Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Bakı, 4 noyabr, AZƏRTAC
Biz özümüzü məğlubiyyətə yox, mübarizəyə hazırlamışıq.
Bu sözləri AZƏRTAC-a açıqlamasında “Araz-Naxçıvan” futzal klubunun vitse-prezidenti Mahmud Sadıqov komandanın UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinə yüksəlməsi ilə bağlı danışarkən deyib.
O, komandanın çıxışını yüksək qiymətləndirdiyini deyib: “Qarşımıza qoyulan ilk hədəflərə çatdıq. Asan olmadı, çünki rəqiblərimiz güclü idi. Lakin böyük əzmkarlıq və inam göstərərək istəyimizə nail olduq. Bu nəticə bütün kollektivin əməyinin bəhrəsidir”.
Vitse-prezident qeyd edib ki, növbəti mərhələdə “Araz-Naxçıvan”ı daha çətin sınaqlar gözləyir: “1/8 finalda rəqibimiz püşkatmadan sonra bəlli olacaq. Avropanın ən güclü komandaları ilə eyni səbətdə yer alırıq və bu, mübarizənin nə qədər ağır olacağını göstərir. Amma bu, bizi qorxutmur. Əksinə, daha məsuliyyətli və motivasiyalı olmağa vadar edir”.
M. Sadıqov komandanın qarşıdakı oyunlarda da sonadək mübarizə aparacağını vurğulayıb: “Həm evdə, həm də səfərdə maksimum nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Məqsədimiz yalnız iştirak etmək deyil, mümkün qədər irəliyə getməkdir. Güclü olan qalib gələcək və biz bu mübarizəyə tam hazırıq”.
Qeyd edək ki, futzal üzrə Çempionlar Liqasında 1/8 final mərhələsinin oyunları noyabrın 24-də və dekabrın 5-də, 1/4 final matçları isə gələn il fevralın 23-də və martın 6-da təşkil olunacaq.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.