BAKI, 4 noyabr. TELEQRAF
"Prezident İlham Əliyevin Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş tədbirdəki çıxışı ölkəmizin siyasi, sosial-iqtisadi, elmi və ideoloji gündəliyini formalaşdıran mühüm çağırış idi. Əslində, bu, həm görülən nəhəng işlərin hesabatı, həm də gələcək hədəflərin istiqamətləri idi. Azərbaycan elmi, eləcə də ümumilikdə cəmiyyətin həyatı on il əvvəl torpaq itkisi, xalqımızın yaşadığı faciələrin acı xatirələri ilə bağlı vəziyyətin təzyiqi altında idi. Ermənistan işğalı amili hər bir təşəbbüsün üzərinə kölgə salırdı – hətta biz bu barədə danışmasaq belə, həmin narahatçılıq həmişə hiss olunurdu. Hazırda isə 2025-ci ildir. Və biz tamamilə başqa reallıqda yaşayırıq".
Bu sözləri Teleqraf-a Milli Məclisin komitə sədri, professor Hicran Hüseynova Prezident İlham Əliyevin AMEA-nın 80 illik çıxışında səsləndirdiyi məsələlərə münasibət bildirərkən deyib.
O qeyd edib ki, dövlət başçısının AMEA-da çıxışı zamanı dediyi kimi, son 10 il ərzində həm dünyada, həm Azərbaycanda köklü dəyişikliklər baş verib: "Yeni şəraitə bizim elmimiz də, iqtisadiyyatımız da uyğunlaşmalıdır. Və ölkə başçısı nəzəriyyə ilə təcrübənin uzlaşdırılması, onların bir-birini izləməsi kimi çox vacib bir məsələyə toxundu. “Son illərdə dünyada baş verən dəyişikliklər göstərir ki, liderliyi artıq təbii sərvətlər deyil, texnoloji inkişaf müəyyənləşdirir. Bu, hərbi sahəyə və hərbi sənayeyə də aiddir. Burada, şübhəsiz, Azərbaycan elminin üzərinə xüsusi vəzifələr düşür. Bildiyiniz kimi, onun hər bir mərhələsi, hər bir günü öyrənilir, öyrənilib və bir çox beynəlxalq hərbi ali məktəblərində də tədqiq edilir. O cümlədən pilotsuz uçuş aparatlarının tətbiqi. Müharibədə məhz birinci biz bunu tətbiq etmişik. Bu gün müasir müharibələri bunsuz təsəvvür etmək mümkün deyil. Yəni, bunun təməlini biz qoymuşuq və bu gün bu istiqamətdə Azərbaycanda çox böyük işlər görülür. İkinci Qarabağ müharibəsi sübut etdi ki, bu gün müharibələrdə texnologiyalar uğurun yarısını təmin edir və zamanla bu göstərici daha da artacaq. Yeni statusunda Azərbaycan artıq yalnız başqalarının elmi nailiyyətlərindən istifadə etməməli, həm də öz elmini irəli aparmalıdır – həm dinc məqsədlərlə, həm də müdafiə istiqamətində.
Mövcud çətinlikləri və problemləri etiraf etmək bir çox dövlət başçıları üçün nadir haldır. Lakin məhz bu fakt Azərbaycan idarəetmə modelinin yetkinliyini və gücünü, onun milli diqqətini və populizmdən uzaqlığını təsdiqləyir.Prezident İlham Əliyevin bütün qərarlarının əsasını dürüstlük, vəziyyətin aydın təhlili və çətinliklər barədə açıq danışmaq bacarığı təşkil edir. Əldə olunan nəticələr ölkəmizin strateji uğurunu göstərir. Azərbaycanın iqtisadi təhlükəsizliyi artıq neft hasilatı səviyyələri ilə müəyyən edilmir. İqtisadiyyatın şaxələndirilməsi siyasəti, qeyri-neft sektorunun inkişafı bütün bunlar və digər amillər dayanıqlı iqtisadi əsaslar yaratdı. Buna görə də,Azərbaycanın son illərin siyasi və hərbi qələbəsində mühüm faktorlardan biri də iqtisadi gücümüz idi.Güclü maliyyə bazası olmadan ordu və hərbi-sənaye kompleksi üçün genişmiqyaslı modernləşdirmə proqramını həyata keçirmək mümkün olmazdı. Buna uyğun olaraq, Azərbaycan 2020-ci ildə 44 günlük Vətən Müharibəsi və 2023-cü ilin sentyabrında Qarabağ iqtisadi bölgəsində aparılan bir günlük antiterror əməliyyatı nəticəsində ərazi bütövlüyünü bərpa etdi ki, bu da əsasən güclü iqtisadiyyatı sayəsində mümkün oldu”.
Komitə sədri bildirib ki, milli elm Azərbaycanın qarşısında hələ də mövcud olan müxtəlif təhdidlərə qarşı mübarizənin ön cəbhəsində olmalıdır: “Bu təhdidlərin neytrallaşdırılmasınınyollarındanbiri də tarix elminin inkişafıdır. Prezident İlham Əliyev bu məsələyə xüsusi diqqət çəkərək bildirdi ki, bu barədə mən 10 il bundan əvvəl Akademiyanın 70 illiyində danışmışam: "Bu gün də bu barədə danışmaq istəyirəm ki, biz öz tariximizi tədqiq və təbliğ etməliyik. Azərbaycan vətəndaşları, Azərbaycan gəncləri bizim zəngin tariximizi bilməlidirlər. Bilməlidirlər ki, Azərbaycan xalqının tarixi, dövlətçilik tariximiz, xalqımızın qurub-yaratma qabiliyyəti çoxəsrlidir. Azərbaycan xalqı böyük coğrafiyada yaşayıb və yaşayır. Təkcə onu demək kifayətdir ki, bizim hüdudlarımızın o tayında hər istiqamət üzrə Azərbaycan əhalisi yaşayır. Ermənistanda da yaşayıb, amma oradan qovulub. Amma əminəm ki, yenə də yaşayacaq. Çünki biz bu gün bütün qonşu ölkələrlə sərhədlərimizin o tayında görürük ki, orada Azərbaycan əhalisi öz əzəli tarixi torpaqlarında yaşayır və yaşadıqları ölkələrdə ləyaqətli vətəndaşlar kimi yaşayırlar. Azərbaycanlılar heç vaxt separatizm xəstəliyinə düçar olmamışlar. Bizim xalqımız yaşadığı ölkələrin dövlətçiliyinə töhfə verib və bu gün heç bir ölkədə azərbaycanlılar heç bir dövlət üçün, heç bir başqa xalq üçün problem yaratmır və yaratmayacaq. Ona görə azərbaycanlıların indiki Ermənistana qayıtması Ermənistan xalqını və dövlətini qorxutmamalıdır. Mən bunu artıq bir müddət bundan əvvəl demişəm. Biz öz tarixi torpaqlarımıza qayıtmalıyıq, tanklarla yox, avtomobillərlə qayıtmalıyıq”.
Mövcud Sevan gölünün qədim adının – Göyçənin – dünyaya məlum olmasında heç bir “təhdid” yoxdur. Qədim xəritələrdə (üstəlik, azərbaycanlılar tərəfindən tərtib edilməmiş xəritələrdə) “Sevan” deyil, “Göyçə” yazılıb. Bu, bir çox digər toponimlərə və hidronimlərə də aiddir. Bu faktlar dünya elminə yaxşı məlumdur, lakin illərlə erməni maraqları naminə arxivlərdə gizlədilib. Sovet dövründə Azərbaycana yad olan tarixi konsepsiya ölkəmizi sanki haradan və necə yaranması bəlli olmayan bir “törəmə” kimi təqdim edirdi. Elə bu səbəbdən də heç kim Ermənistandan zorla qovulmuş azərbaycanlıların geri qayıdışı məsələsini qaldırmırdı. Bir neçə yüz min insanın həmin respublikanın demoqrafik mənzərəsindən birdən-birə “yox olması” heç kimi narahat etmədi. Buna görə də tarixi həqiqətin bərpası zəruridir – təkcə ekspert və jurnalist səviyyəsində deyil, elmi səviyyədə, konkret olaraq – Elmlər Akademiyası səviyyəsində. Bu həqiqət mənbələrə və elmi yanaşmaya əsaslanmalıdır. Mənbələr çoxdur, sadəcə ciddi yanaşma və təşəbbüs lazımdır. Prezidentin AMEA-da dediyi kimi, tarix sahəsində ciddi elmi tədqiqatlara ehtiyac var. Və dahabir vacib məsələ -bu həqiqət yalnız özümüz üçün səslənməməlidir. Bu, çox mühüm şərtdir. Onu dünya elmi ictimaiyyətinə çatdırmaq, tanıtmaq lazımdır. Hazırda dünya yalnız “erməni həqiqətini” tanıyır. Bu, dəyişməlidir. Dünya Azərbaycan həqiqətini tanımalıdır və bu ən yüksək elmi səviyyədə olmalıdır”.
Hicran Hüseynova vurğulayıb ki, qlobal təcrübədə illərdir işğal və dağıntılara məruz qalan regionların bu qədər sürətli dirçəlişinin heç bir nümunəsi yoxdur: “Bu, hərbi qələbələrin və azad edilmiş ərazilərin dirçəldilməsi prosesinin Prezident İlham Əliyevin strategiyasına ciddi şəkildə riayət olunmasına əsaslanan uğurlu iqtisadi siyasətlə dəstəkləndiyini sübut edir. Prezident İlham Əliyevyeni bir prioriteti açıq şəkildə səsləndirdi:texnoloji inkişaf dövlət strategiyasının əsas diqqət mərkəzinə çevrilməlidir. Dövlətimizin başçısının sözlərinə görə, bu gün ölkələrin müstəqilliyini və təhlükəsizliyini müəyyən edən texnoloji potensialdır. Bu, elmi tədqiqatların gücləndirilməsi, gələcək iqtisadiyyat üçün kadrların hazırlanması, milli innovasiyaların dəstəklənməsi və idarəetmə və sənayedə rəqəmsal həllərin tətbiqi deməkdir. Bununla daAzərbaycan öz tarixində yeni bir mərhələyə - inkişaf, təhlükəsizlik və texnoloji tərəqqi mərhələsinə inamla qədəm qoyur”.