Smartfondan həddindən artıq istifadə etdiyini anlayan bir şəxs 21 gün ərzində bu vərdişdən xilas olmağa qərar verib. AzPost Sports.kz saytına istinadla xəbər verir ki, o, telefondan tam imtina etmədən, sadəcə onun istifadəsini şüurlu şəkildə idarə etməyi qarşısına məqsəd qoyub.
Birinci mərhələ – problemin miqyasını dərk etmək.
İlk addım kimi o, telefonun ekran vaxtı statistikasını araşdırıb. Məlum olub ki, o, gün ərzində 5–7 saatını əsasən sosial şəbəkələrdə keçirir. Bu məlumat insana asılılığın real dərəcəsini göstərir və hansı vaxtlarda, hansı səbəbdən telefona daha çox baxdığını anlamağa kömək edir — yuxudan əvvəl, səhər oyananda və darıxanda.
İkinci mərhələ – lazımsız məzmundan uzaqlaşmaq.
O, bildirişləri və yayındırıcı tətbiqləri məhdudlaşdırmaq üçün fokus rejimini aktivləşdirib, lazımsız teleqram kanallarını və YouTube-da “tövsiyə edilən” mənasız videoları silib. Telefonu isə tez-tez əl altında yox, çanta və ya başqa otaqda saxlayıb.
Üçüncü mərhələ – “qırmızı ekran” təcrübəsi.
Metodun əsas hissəsi ekranın rəngini qırmızı filtrlə dəyişmək olub. Qırmızı tonlar kontentin cazibəsini azaldır və mavi işığın beyin üzərindəki təsirini zəiflədir.
Birinci həftə: güclü narahatlıq və diskomfort yaranıb, sosial şəbəkələrə daxil olmaq istəyi azalıb.
İkinci həftə: “skroll” etmək arzusu demək olar ki, yoxa çıxıb, diqqət real həyata yönəlib.
Üçüncü həftə: telefona tez-tez baxmaq vərdişi tam itib, parlaq ekran artıq əsəbi və narahat təsir bağışlayıb.
Nəticə:
21 günün sonunda o, telefonu yalnız vacib işlər üçün istifadə etməyə başlayıb, gündə bir neçə saatını azad edib və daxili gərginliyi azaldıb. Sosial şəbəkələrdə məqsədsiz vaxt keçirmək artıq mənasız görünməyə başlayıb.
Mütəxəssislərin fikrincə, bu təcrübə göstərir ki, telefon asılılığından qurtulmaq mümkündür – bunun üçün tam imtina deyil, beyni tədricən yenidən öyrətmək və şüurlu istifadə vərdişi formalaşdırmaq kifayətdir.