Artıq 3 həftədir ki, Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevin istintaqı davam edir. Bu müddət ərzində onun qurduğu geniş təsir şəbəkəsi, illərlə dövlət sistemindəki dayaqları bir-bir ifşa olunur. İstintaqın gedişi göstərir ki, söhbət təkcə bir şəxsin deyil, bütün bir idarəetmə fəlsəfəsi - “mehdiyevizm”in dağılmasından gedir. Bu günə qədər məlum olan faktlara görə, AMEA-nın təsərrüfat və təchizat işlərinə rəhbərlik etmiş Elton Məmmədov mənimsədiyi 3 milyon manatı dövlətə qaytarıb.
Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev həbs edilib.

Ramiz Mehdiyevin həyat yoldaşı Qalina Mehdiyeva ali təhsil müəssisəsindəki vəzifəsindən uzaqlaşdırılıb, daha əvvəl isə istintaqa dəvət olunmuşdu.

Onun oğlu, fövqəladə hallar nazirinin müavini Teymur Mehdiyev də son aylarda fəaliyyətsizliyi ilə gündəmdədir.

Ən mühüm hadisələrdən biri isə AMEA katibliyinin keçmiş rəisi, Prezident Administrasiyasının sabiq əməkdaşı Eldar Əmirovun həbsi olub. O, dövlətə xəyanət və dövlət çevrilişinə cəhd ittihamları ilə Səbail Rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs-qətimkan tədbiri ilə saxlanılıb.

Mənbələr bildirir ki, istintaqın növbəti mərhələsində Ramiz Mehdiyevin uzun illər ərzində formalaşdırdığı kadr şəbəkəsinin mühüm həlqəsi olan icra başçıları da diqqət mərkəzinə çəkilib. Artıq onların bəziləri Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) çağırılaraq izahat verib. Əldə etdiyimiz məlumata görə, Mehdiyevin ən yaxın çevrəsində olmuş şəxslərdən biri də hazırda Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov da diqqət mərkəzindədir. Məhz onun Mehdiyevə şəxsi sədaqəti sayəsində müxtəlif illərdə yüksək vəzifələrdə saxlanıldığı bildirilir. Əziz Əzizov uzun illər Ramiz Mehdiyev komandasının sadiq üzvü kimi tanınıb, Prezident Administrasiyasının keçmiş rəhbərinə hesabat verən icra başçıları arasında xüsusi yer tutub.
Xatırladaq ki, Ramiz Mehdiyevin Prezident Administrasiyasına rəhbərlik etdiyi dövrdə təyin edilən icra başçılarının əksəriyyəti bu gün də həmin vəzifələrdə qalır. Həmin icra başçıları sırasında Xocavəndin başçısı Eyvaz Hüseynov, Qobustan rəhbəri Adil Məmmədov, Qaradağ başçısı Süleyman Mikayılov, Lənkəranın başçısı Taleh Qaraşov, Beyləqanın başçısı Əziz Əzizov, Qəbələnin başçısı Səbuhi Abdullayev, Şəkinin başçısı Elxan Usubov və digərləri göstərilir.
Sfera.az Mehdiyev dövründə icra başçısı vəzifəsinə irəli çəkilən və hələ də bu vəzifədə çalışan rayon və şəhər rəhbərlərini araşdırıb. Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov. E.Hüseynov 2 iyul 1992-ci ildə rayon rəhbəri təyin edilib və həmin vəzifədə çalışır. Onun uzun müddət bu vəzifədə qalmasında Mehdiyevin rolu var. Eynilə Qobustan Rayon İcra hakimiyyətinin başçısı Adil Məmmədovun 31 il müxtəlif rayonlarda icra başçısı vəzifələrində çalışması Mehdiyevin sayəsində olub. Bunlardan başqa Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov, Lənkəran Rayon İcra hakimiyyətinin başçısı Taleh Qaraşov, Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev, Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov, Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Mehdiyevə yaxınlığı ilə tanınıblar.
Bu adlardan əlavə olaraq Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov Ramiz Mehdiyevin himayəsində olan şəxslərdən hesab olunur.

Eyni zamanda, Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov da uzun illər Mehdiyevin himayəsində olan məmurlardan biridir. Bundan başqa, Masallının icra başçısı Şahin Məmmədov, Sabirabadın icra başçısı Siraqəddin Cabbarov, Qazağın icra başçısı Rəcəb Babaşov Ramiz Mehdiyevin təqdimatı ilə vəzifəyə gətirilmiş şəxslər kimi tanınır. Hazırda Füzuli Rayon İcra Başçısı olan Alı Alıyev və Ağsu Rayon İcra Başçısı olan Rövşən Bağırov da "mehdiyevizm”in təmsilçiləri sırasında göstərilir. Eyni zamanda Şəkinin icra başçısı Elxan Usubov və Hacıqabulun icra başçısı Sevindik Hətəmov da Mehdiyevin kadrlarıdır.
Mehdiyevə yaxınlığı ilə bilinən yaşlı icra başçılardan Bayram Səfərovun (Şuşa rayonu), Rafil Hüseynovun (Ağcəbədi rayonu), Mərdan Camalovun (Zərdab), Mənsur Məmmədovun (Ucar), Firdovsi Əliyevin (Samux) də adını çəkmək olar. Bu gün deputat olan, Nəsimi Rayon İcra Hakimiyyətinin keçmiş başçısı olmuş Asif Əsgərovun da Mehdiyevin xeyir-duası ilə bu vəzifəyə təyin edildiyi məlumdur.
Hazırda Ramiz Mehdiyev işi çərçivəsində regionlarda kök salmış “mehdiyevçilər”in fəaliyyət də diqqət mərkəzindədir. Cinayət yolu ilə yığılmış sərvətin bir ortaq xüsusiyyəti var. Korrupsiya və talançılıqla qazanılan milyardlar təkcə haram mal deyil, bu sərvət öz sahibini hakimiyyətə sarı çəkən, onu toxunulmazlıq zirehinə bürüməyə məcbur edən gizli gücdür. Milyardların təbiəti sakit qalmağa imkan vermir. Belə pulları yalnız hakimiyyət qoruya bilir. Əldə etdiklərini qorumaq ehtirası ilə alışıb-yanan “mehdiyevçilər” unudurlar ki, hakimiyyət hərisliyi əmlakdan doğsa da, fəlakətə aparır. Gedişat göstərir ki, Mehdiyev də, başına topladığı xain komandası nəyin bahasına olursa-olsun, varidatlarını qorumağa hazırlaşıblar. Bu isə o deməkdir ki, Mehdiyevin siyasi mirası olan bu kadr zənciri yaxınlarda ciddi silkələnəcək. Bəzi məlumatlara görə, artıq bir neçə icra başçısı ifadə verməyə dəvət olunub və yeni həbslər istisna edilmir. Ramiz Mehdiyev dövrünün dövlət içindəki “hökuməti” öz himayədarlarının xain avantürasına qurban gedəcəklər.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com