AZ

İstilik mövsümünə hazırlıq necə gedir? -

İstilik mövsümünün başlamasına çox az bir müddət qalıb. Bəs “Azəristiliktəchizat” ASC payız-qış mövsümünə hazırdır?"Azəristiliktəchizat" ASC-nin mətbuat katibi Elvin Basqallı Metbuat.az-ın sorğusuna cavab olaraq bildirib ki, əvvəlki mövsüm yekunlaşdıqdan dərhal sonra növbəti mövsümün ilk gününə qədər hazırlıqlar davam edir: "Payız-qış mövsümünə hazırlıq çərçivəsində “Azəristiliktəchizat” ASC-nin balansında olan 554 qazanxana və 88 istilik məntəqəsi yoxlanılır, təmizlənir, 80 mindən çox avadanlıq saz vəziyyətə gətirilir. Bundan əlavə, balansda olan 1000 kilometrdən artıq magistral və məhəllədaxili xətlər hidropik təzyiqlə yoxlanılır. Axıntı və qəza baş verən xətlərdə bərpa, cari və əsaslı təmir işləri aparılır, zədələnmiş xətlər yenilənir. Beləcə payız-qış mövsümünə hazırlıq işləri intensiv şəkildə davam edir".
E.Basqallı azad olunmuş ərazilərdə görülən işlərdən də danışıb:"Şuşada “Azəristiliktəchizat” ASC-nin 7 qazanxanası fəaliyyət göstərir. 5 sentyabr 2023-cü il tarixində Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “İstilik enerjisindən istifadə qaydaları”na əsasən, ölkənin 14 dağlıq və dağətəyi rayon və şəhərində istilik mövsümü məhz noyabrın 1-də başlayır. Həmin şəhər və rayonların siyahısında Şuşa da yer alır. Bu tarixdən etibarən “Azəristiliktəchizat” ASC-nin balansında olan Şuşadakı yeddi qazanxana da artıq işə düşüb". Qeyd edək ki, respublika üzrə payız-qış mövsümü rəsmi olaraq noyabrın 15-də başlayır.

Sevinc İbrahimzadə / Metbuat.az

Seçilən
2
8
metbuat.az

9Mənbələr