AZ

Prezidentin çıxışı alimlər üçün "yol xəritəsi" idi


44 günlük Vətən müharibəsindəki tarixi Qələbəmizdən sonra Azərbaycan yeni dalğaya keçdiyi kimi strateji sahələrimizdən biri olan elm istiqamətində də ciddi dəyişiklik və yeniləşmənin baş verməsi labüddür. Ötən gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 80 illik yubileyi münasibətilə keçirilən yığıncaqda etdiyi çıxışında Prezident İlham Əliyevin elmin inkişafı ilə bağlı qarşıya yeni vəzifələr, hədəflər qoyması, gələcək perspektivləri göstərməsi elmin inkişafına dövlət başçısı səviyyəsində verilən diqqətin göstəricisi olmaqla yanaşı, həm də elm adamlarının fəallaşması və öz potensiallarını realizə etmələri üçün yeni stimul yaratdı.

Bu baxımdan Prezident İlham Əliyevin elmi ictimaiyyət qarşısında çıxışında aktual məsələlərin qabardılması ölkəmizin elm tarixində həqiqətən də mühüm hadisədir. Dövlət başçısının konseptual xarakterli çıxışında texnoloji inkişaf və informasiya təhlükəsizliyi, süni intellekt, kiber təhlükəsizlik, müdafiə sənayesi, texnoloji müstəqillik və rəqəmsallaşma kimi məsələlərə geniş yer verilib. Dövlətimizin başçısı bildirdi ki, bu gün dünya sürətlə dəyişir və bizim ölkəmiz də bu proseslərdən geri qalmamalıdır. Bu məqsədlə süni intellekt, kibertəhlükəsizlik, kosmik tədqiqatlar və müdafiə texnologiyaları kimi sahələrdə elmi araşdırmalar genişləndirilməlidir. Eyni zamanda, elmi nəticələr praktiki tətbiqə yönəldilməli, eləcə də dövlət və özəl sektor arasında əməkdaşlıq əlaqələri daha da gücləndirilməlidir.

Cənab Prezident, həmçinin hazırkı qlobal proseslər və dəyişikliklər kontekstində texnoloji inkişafın hər bir ölkə üçün əsas məsələlərdən biri sayıldığını və Azərbaycan elminin də bu sahədə müstəsna rol oynamalı olduğunu vurğulayaraq bildirdi ki, bu gün Azərbaycanın müdafiə sənayesi və texnoloji potensialının artırılması elmin qarşısındakı prioritetlərdəndir. Qeyd olundu ki, hazırda Azərbaycanda hərbi sənaye sürətlə inkişaf edir və artıq uzun illər ərzində bu sahəyə böyük vəsait ayrılır və bu sahədə fəaliyyət göstərən şirkətlərin fəaliyyəti təkmilləşir. Artıq bir çox ölkələrə hərbi təyinatlı məhsul ixrac etdiyimizi və bu gün bu istiqamətdə çox fəal işlədiyimizi bildirən dövlətimizin başçısı dövlət və özəl şirkətlərlə yanaşı, alimlərimizi də bu istiqamətdə fəaliyyətə başlamağa, təşəbbüskarlıq göstərməyə dəvət etdi. O, bu gün güc amilinin dünyada aparıcı amilə çevrildiyini və belə olan halda təhlükəsizlik, müdafiə potensialının, hərbi gücün də əsas məsələ kimi mühüm əhəmiyyət daşıdığını vurğuladı.

Azərbaycan Prezidenti onu da xüsusi olaraq qeyd etdi ki, elmin inkişafı hər zaman vacib olduğu kimi postmüharibə dövründə, ərazi bütövlüyümüzün tam bərpasından sonrakı mərhələdə də Azərbaycan elmi qarşısında mühüm vəzifələr durur, ona görə də süni intellekt, kibertəhlükəsizlik, kosmik tədqiqatlar və müdafiə texnologiyaları kimi sahələr hazırkı mərhələyə, yeni şəraitə uyğun olaraq inkişaf etdirilməlidir. Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi bütün sahələrdə pozitiv tendensiyalara rəvac verdiyi kimi elm adamlarımız da yeni reallıqlara uyğun fəaliyyət göstərməlidir. Dövlət başçısının çıxışı da bir daha göstərdi ki, yeni reallıqlar elm adamlarının qarşısında yeni vəzifələr qoyur.

Çıxışında ölkəmiz üçün aktual məsələlərə toxunaraq elm ictimaiyyətinə gələcək fəaliyyət üçün tezislər verən Prezident İlham Əliyev son on il ərzində Azərbaycan elminə ayrılan vəsaitin iki dəfədən çox artdığını bildirdi: “Mənim prezidentlik dövrümdə də bu istiqamətdə, yəni, Azərbaycan elminin inkişafına göstərilən diqqət Ulu Öndərin siyasətinə uyğun şəkildə aparıldı. Bir çox addımlar atıldı”. O da qeyd olundu ki, bu gün Azərbaycan elminə ayrılan vəsait, yaradılan şərait və qəbul olunan dövlət proqramları elmi fəaliyyətin keyfiyyətini yüksəltməkdə mühüm rol oynayır.

Azərbaycan elminin son 80 il ərzində böyük inkişaf yolu keçdiyini və bu illər ərzində müxtəlif ictimai-siyasi sistemlərin bir-birini əvəz etməsinə baxmayaraq dövlətimizin elmə daim qayğı ilə yanaşdığını vurğulayan dövlətimizin başçısı onu da bildirdi ki, hələ ötən əsrin 70-ci illərindən başlayaraq Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi elm siyasəti bu sahənin müstəqillik dövründə də əsas istiqamətini müəyyən edib və məhz onun təşəbbüsü sayəsində yüz minlərlə azərbaycanlı gəncin dünyanın aparıcı ali məktəblərində təhsil alması ölkəmizin hazırkı elmi-intellektual potensialını formalaşdırıb.

Dövlət başçısının çıxışında vurğulanan əsas məqamlardan biri də budur ki, elmi nailiyyətlərin real iqtisadiyyat və sənaye ilə sıx inteqrasiyası əsas prioritet kimi müəyyənləşdirildi. Çünki artıq müasir dünyanın inkişafını təbii resurslar deyil, məhz intellektual potensial və texnoloji yeniliklər müəyyən edir. Ona görə də elmi araşdırmalar genişləndirilməli və nəticələr birbaşa praktiki tətbiqə yönəldilməlidir. Bu da o deməkdir ki, indi Azərbaycan alimlərinin üzərinə süni intellekt, rəqəmsallaşma, kibertəhlükəsizlik, bərpaolunan enerji və hərbi texnologiyalar kimi sahələrdə mühüm vəzifələr düşür. Azərbaycanda süni intellektin həm inkişafı, həm də həyatda, iqtisadiyyatda, texnoloji inkişafda tətbiqinin bu günün reallığına çevrildiyini deyən dövlətimizin başçısı, bu sahədə Azərbaycan alimlərinin fəal iştirakını gözlədiyini diqqətə çatdırdı. Eyni zamanda, Cənab Prezident qeyd etdi ki, kibertəhlükəsizlik sahəsində də həm dövlət, həm Azərbaycanın elm ictimaiyyəti birgə işləməlidir. Həmçinin, pilotsuz uçuş aparatlarının (PUA) istehsalı və tətbiqi məsələləri də Azərbaycanın elmi ictimaiyyəti üçün çox böyük fəaliyyət meydançası yaradır. Beləliklə, elm adamlarının fəaliyyətlərinin kabinet və laboratoriyalarla məhdudlaşması dövrünü bitmiş hesab etmək olar. Bu mənada Cənab Prezidentin akademiyadakı çıxışı elm sahəsində inqilabi yeniliklərin anonsu kimi dəyərləndirilməlidir.

Azərbaycanın tamamilə yeni vəziyyətdə yaşadığını və əlbəttə ki, öz addımlarımızı dəyişən dünyada gedən proseslərə həm uyğunlaşdırmalı, həm də ki, bir çox təşəbbüslər irəli sürməli olduğumuzu bildirən dövlətimizin başçısı, həmçinin Qarabağda və Şərqi Zəngəzurda hazırda böyük geoloji-kəşfiyyat işlərinin aparıldığını açıqladı və elm adamlarımızı bölgədə aparılan geoloji tədqiqatlara qoşulmağa dəvət etdi: "Mənim göstərişimlə artıq bir neçə aydır ki, Qarabağda və Şərqi Zəngəzurda böyük geoloji işlər aparılır. Azərbaycan alimlərini bu işlərə dəvət edirəm, dövlət strukturlarına da göstəriş verirəm. Hesab edirəm ki, yaxın bir neçə ay ərzində bizə çox yaxşı xəbərlər gələcək. Bizim çox zəngin təbii resurslarımız var - qızıl, gümüş, mis yataqları, polimetal yataqlar. Onların aşkarlanması, kəşfiyyatı, işlənməsi bizə böyük xeyir gətirəcək, Qarabağ və Şərqi Zəngəzur regionlarımızda iş yerlərinin böyük sayda yaradılmasına gətirib çıxaracaqdır".

Qarabağ və Şərqi Zəngəzur haqqında danışan dövlətimizin başçısı, həmçinin bu gün Azərbaycan tarixi haqqında da danışmağın vacib olduğunu bildirdi. O, qeyd etdi ki, bizim zəngin tariximiz əfsuslar olsun ki, Ermənistan tərəfindən, erməni diasporu tərəfindən uzun illər ərzində təhrif edilib və bu istiqamətdə bizə qarşı aparılan təbliğat bu gün də dayanmır. Ona görə bunun qabağına biz öz həqiqətlərimizi qoymalıyıq. Cənab Prezident alimlərimizi ölkə tarixinin öyrənilməsinə fəal şəkildə qoşulmağa çağırdı və bildirdi ki, biz öz tariximizi tədqiq və təbliğ etməliyik. Eyni zamanda, azərbaycanlıların indiki Ermənistana qayıtması məsələsinin daim diqqət mərkəzində saxlanılmasının vacibliyi vurğulandı.

Qərbi azərbaycanlıların öz tarixi yurd yerlərinə - indiki Ermənistana qayıtmasından danışarkən Cənab Prezident iki mühüm məqamı xüsusi olaraq diqqətə çatdırdı. Birincisi, o, qeyd etdi ki, bu qayıdış Ermənistan xalqını və dövlətini qətiyyən qorxutmamalıdır, çünki biz öz tarixi torpaqlarımıza tanklarla yox, avtomobillərlə qayıdacayıq. Eyni zamanda, ermənilər bunu da yaxşı bilirlər ki, azərbaycanlılar heç vaxt separatizm xəstəliyinə düçar olmayıblar. Bizim xalqımız yaşadığı ölkələrin dövlətçiliyinə hər zaman töhfə verib və bu gün heç bir ölkədə azərbaycanlılar heç bir dövlət üçün, heç bir başqa xalq üçün problem yaratmır və yaratmayacaq. Ona görə də azərbaycanlıların qayıdışı erməniləri əsla qorxutmamalıdır.

Qayıdışla bağlı ikinci mühüm məqam kimi Cənab Prezident bu məsələ ilə bağlı tədbirlər, sərgilər, təqdimatların keçirilməsinin eləcə də tarixi xəritələrin, elmi əsərlərin dərc edilməsinin vacibliyini vurğuladı. Tarixi xəritələrin ortaya çıxardığı həqiqətlərə toxunan Prezident İlham Əliyev qeyd etdi ki, təkcə XX əsrin əvvəllərində Çar Rusiyası tərəfindən dərc edilmiş xəritələrə baxmaq kifayətdir hər kəs görsün ki, indiki Ermənistan ərazisində toponimlərin mütləq əksəriyyəti Azərbaycan mənşəlidir: "O xəritələrdə "Sevan gölü" adlı göl yoxdur. O xəritələrdə Göyçə gölüdür və bütün digər bizim istifadə etdiyimiz tarixi toponimlərimiz orada öz əksini tapıb. O xəritələri biz tərtib etməmişik ki, kimsə desin biz burada saxtakarlıq eləyirik. Bunu Çar Rusiyası edib. Həmin o Çar Rusiyası ki, vaxtilə erməniləri İrandan və Şərqi Anadoludan gətirərək bizim Qarabağ torpağında yerləşdirib ki, burada etnik və dini tərkib dəyişsin. Yəni, bu xəritələr tamamilə tarixi həqiqətə əsaslanan xəritələrdir. Ona görə biz bunu təbliğ etməliyik, tədqiq etməliyik. Daha çox elmi əsərlər, daha çox hətta kiçikhəcmli bukletlər hazırlanmalıdır ki, həm Azərbaycan gəncləri öz tarixini yaxından bilsinlər, həm dünya ictimayyəti bilsin və eyni zamanda, indiki Ermənistana bizim qayıdışımız da tamamilə məntiqli və ədalətli səslənsin. Ona görə Azərbaycan tarixi ilə bağlı bax, bu istiqamətdə əlbəttə ki, əlavə addımlara ehtiyac var".

Eyni zamanda, Azərbaycan xalqının çoxəsirlik dövlətçilik tarixində Azərbaycanın heç vaxt bugünkü qədər güclü olmadığını vurğulayan dövlət başçısı bildirdi ki, bütövlükdə müstəqil Azərbaycan dövlətinin tarixini tədqiq edən, təbliğ edən sanballı elmi əsərlərə də böyük ehtiyac var. Artıq 30 ildən çoxdur ki, biz müstəqilliyimizi bərpa etmişik və bu gün qədim və zəngin dövlətçilik tariximizin köklü şəkildə araşdırılması, təqdim edilməsi zəruridir. Həmçinin, ana dilmizin saflığının qorunması və inkişaf etdirilməsi məsələləri də daim diqqət mərkəzində saxlanılmalıdır. Cənab Prezident çıxışında bu məsələlərə də toxundu, elm ictimaiyyətini Azərbaycan dilinin saflığının qorunmasına fəal şəkildə qoşulmağa çağırdı və bildirdi ki, Azərbaycan dilinin saflığının qorunması hər bir Azərbaycan vətəndaşının işi olmalıdır. Yəni, dövlət, alimlər, dilçilər, yazıçılar, şairlər, jurnalistlər, siyasətlə məşğul olanlar bu məsələyə çox böyük diqqət verməlidirlər. Azərbaycan Prezidenti qürur hissilə bildirdi ki, bizim dilimiz çox zəngin dildir və yersiz xarici kəlmələrə də heç bir ehtiyac yoxdur: "Biz xalq kimi, millət kimi öz dilimizi qorumasaq, onda yavaş-yavaş bizim milli kimliyimiz də sarsıla bilər. Əminəm ki, mənim sözlərim hər kəsə çatacaq və özüm də daim bu məsələ ilə bağlı məşğul olacağam, izləyəcəyəm, lazımi tədbirlər görəcəyəm. Azərbaycan alimlərindən də bax, bu məsələyə də öz münasibətini və dəstəyini göstərmək çağırışını edirəm".

Prezident İlham Əliyevin AMEA-nın 80 illik yubiley yığıncağındakı çıxışı tarix və dil məsələləri kontekstində bütövlükdə həm tarixi həqiqətlərimizin üzə çıxarılması və təbliği baxımından mühüm əhəmiyyət kəsb edir, həm də Azərbaycan dövlətinin dil siyasətində milli-mənəvi dəyərlərin qorunmasına, dilin saflığının və inkişafının təmin edilməsinə diqqətini əks etdirir. Bu çıxışdan sonra tarixçilərimiz və dilçilərimiz qarşıya qoyulan vəzifələrə yəqin ki, daha böyük məsuliyyətlə yanaşacaqlar. Eyni zamanda tariximizin təbliği və dilimizin saflığının qorunması sahəsində ölkədə fəaliyyət göstərən telekanalların da üzərinə mühüm iş düşür. Bir sözlə, bütün aidiyyatı qurumlar dövlət başçısının qaldırdığı məsələlərdən özləri üçün ciddi nəticələr çıxarmalı və fəal iş aparmalıdırlar. Prezidentin çıxışı Vətənimizin inkişafına töhfə vermək, ölkəmizin gələcək uğurlarına dəstək olmaq istəyən alimlər üçün aydın "yol xəritəsi"dir.

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Seçilən
39
newscenter.az

1Mənbələr