AZ

Ömər Kocaman: TDT regional təhlükəsizlik və strateji əməkdaşlıq baxımından mühüm platformaya çevrilir

Bakı, 4 noyabr, AZƏRTAC

Türk Dövlətləri Təşkilatı (TDT) üzv dövlətlər arasında siyasi və təhlükəsizlik əməkdaşlığını daha yüksək səviyyəyə qaldırmaq istiqamətində ardıcıl addımlar atır.

AZƏRTAC xəbər verir ki, bunu Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının 18-ci iclasında çıxış edən TDT Baş katibinin müavini Ömər Kocaman deyib: "Dövlət başçılarının təşəbbüsü ilə keçirilən son Zirvələrdə, xüsusilə Qəbələ Zirvəsində regional sülh və təhlükəsizlik məsələləri əsas müzakirə mövzusu olub."

O vurğulayıb ki, Zirvənin yekun bəyannaməsində qəbul edilən qərarlar, liderlərin çıxışlarında səsləndirdikləri fikirlər təşkilatın bölgədə sabitliyin və siyasi dialoqun təşviqində getdikcə daha təsirli bir platformaya çevrildiyini göstərir.

“TDT artıq iqtisadiyyat, təhsil və mədəniyyət sahələrində deyil, həm də siyasi, strateji və təhlükəsizlik istiqamətlərində fəal fəaliyyət göstərən mühüm regional quruma çevrilir. Qəbələ Bəyannaməsində də vurğulandığı kimi, Türk dövlətləri qlobal dalğalanmalar şəraitində həmrəy şəkildə hərəkət edərək yeni beynəlxalq təhlükəsizlik mühitinə kollektiv duruşla uyğunlaşmaq iradəsini nümayiş etdiriblər”, – deyə Ömər Kocaman bildirib.

TDT rəsmisi əlavə edib ki, liderlər çoxşaxəli strateji əməkdaşlığın dərinləşdirilməsi və regional sülhün qorunması istiqamətində ortaq məsuliyyətlər götürüblər. Bu çərçivədə Türk dövlətlərinin “Dostluq və Qardaşlıq Müqaviləsi” üzərində işləri sürətləndirmək barədə razılığa gəlmələri xüsusi əhəmiyyət kəsb edir.

Zirvədə həmçinin sülh və təhlükəsizliyi təhdid edən humanitar böhranlar da daxil olmaqla yeni çağırışlar fonunda əməkdaşlığın gücləndirilməsinin vacibliyi vurğulanıb.

Ömər Kocaman bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı xüsusilə diqqət çəkib: “Prezident İlham Əliyev beynəlxalq hüququn əsas prinsiplərinin ciddi şəkildə pozulduğu bir dövrdə Türk dövlətlərinin vahid güc mərkəzi kimi birləşməsinin və hərbi-siyasi əməkdaşlığın möhkəmləndirilməsinin zəruriliyini vurğulayıb. Onun bu çağırışı Azərbaycanın sədrliyi dövründə Təşkilatın fəaliyyətinə strateji istiqamət verəcək.”

Qəbələ Zirvəsi üzv dövlətlərin müdafiə sənayesi, terrorizmə və radikalizmlə mübarizə, habelə sərhədyanı, kibertəhlükəsizlik və digər risklər sahəsində birgə fəaliyyətini gücləndirmək niyyətini bir daha təsdiqləyib:

“Zirvədə qəbul edilən qərarlara əsasən, TDT-nin təhlükəsizlik ekosistemi formalaşdırılacaq, regional sabitliyin qorunmasına yönəlmiş ortaq mexanizmlər inkişaf etdiriləcək.”

O, həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin 2026-cı ildə terrorla mübarizə və koordinasiyalı təhlükəsizlik fəaliyyətlərinə həsr olunmuş ortaq hərbi təlimlərin keçirilməsi barədə təklifinin üzv dövlətlər tərəfindən böyük rəğbətlə qarşılandığını vurğulayıb.

Sonda Ömər Kocaman qeyd edib ki, Türk Dövlətləri Təşkilatının qarşıdakı mərhələdə əsas məqsədi regionda sülh, sabitlik və təhlükəsizliyin təmininə yönəlmiş ortaq strateji fəaliyyətin dərinləşdirilməsi olacaq.

Seçilən
25
1
azertag.az

2Mənbələr