2025-ci ildə pul siyasəti monetar şərait vasitəsilə inflyasiyanın hədəf daxilində saxlanılmasına yönəldilib. Bunu Mərkəzi Bankın İdarə Heyətinin sədri Taleh Kazımov bildirib.
Onun sözlərinə görə, 2025-ci ilin sentyabrında 12 aylıq inflyasiya 5,7% təşkil edib.
Kazımovun sözlərinə görə, bu göstərici Mərkəzi Bankın hədəf diapazonu daxilindədir.
İnflyasiyaya həm təklif, həm də tələb amilləri təsir edib. Xarici mənşəli xərc amillərinin təsiri xüsusilə əhəmiyyətli olub. Ticarət tərəfdaşlarındakı inflyasiya ölkə daxilində illik inflyasiyanı 3,1 faiz bəndi artırıb. Nominal effektiv məzənnənin təsiri neytral, daxili amillərin təsiri isə artırıcı xarakter daşıyıb.
Ümumilikdə inflyasiyanın 70%-dən çoxu xarici təklif amilləri hesabına formalaşıb ki, bu da monetar siyasətin manevr imkanlarını məhdudlaşdırıb.
Mərkəzi Bank sədri qeyd edib ki, valyuta bazarında təklif tələbi üstələyib, bu da qiymət sabitliyinə mühüm dəstək verib.
Cari əməliyyatlar balansının profisitli qalması valyuta bazarında tarazlığı təmin edən əsas amil olub.
Kazımov həmçinin vurğulayıb ki, rezidentlərin əmanətlərində dollarlaşma səviyyəsi ilin əvvəlindən 1,6 faiz bəndi azalaraq 2025-ci ilin sentyabrında 29%-ə düşüb, bu da manatın məzənnəsinə dair gözləntilərin sabit və nikbin olduğunu göstərir.
Onun sözlərinə görə, 2022-ci ildən etibarən həyata keçirilən banklararası pul bazarının inkişafı və pul siyasətinin ötürücülük mexanizminin gücləndirilməsi üzrə islahatlar dedollarlaşma tendensiyasını dəstəkləyib.
Kazımov qeyd edib ki, ölkənin strateji valyuta ehtiyatları 2025-ci ilin 10 ayında 16,2% artaraq 82,5 milyard ABŞ dollarına çatıb.
O cümlədən, Mərkəzi Bankın ehtiyatları 11,4 milyard dollar təşkil edib. Strateji ehtiyatlar 37 aylıq mal və xidmət idxalını tam qarşılamaqla beynəlxalq kifayətlilik normalarını əhəmiyyətli dərəcədə üstələyir.
N.Təbrizli