AZ

ABŞ Ukraynada sülh prosesinin təşkili üçün beynəlxalq dəstək istəyir

ABŞ Ukraynada davam edən münaqişənin sülh yolu ilə həlli istiqamətində beynəlxalq ictimaiyyətin fəal dəstəyinə ehtiyac duyduğunu bildirib.

Editor.az xəbər verir ki, bu barədə ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Mayk Vals Breitbart nəşrinə müsahibəsində danışıb.

“Biz hələ Ukrayna ilə bağlı qətnamənin son mərhələsinə çatmamışıq. Bu məsələdə dünyanın qalan hissəsinin də dəstəyinə ehtiyacımız var”, – diplomat vurğulayıb.

Valsın sözlərinə görə, Rusiya və Ukraynanı “ən azı danışıqlar masasına oturmağa” vadar edə biləcək yeganə şəxs ABŞ prezidenti Donald Trampdır.

Qeyd edək ki, bu açıqlamaların fonunda Finlandiya prezidenti Aleksandr Stubb noyabrın sonunda Rusiya və ABŞ liderləri – Vladimir Putin və Donald Tramp arasında sammitin keçirilməsini təklif edib.

Bununla yanaşı, Türkiyənin xarici işlər naziri Hakan Fidan da İstanbulda Ukrayna ilə bağlı danışıqlara ev sahibliyi etməyə hazır olduğunu bəyan edib. Lakin onun sözlərinə görə, Ankara bu istiqamətdə hələlik qarşı tərəfdən heç bir siqnal almayıb.

// Gülnarə Abasova, Editor.az

Seçilən
43
editor.az

1Mənbələr