“Televiziyalarda kino ilə bağlı verilişlərə çox az dəvət alıram. Görünür ki, mən bir az açıq danışan, tənqid edən adamam deyə xoşları gəlmir dəvət etsinlər. Sözün düzü dəvət etsələr belə getməyə vaxtım yoxdur. Hazırda 4 cildlik kinomuzun ensikpolediyasını yazıram. Bu dəqiqə hamı ağıllıdır, dahidir. Onların kinoşünas məsləhətinə, tövsiyəsinə ehtiyacı yoxdur. Bu dəqiqə əksəriyyəti gənclərdir. Onlar da məni tanımırlar. İndi o zəmanə gəlib çatıb ki, böyük-kiçik yoxdur. Bir dəfə televiziya vasitəsilə bir gənc rejissor çıxış edib dedi ki, “indiyə qədər nə çəkilibsə hamısı jurnaldır, kinonu biz yaradacağıq”. Öz-özümə dedim ki, hə, Həsən Seyidbəyli, Hüseyn Seyidzadə kimi sənətkarın ruhu bu dəqiqə qəbirdə inciyir. Mən onlardan heç nə gözləmirəm”.
Bunu Moderator.az-a açıqlamasında kinoşünas, Əməkdar incəsənət xadimi Aydın Kazımzadə deyib.

O daha sonra gənclərin çəkdiyi filmlərdəki primitiv mövzulardan və səhnələrdən gileylənib:
“Bir müddət əvvəl “Ayıq sürücü” adlı bir film çəkmişdilər. Ayıq sürücü müştəridən soruşur ki, hara gedəcəyik? O da deyir ki, Buzovnaya. Deyir xeyir ola, nə var orada? O da deyir ki, “burada bir xala var, deyir gəl, darıxmışam sənin üçün”. Hətta maşını saxladığı yerdə ünvanı da açıq-aşkar göstərir. Mən o filmi də, onu çəkən rejissoru da, ssenaristi də yaş yuyub, quru sərdim. Hamısını bir-birinə qatdım. O filmdən sonra kim Buzovnaya gedirdisə, hamısı bu səhnəni yadına salırdı. Belə film olar? Gənclərin çəkdiyi film bundan artıq olmayacaqdı ki. Onlarda qabiliyyət, qanacaq yoxdur axı”.