AZ

Rus səfirdən intriqalı Zəngəzur mesajı - Moskva qoşulsa...

Kremlin dəhlizin qurulmasında iştirak payı ola bilərmi? - ekspertlərin gözləntisi

Keçən həftə diplomatik korpusun üzvləri ilə birlikdə Zəngilanda olanlardan biri də Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov idi. Səfər zamanı o, Zəngəzur dəhlizi barədə danışıb.

Yevdokimov deyib: “Ermənistandan keçən yolun uzunluğu 44 kilometrdir. Rusiyanın dəmir yolu tikintisi üzrə mütəxəssisləri həmin məsafəni piyada qət ediblər. Dəmir yolu tunelləri dağıdılmadığı üçün bərpa işlərini təxminən iki ilə tamamlamaq mümkündür. Sadəcə, dəmir yolu kompleksinin yenilənməsi lazımdır”.

Diplomat qeyd edib ki, yolun kim tərəfindən və hansı üsulla bərpa olunması o qədər də önəmli deyil. Əsas məqsəd onun tezliklə istifadəyə verilməsi olmalıdır. “Bu yol təkcə Azərbaycan və Ermənistan arasında münasibətləri möhkəmləndirməyəcək, həm də regionda iqtisadi əlaqələrin inkişafına təkan verəcək”, - deyə Yevdokimov vurğulayıb.

İlk baxışda pozitiv və praqmatik yanaşmadır. Bəs Bakı və İrəvan bu açıqlamanı necə oxumalıdır? Doğrudanmı “yolun kim tərəfindən və hansı üsulla bərpa olunması” Rusiya üçün elə də önəmli deyil?

Məlumdur ki, Ermənistan dəmiryolu şəbəkəsi Rusiyanın nəzarətindədir. Rusiya dəhlizin (Tramp marşrutunun) qurulmasında hansı iştirak payına malik ola bilər? Paşinyan hökuməti, ABŞ buna razılıq verərmi və hansı şəkildə? Azərbaycan üçün hansı variant daha əlverişlidir?

İran

Züriyə Qarayeva

Siyasi ekspert Züriyə Qarayeva Azərbaycandan Azərbaycana keçidi əhəmiyyətli sayır. Onun bildirdiyinə görə, bu tələbimiz təmin edildikdən sonra yerdə qalan məsələlərə Ermənistan özü cavabdehdir: “Çünki İrəvanla Vaşinqton arasında bu razılaşma əldə olunub. Ermənistan özü qərar verməlidir ki, dəhlizdə Rusiyanın iştirak payı ola bilərmi, ya yox. Əslində Azərbaycan üçün maneəsiz keçid baxımından ciddi bir fərq yoxdur, amma qlobal və regional yanaşmada Rusiyanın dəhlizdə olması arzuolunan hal deyil. Moskva istənilən an hansısa problemlər yarada, yaxud əngəllər ortaya çıxara bilər. Hələlik ABŞ və Ermənistanın Rusiyanı "Tramp yolu"na buraxacağını gözləmirəm. Amma Tramp hakimiyyətindən sonra Paşinyanın ABŞ-dən dəstəyi zəifləyərsə, nəzarətin Rusiyaya, idarəçiliyin ABŞ şirkətində olması mümkündür".

Ramil

Ramil Məmmədli

Hərbi ekspert Ramil Məmmədli hesab edir ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin ərazidə mövcudluğu qalır. Onun fikrincə, Rusiya bu fakta söykənərək Zəngəzur koridorunda yerləşəcəyini gözləyir. Hərbi analitikin sözlərinə görə, hadisələrin gedişatından çox şey asılıdır: “Bugünlərdə Rusiya eyham vurdu ki, dəhlizin keçdiyi yerdə rus hərbçiləri var. Bununla demək istədilər ki, Zəngəzur yoluna nəzarət edə bilərlər. Yəni Kreml hələ də bu strateji logistika ilə bağlı mövqeyini dəyişməyib. Məncə, geosiyasi proseslərdə dəyişikliyə ümid edir”.

“Zəngəzur dəhlizi Avrasiyanın nəqliyyat xəritəsini dəyişmək potensialına malikdir”. Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Zəngilan Konqres Mərkəzində diplomatik korpus üçün keçirilən brifinqdə bildirib.

“Biz inanırıq ki, Zəngəzur dəhlizi təkcə bizim bölgəmiz üçün deyil, həm də daha geniş Avrasiya məkanında böyük üstünlüklər yarada bilər. Bu dəhliz Avrasiyanın nəqliyyat xəritəsini dəyişmək, rifah, əməkdaşlıq və qarşılıqlı əlaqəni gücləndirmək potensialına malikdir. Bu prosesdə Cənubi Qafqaz, o cümlədən Azərbaycan xüsusi diqqət və əhəmiyyət qazanacaq. Müzakirə etdiyimiz kimi, Zəngilan əvvəllər Azərbaycanın uzaq bölgələrindən biri hesab olunurdu, lakin indi o, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin kəsişdiyi nöqtədə yerləşən strateji və mərkəzi bölgələrdən birinə çevrilir. Azərbaycan bu yolların tikintisi və inkişafında əsas rol oynayır, öz hissəsini mümkün qədər tez tamamlayır. Zəngilan və digər bölgələr azad olunduqdan sonra biz Qarabağ-Şərqi Zəngəzur bölgəsində genişmiqyaslı bərpa və yenidənqurma işlərinə, o cümlədən nəqliyyat və əlaqələndirici infrastrukturun yaradılmasına başladıq. Artıq yollar, magistrallar və dəmir yolları inşa olunur. Bizim üçün bu əlaqələndirici xətlər - dəhlizlər, yollar və dəmir yolları - sadəcə tikinti yeri deyil, asfalt deyil, bu, sivilizasiyanın özüdür. Yollar minilliklər boyunca bəşər tarixini dəyişib və biz əminik ki, bu gün tikdiyimiz yollar da bütün Qafqaz regionunu dəyişəcək, müxtəlif regionları birləşdirəcək, rifah və əməkdaşlıq gətirəcək. Azərbaycan bu marşrut boyunca regionun tam transformasiyasını səbirsizliklə gözləyir və bütün Cənubi Qafqaz ölkələrinin inkişafına töhfə vermək niyyətindədir. Bir daha bu səfərimizə qoşulduğunuz üçün hər birinizə təşəkkür edirəm”, - Hikmət Hacıyev qeyd edib.

Qeyd edək ki, 8 avqust 2025-ci ildə Ağ Evdə ABŞ Prezidenti Donald Tramp, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında 3 tərəfli sülh memorandumunu imzalanıb. Həmin mərasimdə Donald Tramp Zəngəzur dəhlizindən də danışaraq, ABŞ-nin Ermənistanla 99 illik müqavilə imzaladığını və bu müqavilənin daha 99 il uzadılacağını bildirib. Həmçinin Donald Tramp ABŞ şirkətlərinin bu bölgəni inkişaf etdirəcəyini və çoxlu pul xərcləyəcəyini bildirib.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

 

Seçilən
27
musavat.com

1Mənbələr