“Bunlar Qəyyumluq və Himayəçilik orqanı, eləcə də Yetkinlik yaşına çatmayanların işləri və onların hüquqlarının müdafiəsi üzrə komissiya idi. Bu təkrarlanmaya son qoyulub. Dövlət Komitəsinin təklifləri əsasında edilən dəyişikliklər nəticəsində hər iki komissiyanın istiqamətləri birləşdirilərək Uşaqların hüquqlarının qorunması üzrə Komissiya yaradılıb. Bu addım həm struktur, həm də məzmun baxımından doğru və məqsədəuyğun hesab olunur”. B. Muradova vurğulayıb ki, eyni zamanda Nazirlər Kabineti yanında Dövlət Komitəsi bazasında Uşaqların hüquqlarının qorunması üzrə Komissiyanın Katibliyi yaradılıb:
“Artıq bu ilin əvvəlindən etibarən Katiblik Dövlət Komitəsinin əməkdaşları hesabına fəaliyyət göstərir”. Komitə sədri əlavə edib ki, qısa müddət ərzində bu komissiyanın işi və qanunla müəyyən edilmiş vəzifələrin icrası istiqamətində bir çox yeni dəyişikliklər həyata keçirilib:
“Bu dəyişikliklər uşaqların hüquqlarının qorunması sahəsində komissiyaların fəaliyyətini daha da gücləndirəcək. Çünki Dövlət Komitəsi xüsusilə regionlarda fəaliyyət göstərən komissiyaların işini əlaqələndirir, onların təlimlərini, maarifləndirmə işlərini təşkil edir və gündəlik texniki dəstək göstərir,” – deyə Komitə sədri əlavə edib.
Faiqə Məmmədova