AZ

Mixail Mişustin Pekində Si Cinpin ilə görüşüb

İki günlük rəsmi səfər çərçivəsində Çində olan Rusiya Baş naziri Mixail Mişustin Pekində Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə görüş keçirib.

"Cebheinfo.az" xəbər verir ki, iki nümayəndə heyəti arasında keçirilən görüş zamanı Çin Xalq Respublikasının Sədri Si Cinpin Rusiyada bu gün qeyd olunan Birlik Günü münasibətilə rus rəsmiləri təbrik edib.

Mixail Mişustin və Si Cinpinin Pekindəki görüşündən sonra birgə bəyanat yayımlanıb.

Bəyanatda qeyd edilir ki, Rusiya və Çin bütün sahələrdə əməkdaşlığı gücləndirməyə və xarici təhdidlərə uyğun şəkildə cavab verməyə davam edəcəklər: 

“Həmçinin, hər iki ölkə İkinci Dünya müharibəsinin nəticələrinin yenidən nəzərdən keçirilməsinə və tarixinin təhrif olunmasına qarşı birgə mübarizə aparacaqlar. Eləcə də Moskva və Pekin bir-birinin əsas maraqlarını əhatə edən məsələlərdə qarşılıqlı və möhkəm dəstək verəcəklər. Eyni zamanda, Rusiya və Çin hökumətləri iki ölkə arasında hava nəqliyyatını genişləndirəcəklər. Rusiya isə “vahid Çin” prinsipinə sadiqliyini təsdiqləyir və Tayvanı bu prinsipin ayrılmaz hissəsi kimi görür. Çin də Moskvanın təhlükəsizlik, sabitlik və suverenliyi təmin etmək səylərini dəstəkləyir”.

Bəyanatda o da vurğulanır ki, ölkələr arasında qarşılıqlı ticarət strukturu yaxşılaşdırılacaq:

“Moskva və Çin elmi-texniki innovasiyalar və qabaqcıl texnologiyalar sahəsində əməkdaşlığı dərinləşdirəcəklər. Bununla yanaşı Rusiya və Çin beynəlxalq təşkilatlarda fəaliyyətlərin siyasiləşdirilməsinə qarşı mübarizə aparmaq üçün əməkdaşlığı davam etdirəcəklər. Özəliklə tərəflər BRİKS və Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) çərçivəsində əməkdaşlığı gücləndirməyi planlaşdırırlar.

Qarşılıqlı olaraq Moskva və Pekin süni intellekt sahəsində əməkdaşlıq üçün Ekspertlər Şurası yaradacaq. Hər iki ölkə bu sahədə beynəlxalq təşkilatın qurulması üçün birgə çalışmağa hazırdırlar. Eyni zamanda, Rusiya və Çin Arktik bölgəsində sülh və sabitliyin qorunmasına töhfə verəcək, kosmik fəaliyyətlərin bütün sahələrində əlaqələri dərinləşdirəcəklər, Ay stansiyasının qurulması və Ay araşdırma missiyalarının koordinasiyası layihələrini dəstəkləyəcəklər”.

Bildirilir ki, bundan əvvəl Çinin Hangzhou şəhərində Çin Baş naziri Li Çianq ilə görüşən Mixail Mişustin görüşdən sonra iki tərəfli bir neçə sənədin imzalandığı mərasimdə iştirak edib.

Rusiya hökumətinin verdiyi açıqlamaya görə, Rusiya Baş naziri Mixail Mişustinin Çində keçirdiyi görüşlərdə Rusiya ilə Çin arasında genişmiqyaslı tərəfdaşlıq və strateji əməkdaşlığın gücləndirilməsinə diqqət yetirilib, ticarət, enerji, sənaye, kənd təsərrüfatı, təhsil və mədəni əlaqələrin genişləndirilməsinə üstünlük verilib.

Seçilən
4
1
cebheinfo.az

2Mənbələr