AZ

Prezident İlham Əliyev: “Bu gün iqtisadiyyatımızın aparıcı, təkanverici qüvvəsi qeyri-neft sektorudur” » AzadMedia.az


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 80 illik yubileyində çıxış edərək ölkəmizin sosial-iqtisadi inkişafında elmin, biliklərin və innovasiyaların roluna geniş toxunub. Dövlət başçısı bildirib ki, bu gün Azərbaycanın dayanıqlı iqtisadi inkişaf modelini formalaşdıran əsas amillərdən biri qeyri-neft sektorunun yüksəlişidir.

Prezident İlham Əliyev çıxışında vurğulayıb ki, uzun illər ərzində həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycan iqtisadiyyatı neft gəlirlərindən asılılığı əhəmiyyətli dərəcədə azaldıb, bu da ölkənin sabit və balanslaşdırılmış inkişafını təmin edib. Onun sözlərinə görə, bu gün kənd təsərrüfatı, sənaye, turizm, xidmət sektoru, nəqliyyat-logistika və İKT sahələri Azərbaycanın iqtisadi strukturunda mühüm yer tutur və real iqtisadi artımın başlıca mənbəyinə çevrilib.

Dövlət başçısı qeyd edib ki, qeyri-neft sektorunun inkişafı təkcə iqtisadi sabitlik üçün deyil, həm də milli təhlükəsizliyin, sosial rifahın və regionların tarazlı inkişafının vacib şərtidir:

“Biz neftdən asılı olmayan güclü iqtisadiyyat formalaşdırmaqla həm ölkəmizin gələcəyini, həm də xalqımızın rifahını təmin edirik. Bu gün Azərbaycanın iqtisadi uğurlarının təməlində elmi yanaşma, innovasiyalar və müasir idarəetmə modelləri dayanır.”

Prezident İlham Əliyev elmin və texnologiyanın ölkə həyatının bütün sahələrinə tətbiqinin zəruriliyini vurğulayaraq bildirib ki, Azərbaycan alimlərinin bilik və təcrübəsi bu prosesin əsas intellektual dayağı olmalıdır. Elm və innovasiyanın iqtisadiyyata inteqrasiyası, yeni texnologiyaların tətbiqi, yerli istehsalın gücləndirilməsi və ixrac potensialının artırılması dövlətin prioritet istiqamətləri kimi müəyyən edilib.

AMEA-nın 80 illik yubileyi çərçivəsində səsləndirilən bu fikirlər, bir tərəfdən ölkəmizin elmi potensialına verilən yüksək dəyəri göstərir, digər tərəfdən isə Azərbaycanın gələcək iqtisadi inkişaf strategiyasının əsas istiqamətlərini müəyyənləşdirir.

Bu gün Azərbaycan, Prezident İlham Əliyevin rəhbərliyi ilə, qeyri-neft iqtisadiyyatının yüksəlişi, innovasiyalara əsaslanan idarəçilik modeli və insan kapitalının gücləndirilməsi sayəsində regionun aparıcı ölkəsinə çevrilib.


YAP MASALLI RAYON TƏŞKİLATLNIN SƏDR MÜAVİNİ, SƏFALI PAŞAYEV
Seçilən
9
1
azadmedia.az

2Mənbələr