AZ

“Baku Archifest 2025” – Bakıda memarlıq və şəhərsalma sahəsində möhtəşəm festival keçiriləcək

Memarlıq, şəhərsalma və innovativ dizayn istiqamətində regionun ən nüfuzlu tədbirlərindən biri olan “Baku Archifest 2025” bu il Bakıda ikinci dəfə keçiriləcək.

Doğru.az xəbər verir ki, festival memarlıq şirkətləri “Design Bureau” və “Aslı Partners” tərəfindən ADA Universitetinin Dizayn və memarlıq fakültəsinin akademik tərəfdaşlığı ilə təşkil olunur. Tədbir, 2026-cı ildə Bakıda baş tutacaq 13-cü Ümumdünya Şəhər Forumu (WUF13) ərəfəsində Azərbaycanın Şəhərsalma Maarifləndirmə Kampaniyasının ilk strateji mərhələlərindən biri kimi qiymətləndirilir.

Bu il festival “Navigating Urbanity” (“Şəhərliliyin Axtarışında”) mövzusuna həsr olunacaq. Azərbaycan, İtaliya, Türkiyə, Gürcüstan, İran və digər ölkələrdən tanınmış memarlar, şəhərsalma mütəxəssisləri, professorlar və gənc dizaynerlər tədbirdə iştirak edəcəklər. Archifest təkcə peşəkar fikir mübadiləsi platforması deyil, həm də müxtəlif memarlıq məktəbləri və mədəni perspektivləri bir araya gətirən müzakirə mühiti formalaşdırmağı hədəfləyir.

5–7 noyabr tarixlərində keçiriləcək və 3000-dən çox iştirakçının qatılması gözlənilən festival çərçivəsində panel müzakirələri, tematik mühazirələr, ustad dərsləri və gənc memarların təqdimat sessiyaları təşkil olunacaq.

Builki Archifest ADA Universitetinin nəzdində yaradılan yeni İtaliya–Azərbaycan Universitetinin Dizayn və memarlıq fakültəsinin tədris korpusunda keçiriləcək. Bu kampus memarlıq təhsilində və beynəlxalq əməkdaşlıqda yeni mərhələni simvolizə edir.

Festivalda dünyanın müxtəlif ölkələrindən gəlmiş ekspertlər memarlığın gələcəyi, insan yönümlü şəhər mühiti, davamlı inkişaf, mədəni irs və yeni urbanistlik trendləri barədə çıxışlar edəcəklər.

“Baku Archifest 2025”in baş tərəfdaşları “PMD Group” və “PASHA Real Estate” şirkətləridir. Festivalın akademik tərəfdaşı ADA Universitetinin Dizayn və memarlıq fakültəsi, media tərəfdaşları isə ASAN Radio və ASAN TV-dir.

DOĞRU.AZ

Seçilən
4
3
dogru.az

4Mənbələr