AZ

Vətən müharibəsinin xronikası

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhə boyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. Vətən müharibəsi 30 illik işğala son qoyan şanlı Qələbə ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan möhtəşəm Zəfər Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı.

2 noyabr

• Prezident İlham Əliyev “Twitter” hesabında Müzəffər Azərbaycan Ordusunun Cəbrayıl rayonunun Çaprand, Hacı İsaqlı, Qoşabulaq, Zəngilan rayonunun Dərə Gilətağ, Böyük Gilətağ, Qubadlı rayonunun İşıqlı, Muradxanlı, Milanlı kəndlərinin işğaldan azad edilməsi barədə məlumat verib.

• Döyüş əməliyyatları əsasən cəbhənin Ağdam, Xocavənd və Qubadlı istiqamətlərində davam edib. Düşmənin xeyli sayda canlı qüvvəsi, 10 müxtəlif tipli topu, sursatla dolu 3 yük maşını və digər avtomobil texnikaları sıradan çıxarılıb.

• Müdafiə Nazirliyinin məlumatına görə, cəbhənin müxtəlif istiqamətlərində düşmən şəxsi heyət və hərbi texnika baxımından itkilərə məruz qalıb. Səngərlərdə və yeraltı sığınacaqlarda gizlənən işğalçı ordunun canlı qüvvəsi Hərbi Hava Qüvvələrimizin zərbələri ilə məhv edilib. Ermənistanın hərbi qruplaşmalarında silah-sursat, ərzaq və hərbi texnika üçün ehtiyat hissələri çatışmazlığı müşahidə olunub.

• Ermənistan-Azərbaycan dövlət sərhədinin Zəngilan rayonu sahəsində düşmən hücuma cəhd göstərib. Döyüş nəticəsində canlı qüvvə sarıdan itki verən işğalçı ordu Ermənistan ərazisinə çəkilməyə məcbur edilib. Düşmənin Su-25 döyüş təyyarəsi vurulub.

• Ermənistan silahlı qüvvələrinin 4 BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, bir “KUB” zenit-raket kompleksi, daimi dislokasiya məntəqəsi, səngər və atəş mövqelərindəki canlı qüvvəsi məhv edilib.

3 noyabr

• Döyüş əməliyyatları əsasən cəbhənin Ağdərə, Xocavənd, Zəngilan və Qubadlı istiqamətlərində davam edib. Düşmənin xeyli sayda canlı qüvvəsi, 4 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 1 ədəd KUB zenit-raket kompleksi, 9 ədəd müxtəlif tipli topu və iki ədəd sursatla dolu yük maşını sıradan çıxarılıb.

• Prezident İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

• Cəbhədə uçuş keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus taktiki pilotsuz uçuş aparatı hava hücumundan müdafiə bölmələrimiz tərəfindən məhv edilib.

• Azərbaycan Respublikasının Zəngilan rayonu istiqamətində Ermənistan ilə dövlət sərhədində düşmənin kəşfiyyat-diversiya qrupu zərərsizləşdirilib.

• Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin Xankəndi yaxınlığında yerləşən 2 sursat anbarının məhv edilməsinin videogörüntüsünü yayıb.

• Cəbhənin Xocavənd istiqamətində gedən döyüşlərə cəlb edilən Ermənistan silahlı qüvvələrinin 2-ci motoatıcı alayının xeyli sayda şəxsi heyəti və döyüş texnikası məhv edilib.

• Cəbhənin Ağdərə, Ağdam və Xocavənd istiqamətində hücuma keçməyə cəhd göstərən düşmən ağır itkilərə məruz qalaraq geri çəkilməyə məcbur edilib.

• Düşmənin snayper qrupu və əlahiddə zirehli tank taborunun komandiri məhv edilib.

• Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən atəşə tutması nəticəsində sentyabrın 27-dən noyabrın 3-dək 91 mülki şəxs həlak olub, 405 nəfər xəsarət alıb, 2488 ev, 97 yaşayış binası və 461 mülki obyekt yararsız vəziyyətə düşüb. Bu barədə Baş Prokurorluq məlumat yayıb.

4 noyabr

• Prezident İlham Əliyev özünün “Twitter” hesabında Azərbaycan ordusunun Cəbrayıl rayonunun Mirək, Kavdar, Zəngilan rayonunun Məşədiismayıllı, Şəfibəyli, Qubadlı rayonunun Başarat, Qarakişilər, Qaracallı kəndlərini işğaldan azad etdiyini bildirib.

• Prezident İlham Əliyev İtaliyanın “La Repubblica” qəzetinə müsahibə verib.

• Döyüş əməliyyatları müxtəlif intensivliklə əsasən cəbhənin Tərtər, Ağdam, Xocavənd, Zəngilan və Qubadlı istiqamətlərində davam edib. Sutka ərzində düşmənin xeyli sayda canlı qüvvəsi, 2 ədəd T-72 tankı, 3 ədəd D-30 topu, “Zastava M-55” zenit qurğusu, 1 ədəd taktiki PUA-sı, 3 ədəd hərbi yük maşını sıradan çıxarılıb.

• Ermənistan silahlı qüvvələrinin bir ədəd “M-55” zenit qurğusu dəqiq atəşlə vurulub.

• Ermənistan ərazisindən Zəngilan istiqamətindəki bölmələrimizə qarşı düşmənin diversiya cəhdinin qarşısı alınıb.

• İşğalçı ordunun 5-ci dağatıcı alayının xeyli sayda şəxsi heyəti və döyüş texnikası məhv edilib.

• Ermənistanın təxribatları nəticəsində sentyabrın 27-dən noyabrın 4-dək 91 mülki şəxs həlak olub, 405 nəfər xəsarət alıb, 2734 ev, 98 çoxmənzilli yaşayış binası və 500 mülki obyekt yararsız vəziyyətə düşüb. Bu barədə Baş Prokurorluq məlumat yayıb.

Mustafa KAMAL
XQ

Seçilən
14
2
xalqqazeti.az

3Mənbələr