AZ

Aytən Kərimova: “Məqsədimiz daha inklüziv iş mühiti yaratmaq, çevik və öyrənən komanda formalaşdırmaqdır”

Dövlət Vergi Xidməti insan kapitalını strateji prioritet kimi müəyyən edib və gənclər, qadınlar və istedadlı kadrların inkişafına yönəlmiş təşəbbüslərlə inklüziv, innovativ və öyrənən komanda formalaşdırır. Yay Təcrübə Proqramı, liderlik proqramları və sistemli təlimlər əməkdaşların peşəkarlığını artırmaqla yanaşı, performans mədəniyyətinin güclənməsinə də töhfə verir.

Bu barədə Dövlət Vergi Xidmətinin rəisinin müşaviri, İnsan resursları baş idarəsinin rəisi Aytən Kərimova ilə müsahibə verib.

Finss.az müsahibəni təqdim edir.

- Dövlət Vergi Xidmətinin insan resursları siyasətinin əsas istiqamətləri nələrdir və bu, hansı nəticələrə yönəlib?

- Dövlət Vergi Xidməti üçün insan kapitalı strateji inkişafın mərkəzində dayanır. Xidmətin 2025–2028-ci illəri əhatə edən inkişaf strategiyasında müəyyən edilmiş dörd əsas istiqamətdən biri məhz “güclü insan kapitalı”dır. Bu seçim təsadüfi deyil. Çünki vergi idarəçiliyində qarşımıza qoyduğumuz hədəflərə çatmaq, şəffaf və innovasiyalara söykənən idarəetmənin qurulması yalnız yüksək motivasiyalı, bilikli və dəyərlərə sadiq əməkdaşlar vasitəsilə mümkündür. Hazırda əsas diqqətimizi istedadlı kadrların cəlb olunmasına, əməkdaşların davamlı inkişafına, gender bərabərliyinin təşviqinə və müasir idarəetmə yanaşmalarının tətbiqinə yönəltmişik. Məqsədimiz daha inklüziv iş mühiti yaratmaq, çevik və öyrənən komanda formalaşdırmaqdır.

- Dövlət Vergi Xidmətində gənclər üçün xüsusi imkanlar yaradılıb. Yay Təcrübə Proqramı çərçivəsində gənclər aktiv fəaliyyətə cəlb olunurlar. Bu proqrama qoşulmaq hansı perspektivlər vəd edir?

- Yay Təcrübə Proqramı bizim üçün sadəcə bir layihə deyil — bu, gələcək kadr potensialına qoyulan strateji investisiyadır. Artıq dördüncü ildir ki, proqramı uğurla həyata keçiririk və bu müddət ərzində 250-yə yaxın tələbə təcrübə keçib. Proqram gənclərə nəzəri biliklərini iş mühitində tətbiq etmək, dövlət idarəçiliyi və vergi sistemi ilə yaxından tanış olmaq imkanı yaradır. Onlar komandada işləməyi, təşəbbüskarlıq göstərməyi, innovativ düşünməyi öyrənirlər. Proqramı keçən tələbələr arasından 40-a yaxın iştirakçı bu gün vergi xidmətində fəaliyyət göstərir.

Bu proqram, eyni zamanda, gənclərin Dövlət Vergi Xidməti ilə əlaqəsini gücləndirən bir körpü rolunu oynayır. Burada iştirak edən tələbələr dövlət sektorunun şəffaf və müasir idarəetmə mexanizmlərini yaxından görürlər. Ən önəmlisi isə budur ki, biz həmin gəncləri yalnız təcrübəçi kimi deyil, gələcəyin peşəkar mütəxəssisləri kimi formalaşdırırıq. Keçmiş illərin təcrübəsi göstərir ki, bu proqram gənclərin karyera planlamasında dönüş nöqtəsidir və onların bir qismi artıq DVX-nin uğur hekayələrinin parçasına çevrilib.

- Gender bərabərliyinin təmin edilməsi Dövlət Vergi Xidmətinin insan resursları sahəsində apardığı işlərin prioritetlərindəndir. Bu sahədə hansı layihələr və yeniliklər həyata keçirilir?

- Biz gender bərabərliyini yalnız statistik göstərici kimi yox, təşkilati mədəniyyətin vacib elementi kimi görürük. Vergi sistemində qadın əməkdaşların payını artırmaq və onların inkişaf imkanlarını genişləndirmək üçün bir sıra təşəbbüslər həyata keçiririk. Xanım əməkdaşlar üçün liderlik və inkişaf proqramları təşkil olunur. Bununla yanaşı, qadın əməkdaşların iş və şəxsi həyat balansının qorunmasına xüsusi önəm verilir və bu istiqamətdə onlara bir sıra əlavə imtiyazlar təqdim edilir. Qadın namizədlərin cəlb edilməsi məqsədilə universitetlərlə əməkdaşlıq edir, tələbələr arasında sorğular keçiririk ki, onları dövlət qulluğuna nə cəlb edə bilər. Bundan əlavə, qadın əməkdaşlarımızın peşəkar fəaliyyətini əks etdirən və onların işinə ictimai diqqəti artıran layihələr həyata keçiririk. Məqsədimiz ondan ibarətdir ki, bütün bu tədbirlər qadınların vergi sistemində daha fəal iştirakını təmin etsin və gender bərabərliyinin təşviqinə töhfə versin.

Bu istiqamətdə biz həm də beynəlxalq yanaşmalardan faydalanırıq. Dünya təcrübəsinə nəzər yetirsək, əksər vergi xidmətlərində qadınların xüsusi çəkisinin əhəmiyyətli şəkildə yüksək olduğunu görə bilərik. Avropa ölkələrində bu göstərici hətta 70-80 faiz civarında dəyişir. Bu istiqamətdə OECD və BMT-nin dövlət sektorunda gender balansı üzrə tövsiyələrini də araşdırmışıq və DVX-nin insan resursları siyasətinə inteqrasiya etmişik. Məqsədimiz qadınların yalnız iştirakçı deyil, idarəetmə qərarlarının fəal formalaşdırıcıları olmasını təmin etməkdir. Bu, həm bərabərlik prinsipinə, həm də idarəetmədə innovasiyaların təşviqinə xidmət edir. Biz inanırıq ki, müxtəlifliyin olduğu komandalar daha yaradıcı, daha çevik və daha davamlı nəticələr əldə edir.

- Dövlət Vergi Xidmətində tətbiq olunan təlim və inkişaf proqramları əməkdaşların peşəkar bacarıqlarının gücləndirilməsinə hansı imkanlar yaradıb? Bu istiqamətdə əldə olunan əsas nəticələr hansılardır?

- DVX-də insan resurslarının inkişafı sistemli şəkildə qurulub. Təlim proqramları ilkin hazırlıq, ixtisasartırma və əməkdaşların cari ehtiyaclarına uyğun qısamüddətli təlimlərdən ibarətdir. Yeni əməkdaşlar üçün adaptasiya və mentorluq proqramları təşkil olunur ki, bu da onların iş mühitinə tez uyğunlaşmasına və səmərəli fəaliyyətinə şərait yaradır.

Biz təlim prosesini yalnız bilik ötürülməsi kimi deyil, həm də öyrənmə mədəniyyəti kimi qurmuşuq. Onlayn platformalar, daxili təlimçilər, praktiki məşğələlər həmin sistemin əsas hissəsidir. Bu yanaşma əməkdaşların biliklərini daim yeniləməsi, analitik düşüncə və çeviklik bacarıqlarını möhkəmləndirməsi baxımından mühüm rol oynayıb. Məqsədimiz sadəcə peşəkar əməkdaşlar yetişdirmək deyil, daimi öyrənən təşkilat formalaşdırmaqdır.

- Dövlət Vergi Xidmətində fəaliyyətin qiymətləndirilməsi sistemi tətbiq olunan yeni yanaşmalardan biridir. Bu sistem əməkdaşların inkişafına necə təsir göstərir?

- Əməkdaşların fəaliyyətinin əsas fəaliyyət göstəriciləri (ƏFG) əsasında qiymətləndirilməsi dövlət sektorunda yeni dövrün tələblərinə cavab verən bir yanaşmadır. Bu sistem bizə hər bir əməkdaşın nəticələrini obyektiv qiymətləndirməyə və inkişaf ehtiyaclarını müəyyən etməyə imkan yaradır. ƏFG modeli həm də motivasiyaedici mühit formalaşdırır: əməkdaş öz nəticəsini görür, zəif tərəflərini bilir və onun üzərində işləmək üçün təşkilat tərəfindən dəstək alır.

DVX-də fəaliyyətin qiymətləndirilməsində, klassik modellərlə yanaşı, 360 dərəcə qiymətləndirmə sistemi də tətbiq olunur. Bu model vasitəsilə biz rəhbər heyətin yumşaq bacarıqlarını və idarəçilik səriştələrini daha obyektiv şəkildə ölçür, inkişaf ehtiyaclarını müəyyənləşdiririk. Əldə olunan nəticələr əsasında liderlik təlim inkişaf proqramları həyata keçirilir ki, bu da gələcək rəhbər kadrların formalaşmasına və təşkilatdaxili liderlik mədəniyyətinin güclənməsinə xidmət edir.

Bundan əlavə, DVX-də istedadların idarəedilməsi yanaşması tətbiq olunur ki, bu da yüksək potensiala malik əməkdaşların müəyyənləşdirilməsi, inkişafı və təşkilatda saxlanılmasına yönəlib. Bu sistem rəhbər vəzifələr üzrə ehtiyatın formalaşdırılmasına, karyera inkişafının dəstəklənməsinə və ümumilikdə performans mədəniyyətinin gücləndirilməsinə töhfə verir.

- Hazırda Dövlət Vergi Xidməti tərəfindən işə qəbul elan olunub. Bu mərhələdə namizədlərə hansı tövsiyələri verərdiniz?

- Biz artıq işə qəbul üçün elan vermişik. Oktyabr ayının 30-dan sənəd qəbulu başlanıb və bu, DVX komandasına qoşulmaq üçün əla bir fürsətdir. Biz hər zaman motivasiya, məsuliyyət və inkişaf istəyi olan gəncləri axtarırıq.

Hər bir namizəd bilməlidir ki, DVX-də işə qəbul prosesi tam şəffaf və obyektiv prinsiplərlə aparılır. İşə qəbulda ixtisas məhdudiyyəti qoyulmayıb. DİM tərəfindən təşkil edilən imtahanlarda uğur qazanmış namizədlər ikinci – müsahibə mərhələsinə keçəcəklər. Biz gənclərin potensialına inanırıq və onlara öz karyeralarını qurmaq və inkişaf etdirmək üçün açıq və bərabər imkanlar yaradırıq.

Namizədlərə əsas tövsiyəm budur ki, bu prosesə sadəcə imtahan kimi deyil, öz bacarıqlarını nümayiş etdirmək və potensiallarını üzə çıxarmaq fürsəti kimi yanaşsınlar. Bizim üçün biliklərlə bərabər dəyərlərə sadiqlik, təşəbbüskarlıq və öyrənməyə açıq yanaşma da çox önəmlidir. Namizədlərə, həmçinin, ölkənin iqtisadi mühitinə və vergi sisteminin mahiyyətinə maraqlı olmalarını, təşkilatın dəyərlərini və missiyasını öyrənmələrini də tövsiyə edərdim. Çünki DVX-də uğur qazanmağın açarı — bilik, etik dəyərlər və komanda düşüncəsinin sintezindədir.

Yeri gəlmişkən, bir məsələyə də toxunmaq istərdim. Yeni işə qəbul elanının verilməsi ilə bağlı bəzən belə suallara rast gəlirik ki, DVX-nin kadr ehtiyatında namizədlər olduğu halda yeni kadrlara ehtiyac varmı? Qeyd edim ki, DVX-də kadr planlaşdırılması yalnız bu günün ehtiyaclarına deyil, gələcək tələblərə cavab verməyə yönəlib. DVX dinamik inkişaf edən bir sistemdir və bu prosesin nəticəsində yeni funksional bölmələrin tələbləri və kadr ehtiyacları formalaşır. Bu dəyişikliklər həyata keçirildikcə ehtiyatda olan namizədlərin yerləşdirilməsi daha sürətli və məqsədyönlü şəkildə davam etdiriləcək. Yəni burada məqsəd mövcud ehtiyatı nəzərdən qaçırmaq deyil, əksinə, Xidmətin yeni strukturuna və tələblərinə uyğun ehtiyat bazasını qorumaqdır.

Mən bütün gəncləri bu fürsətdən yararlanmağa, təşəbbüskar olmağa və gələcəyin vergi işçiləri sırasında yer almağa dəvət edirəm.

Seçilən
27
1
fins.az

2Mənbələr