AZ

Əfqanıstanda baş verən zəlzələdən təqribən 1000 nəfər zərər çəkib

Bakı, 4 noyabr, AZƏRTAC

Əfqanıstanın şimalındakı sakinlər çərşənbə axşamı günü azı 27 nəfərin ölümünə və 956 nəfərin xəsarət almasına səbəb olan 6,3 maqnitudalı güclü zəlzələdən sonra yardım əməliyyatlarına başlayıblar.

AZƏRTAC xəbər verir ki, bazar ertəsi səhər saatlarında Əfqanıstanın şimalındakı Məzari-Şərif şəhəri yaxınlığında baş verən zəlzələ nəticəsində azı 27 nəfər həlak olub. “Reuters” agentliyinin məlumatına görə, şəhərin tarixi Göy məscidi zərər görüb, lakin episentrdə əhalinin az olması səbəbindən ölənlərin sayı ilkin ehtimallardan az olub.

Əfqanıstan Səhiyyə Nazirliyinin son məlumatına görə, zəlzələ nəticəsində 956 nəfər yaralanıb.

Əfqanıstan Milli Fəlakətlərin İdarə Edilməsi İdarəsinin (ANDMA) məlumatına görə, yüzlərlə ev tamamilə və ya qismən dağılıb. Humanitar təşkilatlar bu rəqəmin Əfqanıstan qışı ərəfəsində, temperaturun sıfır dərəcənin altına düşdüyü bir vaxtda həyəcanverici olduğunu bildirirlər.

Sərt qayalı dağlarla əhatə olunmuş Əfqanıstan müxtəlif təbii fəlakətlərə həssas ölkə olsa da, zəlzələlər ən ölümcül fəlakətlərdir. Burada hər il orta hesabla təxminən 560 nəfər ölür və illik ziyan 80 milyon dollar olaraq qiymətləndirilir.

İbtidai tikinti metodları itki rəqəmlərinə təsir göstərir, buna görə də mütəxəssislər zəlzələyə davamlı xüsusiyyətlərə malik yeni binalar tikməyi və uçma riskini azaltmaq üçün mövcud tikililəri təkmilləşdirməyi tövsiyə edirlər.

ANDMA sözçüsü Yusuf Hammad bildirib ki, tikintinin nisbətən yüksək standartı, düz ərazi və daha az əhali bazar ertəsi günü baş verən ölüm sayının avqust zəlzələsindən xeyli aşağı olmasının səbəbləridir.

Seçilən
2
1
azertag.az

2Mənbələr