AZ

Binəqədidə uşaq bağçasını bağlayıb, yerini satırlar – İŞÇİLƏR TƏRƏFİNDƏN ŞOK İDDİA

Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayonda yerləşən 153 saylı uşaq bağçasının bir qrup işçisi tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Adlarının çəkilməsini istəməyən şikayətçilər iddia edirlər ki, 153 saylı bağçanın həyəti qanunsuz olaraq satılıb:

“Hörmətli redaksiya!

Sizdən xahiş edirik ki, şikayətimizi işıqlandırasınız. Çarəsiz vəziyyətdəyik. Adımızın açıqlanmasını istəmirik.

Bu məktubu sizə 153 saylı bağçanın işçiləri adından göndəririk. Bağçanın müdiri Musayeva Şölə 2024-cü ilin iyun ayından yaşa görə təqaüdə göndərilib. 1 il 4 ayda bağçaya müdir tapıb, göndərə bilmirlər. 2 aydan bir 1 nəfər gəlib özünü müdir kimi aparır, sonra onu işdən çıxarırlar.

Son vaxtlar, artıq 2 aydır müdir vəzifəsini Nərgiz adlı kordinator icra edir. Bağçada qruplarda boş uşaq yerləri olsa da, onlayn sistemi açmırlar ki, uşaqlar qəbul olunsun, bağça uşaqla tam dolsun. Bağçaya uşaq qoymaq üçün müraciət edənlərə deyirlər ki, boş yer yoxdur. Halbuki hər qrupda azı 10-12 uşaq yeri var.

İndi güya qrupları uşaq azlığına görə bağlamağa başlayıblar. Hiss etmişik ki, bunu qəsdən edirlər. Məqsədləri odur ki, uşaq azlığı adı ilə bağçanı bağlasınlar. Məlum olub ki, bağçanın geniş ərazisi olduğu üçün yerini tikinti şirkətinə yüksək qiymətə satıblar. İndi də müxtəlif bəhanələrlə işçiləri ixtisar etməklə məşğuldular.

Bağçada təchizat çox pis gündədir. Uşaqlara hər gün suda qaynadılmış düyü və makarondan başqa ayrı heç nə verilmir.

Elm və Təhsil Nazirliyinin bu bağçadakı vəziyyətdən sanki xəbəri yoxdur. Ancaq bağçanın ərazisini satmaqla məşğuldurlar.

Biz, 153 saylı bağçanın nə vaxtsa çölə atılacaqlarını gözləyən bir qrup işçisi, səlahiyyətli qurumlara müraciət edirik. Xahiş edirik ki, bizi işsiz qoymayın, bu haqsızlığa son verilsin”.

Jalə FAMİLQIZI

Redaksiyadan: Yazıda adları çəkilən şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.

Seçilən
61
1
hurriyyet.az

2Mənbələr