AZ

Qazaxıstan və ABŞ energetika sahəsində strateji tərəfdaşlığı təsdiqləyib

Astana, 4 noyabr, AZƏRTAC

ABŞ şirkətləri Qazaxıstanın potensialına inanan ilk investorlar arasında olub və hazırda “Tengiz”, “”Karaçaqanak” və “Kaşaqan” kimi flaqman layihələrdə əsas tərəfdaş qismində çıxış edir.

AZƏRTAC Qazaxıstan Energetika Nazirliyinə istinadla xəbər verir ki, nazirliyin rəhbəri Erlan Akkenjenov bu açıqlamanı BƏƏ-də keçirilən “ADIPEC 2025” Beynəlxalq Enerji Forumu çərçivəsində Birləşmiş Ştatların daxili işlər naziri və Enerji Dominantlığı Şurasının sədri Daq Börqum ilə görüşdə verib.

Nazir qeyd edib: “Qazaxıstanda həyata keçirilən layihələr amerikalı tərəfdaşlarımızın qlobal portfellərində əsas aktivlərdir. Onların miqyası Qazaxıstanın qlobal enerji sabitliyinin təmin edilməsi üçün strateji əhəmiyyətini vurğulayır, uğurlu və qarşılıqlı faydalı əməkdaşlığın yüksək səviyyəsini göstərir”.

Tərəflər iri müştərək layihələrin gedişatını və yataqların gələcək inkişafı planlarını müzakirə ediblər.

Neft nəqli məsələlərinə, xüsusən də əsas ixrac marşrutu kimi Xəzər Boru Kəməri Konsorsiumunun (CPC) sabit və etibarlı fəaliyyətinin təmin edilməsinə xüsusi diqqət yetirilib.

Daq Börqum, öz növbəsində, Amerika tərəfinin enerji sənayesinin rəqəmsallaşdırılmasında birgə layihələrin hazırlanmasında maraqlı olduğunu bildirib. Görüşdə uzunmüddətli və qarşılıqlı faydalı tərəfdaşlığın gücləndirilməsinə dair ortaq öhdəlik bir daha təsdiqlənib.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Seçilən
24
1
azertag.az

2Mənbələr