AZ

MEDİA-da Azərbaycan-Türkiyə əlaqələrinin hazırkı səviyyəsi müzakirə olunub

Medianın İnkişafı Agentliyində (MEDİA) Türkiyənin Qars, Ərzurum və Iğdırdan olan 15 nəfərdən ibarət media nümayəndə heyəti ilə görüş keçirilib.

"Cebheinfo.az" "Report"a istinadən xəbər verir ki, görüşdə MEDİA-nın nümayəndələri, "Report" İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev, Baku TV-nin baş redaktoru Turan İbrahimov, Oxu.Az xəbər portalının baş redaktorunun müavini Ülviyyə Gülməmmədova və ölkənin digər media nümayəndələri iştirak ediblər.

MEDİA-nın İcraçı direktorunun müavini Natiq Məmmədli çıxışında qonaqlara Qarabağın işğal dövründə dağıntılara məruz qalması, hazırda gedən bərpa işləri ilə bağlı məlumat verib:

"Qarabağa indi həyat qayıdır. Bu, bizim taleyimizdir, biz bunu yaşayırıq. Bu gün Prezident İlham Əliyev kəndlərin təməlini qoyur. Biz azad olunan ərazilərdə yeni evlər tikirik. Azərbaycan üçün yeni səhifə başlayır, bu həm qürurverici, həm də ağırdır. Çünki 30 ilimiz boşa getdi. Biz artıq zəfərimizin beşinci ildönümünü qeyd edirik. Həmin ərazilərin hər bir qarışı dünyada görünməmiş şəkildə minalalarla çirkləndirilib".

Onun sözlərinə görə, MEDİA beynəlxalq jurnalistlərin azad olunan ərazilərə səfərini təşkil edir:

"Məqsədimiz türk toplumunun yaşadıqlarını göstərmək və həqiqətləri daha geniş coğrafiyaya yaymağa dəstək göstərməkdir".

MEDİA-nın Müşahidə Şurasının sədri Dağbəyi İsmayılov bildirib ki, Azərbaycan və Türkiyə arasında əlaqələr, təkcə media yox, digər sahələrdə də müstəqillik dövründə yüksək mərhələyə çatıb.

"Çətin günlərimizdə qardaş olaraq bir-birimizin yanında olmuşuq. Bunlar qardaşlığımızın tarixi təzahürüdür. Bu əlaqələr gündən-günə dərinləşir. Zəngəzur dəhlizi açıldıqdan sonra isə daha çox intensivləşəcək".

"Yeşil İğdır" qəzetinin baş redaktoru Cabbar Şıktaş qeyd edib ki, Azərbaycana budəfəki gəlişində Qarabağa gedib və 30 il öncə yaşanılan ağrı-acını yenidən hiss edib:

"Biz orada insanlarla söhbətimizdə bunu bir daha hiss etdik. Qarabağa ilk səfərim olmasına baxmayaraq, özümü illər öncə burada olmuş kimi hiss etdim".

Digər türkiyəli jurnalistlər də vurğulayıblar ki, Xocalıda şəhid olanların məzarlarını ziyarət ediblər və 30 il öncə baş verən ağrı-acını yenidən hiss ediblər. Onlar qeyd ediblər ki, Qarabağda qısa müddətdə aparılan bərpa və yenidənqurma işləri olduqca önəmlidir.

Sonda media nümayəndələri Azərbaycan-Türkiyə əlaqələrinin hazırkı səviyyəsini, Zəngəzur dəhlizinin açılması ilə bölgənin inkişafını müzakirə ediblər.

Qeyd edək ki, türkiyəli jurnalistlərin Azərbaycana budəfəki səfəri iki ölkə media əlaqələrinin daha da güclənməsinə, həmçinin azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işlərinin beynəlxalq mediada geniş işıqlandırılmasına xidmət edir.

"Cebheinfo.az" 

Seçilən
3
3
cebheinfo.az

4Mənbələr