AZ

Professor: Dilimiz milli kimliyimizin, mənəvi birliyimizin ən güclü simvoludur

Bakı, Aysel Azadqızı, 4 noyabr, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley yığıncağında qlobal miqyasda mühüm məsələlər müzakirə olunub. Prezident İlham Əliyev qısa, lakin məzmunlu çıxışında dilçiliyin əhəmiyyətini xüsusi vurğulayıb. O bildirib ki, bu gün dünyada 50 milyondan çox azərbaycanlı yaşayır, lakin hər birinin gözü, diqqəti müstəqil Azərbaycandadır. Hazırda 10 milyon əhalisi olan bir ölkədə Azərbaycan dilinin əsas normaları qorunur və inkişaf etdirilir. Təəssüf ki, xaricdə yaşayan soydaşlarımızın çoxu dilimizdən yalnız məişət səviyyəsində istifadə edir.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru filologiya elmləri doktoru, professor Nadir Məmmədli deyib. O bildirib ki, Azərbaycan dili bədii, elmi və ictimai fikri ifadə etməyə tam qadirdir: “Prezidentin çağırışı aydındır, öz dilimizdə danışmalı, onun saflığını qorumalıyıq. Bu, təkcə dilçilərin deyil, bütün xalqın borcudur. Dünyada az ölkələr var ki, dilin qorunması ilə bağlı sərəncam və fərmanlar imzalanır. Azərbaycan isə bu mənada istisnadır. Prezident İlham Əliyev təkcə qalib dövlətin lideri deyil, həm də milli dilimizin keşiyində dayanan bir liderdir.

Dövlət başçısı çıxışında irad bildirib: nəyə görə dilimizə bu qədər əcnəbi sözlər daxil olur? Axı biz öz dilimizdə fikrimizi tam, aydın və gözəl şəkildə ifadə edə bilirik”.

“Prezident eyni zamanda qeyd edib ki, bəzi beynəlxalq terminlərdən yan keçmək mümkün deyil. Qloballaşan dünyada ölkələr kimi dillər də qarşılıqlı təsirə məruz qalır. Bu, mədəni inteqrasiyanın təbii göstəricisidir. Lakin dövlət başçısının tövsiyəsi açıqdır, əgər bir sözün Azərbaycan dilində qarşılığı varsa, onu başqa dildən almağa ehtiyac yoxdur.

Azərbaycan dilinin qorunması və inkişafı hər birimizin vətəndaşlıq borcudur. Sovet dövründə dilimizə çoxlu yad sözlər daxil olub. Amma indi bu axının qarşısını almaq, dilimizi saflaşdırmaq və zənginləşdirmək bizim əlimizdədir. Prezidentin vurğuladığı kimi, dünyanın gözü bu gün Azərbaycandadır. Biz ədəbi dilimizi qorumalı, onun səviyyəsini yüksəltməliyik. Azərbaycan dili nə ölkə daxilində, nə də xaricdə yalnız məişət səviyyəsində işlənməməlidir. Dilimiz milli kimliyimizin, mənəvi birliyimizin ən güclü simvoludur”, - deyə Nadir Məmmədli fikrini yekunlaşdırıb.

 

 

Seçilən
29
1
azertag.az

2Mənbələr