BAKI,TurkicWorld
2026-cı ildə əmlak vergisi üzrə büdcəyə daxilolmalar 376 000 000 manat məbləğində nəzərdə tutulur.
TurkicWorld-in məlumatına görə, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb.
Sənədə əsasən, bu da cari ilin proqnozu ilə müqayisədə 16 600 000 manat və ya 4,2 % az, 2024-cü ilin icrası ilə müqayisədə 37 500 000 manat və ya 11,1 % çoxdur.
Həmin məbləğin 26,6 %-i və ya 100 000 000 manatı neft-qaz sektorunun, 73,4 %-i və ya 276 000 000 manatı qeyri neft-qaz sektorunun payına düşür.
2025-ci ilin proqnozu ilə müqayisədə əmlak vergisi qeyri neft-qaz sektoru üzrə 3 000 000 manat və ya 1,1 % çox, neft-qaz sektoru üzrə 19 600 000 manat və ya 16,4 % az, 2024-cü ilin icrası ilə müqayisədə qeyri neft-qaz sektoru üzrə 55 700 000 manat və ya 25,3 % çox, neft-qaz sektoru üzrə isə 18 200 000 manat və ya 15,4 % az nəzərdə tutulur.
Qeyri neft-qaz sektoru üzrə əmlak vergisinin 2025-ci il ilə müqayisədə çox proqnozlaşdırılmasının səbəbi vergi tutulma obyekti olan əmlakın qalıq dəyərinin artması, eyni zamanda əsas kapitala yönəldilən investisiyanın nominal artım tempinin 2025-ci il üzrə 1,2 %, 2026-cı il üzrə isə 3,3 % proqnozlaşdırılması ilə əlaqədardır.