AZ

Aralıq dənizinin parlayan incisi Antalya

Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.

Antalya, 4 noyabr, Gülay Nəzərova, AZƏRTAC

Türkiyənin cənubunda, Aralıq dənizinin sahilində yerləşən Antalya - qədim tarix, möhtəşəm təbiət və müasir həyatın ahənglə birləşdiyi nadir şəhərlərdən biridir. Hər addımında həm minilliklərin izlərini, həm də müasir turizm mədəniyyətini hiss etmək mümkündür. Şəhərin dar küçələrində qədim memarlıq nümunələrinə rast gəlmək olar, bir addım o tərəfdə isə müasir otellər, kafe və restoranlar turistləri qarşılayır.

AZƏRTAC-ın müxbiri Aralıq dənizinin incisi sayılan Antalyanın özünəməxsus gözəlliyindən, tarixi irsindən və müasir şəhər ruhundan yazır.

Qədimdən bu günə uzanan miras

Antalyanın tarixi eramızdan əvvəl II əsrə, Bergama kralı II Attalos dövrünə gedib çıxır. Elə şəhərin adı da onun adından götürülüb – Attalia, yəni “Attalın şəhəri”. Qədim liman ətrafında formalaşan şəhər sonradan romalıların, bizanslıların və səlcuqların hakimiyyəti altında mədəniyyət mərkəzinə çevrilib.

Tarixi mərkəz – Kaleiçi

Antalyanın mərkəzində yerləşən Kaleiçi şəhərin qədim hissəsini təşkil edir. Dar, daş döşənmiş küçələr, ağ daşdan tikilmiş evlər, taxta eyvanlar və hər pəncərəsindən dibçəklər asılmış binalar… Kaleiçi həm yerli sakinlərin, həm də turistlərin maraq göstərdiyi məkanlardan biridir. Bölgədə restoranlar, kafelər, butiklər və sənət mağazaları fəaliyyət göstərir. Hədiyyə dükanlarından gələn lavanda ətri, qəhvə qoxusunun dənizlə qarışdığı atmosfer isə turistləri bir neçə əsr geriyə aparır. Qədim liman sahəsi isə turizm və gəmi turları üçün istifadə olunur.

Dənizin maviliyində gizlənən cənnət

Antalyanın ən böyük sərvəti — Aralıq dənizidir. Şəffaf suyu, qızılı qumu və tərtəmiz sahilləri ilə Konyaaltı və Lara çimərlikləri dünyanın ən çox sevilən istirahət məkanlarındandır. Bu çimərliklər rahat infrastrukturu ilə fərqlənir. Çimərliklərdə gün boyu turistlər və yerli sakinlər istirahət edir, su idmanı ilə məşğul olurlar. Gün batarkən göy üzündəki qızılı və bənövşəyi rənglərə boyayan mənzərə isə insanı valeh edir.

Təbiətin möcüzələri

Şəhər təkcə dənizlə deyil, həm də dağlarla əhatələnib. Beydağları Milli Parkı Antalyanın nəfəsidir. Burada sıldırım qayalar, sıx meşələr və sərin şəlalələr bir tablo kimi görünür. "Düden" və "Kurşunlu" şəlalələri turistlərin ən çox ziyarət etdiyi təbiət abidələrindəndir. Suların qayadan gur axışı, ətrafdakı yaşıl bitkilərlə birləşərək sanki həzin musiqisi yaradır.

Bir az daha uzağa getsən, Olimpos və Çıralı səssiz təbiət sığınacaqları kimi qarşına çıxır. Bu ərazilər həmçinin tarixi irsi ilə də tanınır. Axşam düşəndə isə sanki möcüzə baş verir — Çıralı yamaclarında min illərdir sönməyən Yanartaş alovları parlayır.

Müasir şəhərin ritmi

Antalya bu gün təkcə tarixi və təbiəti ilə deyil, həm də müasir infrastrukturu ilə seçilir. Yüksəksəviyyəli otellər, beynəlxalq konfrans mərkəzləri, sənət qalereyaları və parklar şəhəri hər fəsildə canlı saxlayır.

Şəhərin mərkəzində yerləşən Atatürk küçəsi boyunca addımlayanda həm yerli həyatın ritmini, həm də turistik ab-havanı hiss edirsən. Küçə musiqiçiləri, dadlı dondurmalar və parlaq işıqlar Antalyanın gecə ruhunu yaradır.

Mətbəxi də özü qədər rəngarəngdir

Antalyanın mətbəxi də özü qədər rəngarəngdir. “Piyaz” adlı lobyalı salat, təzə sıxılmış portağal şirəsi və dəniz məhsulları burada hər süfrənin ayrılmaz hissəsidir. Axşam saatlarında liman restoranlarında balıq və meze sifariş edib dəniz üzərində parlayan işıqlara baxmaq, bu şəhərin ruhunu tam hiss etdirmək üçün kifayətdir.

Portağal bağları və kənd təsərrüfatı

Antalya ətrafındakı bağlar şəhərin iqtisadi həyatında mühüm rol oynayır. Xüsusilə Alanya və Kəmər ərazilərində geniş portağal bağları mövcuddur. Buradan həm yerli bazarlara, həm də xaricə ixrac üçün portağal göndərilir. Bəzi bağlar turistlərin gəzintisinə açıqdır və məhsul yığımı prosesini izləmək mümkündür.

Turizm statistikası

Rəsmi məlumatlara görə, Antalya hər il milyonlarla turisti qəbul edir. Şəhərin hava limanı, yol və ictimai nəqliyyat şəbəkəsi bu axının rahat idarə olunmasını təmin edir. Turistlərin əksəriyyəti bura yay mövsümündə gəlsə də, payız və qış aylarında da şəhərə səyahət edənlərin sayı çox olur.

Hər fəsildə fərqli duyğu yaşadan şəhər

Antalya hər fəsildə fərqli rəngə bürünür: yazda çiçəklərin ətri, yayda dənizin təravəti, payızda günəşin qızılı parlaqlığı, qışda isə sakit liman mənzərələri… Beləliklə, Antalya həm tarixi, həm təbiəti, həm də müasir infrastrukturu ilə hər fəsildə fərqli duyğu yaşadır, ziyarətçilərə unudulmaz anlar bəxş edir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
9
1
azertag.az

2Mənbələr