AZ

Yağışdan enerji toplayaraq üzən cihaz hazırlanıb

Nankinq Aeronavtika və Astronavtika Universitetinin tədqiqatçıları yağış damcılarından enerji toplayan üzən generator hazırlayıblar. Bu cihaz suyun üzərində işləyir və həm dəstəkləyici baza, həm də keçirici elektrod kimi suyun özündən istifadə edir.

AZƏRTAC “scitechdaily.com” portalına istinadla xəbər verir ki, yeni “üzən damcı elektrik generatoru” (W-DEG) əvvəlki modellərlə müqayisədə təxminən 80 faiz daha yüngül, 50 faiz daha ucuzdur və oxşar miqdarda elektrik hasil edə bilir. Cihazın iş prinsipi yağış damcılarının su üzərindəki xüsusi dielektrik səthə düşməsi nəticəsində yaranan elektrik yüklərinə əsaslanır. Generator təcrübələr zamanı hər damcı üçün təxminən 250 volt pik gərginlik yarada bilib. O, müxtəlif hava şəraitində, suyun temperaturu, duzluluğu və çirklənmə səviyyəsi dəyişsə belə, sabit fəaliyyət göstərir. Özünü tənzimləyən drenaj sistemi isə artıq suyun yığılmasının qarşısını alır. Tədqiqatçılar 0,3 kvadratmetr ölçülü prototipin 50 LED lampanı eyni vaxtda işıqlandırdığını nümayiş etdiriblər. Gələcəkdə bu texnologiya göllərdə, su anbarlarında və sahil bölgələrində yerləşdirilərək bərpa olunan enerji istehsalı üçün istifadə oluna bilər.

Layihənin rəhbəri professor Vanlin Quo bildirib ki, bu texnologiya Günəş və külək enerjisini tamamlayan torpaqsız hidrovoltaik sistemlərə yol aça bilər. Yeni yanaşma həm də suyun keyfiyyətini və ətraf mühitin vəziyyətini izləyən sensorların enerji təminatında istifadə oluna bilər.

Seçilən
12
8
xezerxeber.az

9Mənbələr