AZ

Azərbaycanın tanıdılmasında diasporun rolu müzakirə olunub

Antalya, 4 noyabr, Gülay Nəzərova, AZƏRTAC

Noyabrın 4-də Azərbaycan Mədəniyyət Elçilərinin I Forumu çərçivəsində “Azərbaycanın tanıdılmasında diasporun rolu” mövzusunda panel sessiya keçirilib.

AZƏRTAC xəbər verir ki, panelin moderatoru Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının İctimai İdarəetmə fakültəsinin dekanı, fəlsəfə doktoru Nigar Axundova olub.

Tədbirdə Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov və Xalq Artisti Cahangir Novruzov çıxış ediblər.

Çıxışçılar Azərbaycan mədəniyyətinin xaricdə daha geniş tanıdılması, milli irsimizin beynəlxalq səviyyədə təbliği və bu prosesdə diaspor təşkilatlarının roluna dair fikirlərini bölüşüblər. Onlar vurğulayıblar ki, xaricdə fəaliyyət göstərən mədəniyyət mərkəzləri və diaspor nümayəndələri ölkəmizin zəngin incəsənətini, musiqisini və ənənələrini dünyaya tanıtmaqla yanaşı, xalqlar arasında mədəni körpülərin qurulmasına da mühüm töhfə verirlər.

Həmçinin çıxış edənlər mədəni diplomatiyanın gücləndirilməsi, gənclərin bu prosesə daha aktiv şəkildə cəlb olunması, Azərbaycanla bağlı mədəni layihələrin beynəlxalq miqyasda davamlılığının təmin edilməsi və yeni yaradıcılıq təşəbbüslərinin dəstəklənməsi kimi məsələlərə də toxunulub.

İştirakçılar qeyd ediblər ki, bu istiqamətdə həyata keçirilən tədbirlər yalnız milli mədəniyyətin təbliğinə deyil, həm də Azərbaycanla digər ölkələr arasında dostluq və əməkdaşlıq münasibətlərinin möhkəmlənməsinə xidmət edir.

Qeyd edək ki, Azərbaycan Mədəniyyət Elçilərinin I Forumu Mədəniyyət Nazirliyi və Diasporla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı, həmçinin Azərbaycanın Türkiyədəki Mədəniyyət Mərkəzinin dəstəyi ilə keçirilir.

Seçilən
15
3
azertag.az

4Mənbələr