ki, onun kimliyini xüsusi olaraq, açıqlamağa ehtiyac da yoxdur”.

E.Mirzəbəyli təəssüflə vurğuladı ki, vaxtilə dünyanın bütün dinlərinə və xalqlarına qucaq açan Osmanlı İmperiyasının varisi olan bir ölkədə, təkcə İsrail amili üzərindən deyil, hətta yəhudi faktoru üzərindən də ölkəmiz əleyhinə həyasızcasına bir təbliğat aparılır: “Doğu Perincək kimi şərəfini itirmiş türk düşmənlərinin Azərbaycanda heç kimə təsir göstərmək kimi bir imkanı və potensialı yoxdur. Əgər belə bir imkanı varsa və hesab edirsə ki, Türkiyə bütün tarixi tolerant ənənələrindən imtina edərək, dini ayrı-seçkiliyin beşiyinə çevrilməlidir, o zaman bunu ilk növbədə yaşadığı ölkədə qaldırmalıdır. Çünki Türkiyədə mütəmadi olaraq, Avropa, Afrika və digər regionların yəhudi təşkilatlarının, o cümlədən ravvinlərin toplantısı gerçəkləşdirilir. Onlardan bir neçəsini nümunə gətirirəm:

Hər il sentyabr ayında Türkiyədə ravvinlərin illik toplantısı keçirilir.

2015-ci ilin iyun ayında Dünya Yəhudi Konqresinin (World Jewish Congress) təşkilatçılığı ilə Avrasiya yəhudi icmalarının rəhbərlərinin və ravvinlərinin regional məsləhətləşmə konfransı keçirilib. 

2022-ci ilin aprel ayında İstanbulda Avropa Yəhudi Assosiasiyasının (European Jewish Association) regional liderlər toplantısı keçirilib. Yəni Avropa ravvinlərinin iclası təşkil olunub və bu qəbildən olan bütün iclaslarda Türkiyənin hakim siyasi dairələrinin nümayəndələri iştirak ediblər.

2020-ci ilin noyabrında İzmirdə Yəhudi İrsini və Mədəniyyətini Qoruma Konfransı (Jewish Heritage and Cultural Preservation Conference) təşkil olunub. Konfrans çərçivəsində, eyni zamanda İzmirin tarixi sinaqoqları ilə bağlı layihə çərçivəsində beynəlxalq ravvinlərin və icma rəhbərlərinin iştirakı ilə seminar da keçirlib. 

2021-ci ilin deklabrında İstanbulda müsəlman ölkələrində fəaliyyət göstərən ravvinlər alyansının (Alliance of Rabbis in Islamic States) ilk sammiti keçirilib. Türkiyə prezidenti ravvinləri qəbul edib.

Əslində qardaş ölkədə bu qəbildən olan tədbir və toplantıların keçirilməsinə müsbət yanaşılmalıdır və yanaşılır da. Amma necə olur ki, Türkiyədə Avropa və dünya ravvinlərin iştirakı ilə konfrans, sammit və seminarlar keçiriləndə Turkuvaz Media qrupuna daxil olan media resursları, din alverçiləri və dəllalları buna heç bir etiraz etmirlər, amma tarixi tolerantlıq ənənələrinə sahib olan Azərbaycanda bu qəbildən olan tədbirlərin keçirilməsinə qarşı saxta dinçi zehniyyətlə şimaldan idarə olunan ultrasolçuların “həmrəylik yürüşü” başlayır. Düşünürəm ki, bu qəbildən olan qeyri-səmimi davranışların, xüsusilə Azərbaycanın Yaxın Şərq Sülh Sammitində iştirakından və ölkəmizin sülhyaratma missiyasına verilən yüksək dəyərdən sonra, həm də Zəfərimizin 5 illiyi öncəsi baş verməsi təsadüfi deyil.  Ümid edirəm ki, bu qəbildən olan davranışların arxasında xarici maraqlar və onların Türkiyədəki ifadəçiləri dayanırlar”.

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

 

Seçilən
24
1
musavat.com

2Mənbələr