AZ

“Qarabağ” qarabaqara “izlənir”

Həlledici oyuna bir gün qaldı - 4 xal da kifayətdir

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi Enzo Mareska UEFA Çempionlar Liqasının əsas mərhələsində üz-üzə gələcəkləri “Qarabağ”ın oyunlarını izləyəcək. Mütəxəssis sıx qrafiklə oynadıqlarını xatırladıb.

O, növbəti matçlara köklənməli olduqlarını söyləyib: “Qələbə qazandığımız vaxtda belə irəli baxmaq lazımdır. Liqa Kubokunda "Vulverhempton"la (4:3) qarşılaşmadan sonra təyyarədə və avtobusda “Tottenhem”in oyunlarını izləməyə başladıq. İndi isə “Qarabağ”ı izləyəcəyik. Dayanmaq olmaz. Növbəti matça köklənməli və hər dəfə yeni bir şey öyrənməlisən".

Qeyd edək ki, “Çelsi” sabah - noyabrın 5-də UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunda “Qarabağ”ın qonağı olacaq. Oyun ərəfəsi son matçda “Çelsi” səfərdə “Tottenhem”ə 1:0 hesabı ilə qalib gəlib.

“Qarabağ”-"Çelsi" görüşü Tofiq Bəhramov adına Respublika Stadionunda saat 21:45-də başlayacaq.

Bəs oyunların izlənməsi rəqibə nə verəcək? Sabahkı oyunla bağlı proqnoz, gözlənti nədir? “Qarabağın ilk 8-liyə düşmə şansı və.s suallarla bağlı idman ekspertlərinə müraciət etdik.

Futbolun

Natiq Muxtarlı

Tanınmış idman yazarı Natiq Muxtarlı burada qeyri-adi heç nə görmür. O, “Yeni Müsavat”a açıqlamasında Qurban Qurbanovun da “Çelsi” qarşısında planlarının olduğunu qeyd etdi: “Heç şübhəsiz ki, cari mövsümdə Çempionlar Liqasının əsas tapıntısı, sürpriz komandası "Qarabağ"dır. Ona görə də “Qarabağ”a indi bütün komandalar ciddi yanaşır, o cümlədən “Çelsi”. London nəhənginin baş məşqçisinin “Qarabağ”ı incələməsində qeyri-adi heç nə yoxdur. İstənilən məşqçi rəqibi təhlil etməlidir və oyun planı qurmalıdır. Sözsüz ki, artıq “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov da “Çelsi”ni təhlil edib və yəqin ki, komandasının necə oynayacağı ilə bağlı planı var.

Amma etiraf etməliyik ki, görüşün əsas favoriti “Çelsi”dir. Heyətində saysız-hesabsız istedadlar var, bu komandanın. Hətta heyəti o qədər genişdir ki, ekspertlər deyirlər ki, Premyer Liqaya rahatlıqla iki komanda buraxa bilərlər.

“Qarabağ”ı təzyiq altında saxlamağa haqqımız yoxdur. Ancaq o dəqiqdir ki, Qurban Qurbanov komandası vuruşacaq, “Çelsi”yə Bakıdan 3 xalı aparmaq asan başa gəlməyəcək. Hər şey meydandakı bir çox detallardan asılı olacaq. “Çelsi” kimi komandaların əsas üstünlüyü budur: Ələ düşən imkanlardan maksimum yararlanırlar. Futbolçuların ustalıq səviyyəsi çox yüksək olduğu üçün onlar səhvləri, demək olar ki, bağışlamırlar.

Deməli, səhv minimum olmalıdır. “Qarabağ”ın qol vurmaq üçün şansı olacaq? Mütləq olacaq. Amma onlardan maksimum yararlanmaq şərtdir.

Düzünü desək, “Çelsi” ilə oyunda “Qarabağ”dan qələbə gözləmirəm, amma mübarizə, parlaq oyun gözləyirəm.

Çünki reallığı qəbul etməliyik, Azərbaycan çempionatının iştirakçısı Premyer Liqa nəhənginə qalib gələcək potensiala malik deyil. Bu, yalnız “Qarabağ”ın möcüzəvi, tam səhvsiz oyunu nəticəsində gerçəkləşə bilər. Amma unutmayaq, “Çelsi” kimi komandaların səviyyəsi o qədər yüksəkdir ki, onlar rəqibi mütləq səhvə vadar edirlər. O rəqibin səviyyəsindən asılı olmayaraq. Və o reallıqla da barışmalıyıq ki, “Qarabağ”ın ilk səkkizliyə düşmək şansı yoxdur. Bu, aksiomadır, sübuta ehtiyac duymur. Özümüzü aldatmayaq. Şans gətirsə, hələ ki ilk 24 komanda arasında yer almaq perspektivi var.

Arzu, istək öz yerində, ancaq aşırı utopik olmağa da ehtiyac yoxdur. Sadəcə, Çempionlar Liqasında iştirakdan həzz almaq lazımdır. Bəlkə də hansısa Azərbaycan komandası bir də 10 ildən sonra ÇL-in əsas mərhələsində olacaq. Hətta bir daha olmaya da bilərik, futbolumuzun reallığını nəzərə alsaq.

Ona görə də mümkünsüz xəyallar qurmaqla nə özümüzü, nə də “Qarabağ”ı təzyiq altında saxlamayaq. İndi futboldan - Çempionlar Liqasındakı həyəcandan zövq almaq lazımdır, vəssalam".

Qarabağ

Kənan Məstəliyev

Futbol mütəxəssisi Kənan Məstəliyev 24-lüyə düşmək şanslarımızı kifayət qədər çox görür: ""Çelsi" dünya futbolunun nəhəngidir, onun tarixinə adını yazdırmış bir klubdur. Bütün mümkün avrokubokları, daxili yarışları, üstəlik, klublarası dünya çempionatını qazanan ilk və tək klubdur. Əfsanədirlər. Oyunun nəticəsindən asılı olmayaraq, belə komandanın Bakıya gəlişi xüsusi bir hadisədir. Onlarla qarşılaşmanın hər anından zövq almaq lazımdır. Təbii ki, çox çətin rəqibdir. 1 milyard avrodan çox qiyməti olan heyətləri var, bütün mövqelərdə bizdən üstündürlər. Yeganə şansımız mübarizə aparmaq, var gücümüzü qoymaq və səhvə yol vermələrini gözləməkdir. Mütləq şansımız olacaq. Məhz həmin zaman maksimum yararlanmaq, sonrasında yaxşı müdafiə olunmaq gərəkdir. Bizi yaxşı analiz edəcək, zəif nöqtələrimizi görəcəklər, yaxşı hazırlaşacaqlar. Ona görə də çox diqqətli olmalıyıq. Xal qazanmaq şansımız minimaldır. Ancaq bu futboldur, burada möcüzələr də olur. İlk 8-lik məsələsinə gəlincə, buna inanmıram, amma 24-lüyə düşə bilərik. Evdəki “Ayaks” və “Ayntraxt” matçlarından 4 xal toplasaq, düşünürəm ki, pley-offa vəsiqə qazanmaq olar. Buna potensialımız çatır. Komandamızın sistemli oyunu ilə istəyimizə nail ola bilərik".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Seçilən
8
musavat.com

1Mənbələr