AZ

Azərbaycanda vergilər də aşağıdır, əməkhaqqı da aşağıdır – 3 ölkənin müqayisəsi


Maliyyə naziri Sahil Babayev bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib ki, çox az ölkədə Azərbaycandakı qədər aşağı gəlir vergisi var.
Yeniavaz.com
xəbər verir ki, Azərbaycanda dövlət sektorunda işçilərin maaşından tutulan gəlir vergisi 14%-ə bərabərdir.
Qeyd edək ki, bu, qonşu ölkələrdəki – Ermənistanda və Gürcüstandakı analoji göstəricidən aşağıdır. Lakin onu da qeyd edək ki, Ermənistanda və Gürcüstanda orta aylıq əməkhaqqının məbləği Azərbaycanla müqayisədə yüksək olduğu üçün həmin ölkələrdə insanların sərəncamında daha çox vəsait qalır.
Açıqlanan son rəsmi məlumata görə, Azərbaycanda dövlət sektorunda orta aylıq əməkhaqqı 1 063,6 manat (627 dollar) təşkil edir. Bu məbləğdən 14% gəlir vergisi – 148,9 manat (88 dollar) tutulur. Həmçinin sosial sığorta (3%), işsizlik (0,5%) və icbari tibbi sığorta (2%) üçün ödənişlər edilir ki, bu da ümumilikdə 58,6 manat (34,5 dollar) edir. Cəmi 207,5 manat (122 dollar) kəsildikdən sonra işçinin əlinə 856,1 manat (təxminən 505 dollar) keçir.
Ermənistanda orta aylıq maaş 294 983 dram (740 dollar) təşkil edib. İşçilərin əməkhaqqından 20% gəlir vergisi, 5% pensiya fondu ayırması və 5 500 dram (14 dollar) məbləğində hərbi sığorta haqqı tutulur. Ümumi tutulma 79 246 dram (200 dollar) olur və işçinin xalis maaşı 215 737 dram (540 dollar) səviyyəsində qalır.
Gürcüstanda orta aylıq əməkhaqqı 2 212 lari (805 dollar) olub. İşçilərin əməkhaqqından 20% gəlir vergisi və 2% pensiya sığortası tutulur. Cəmi 486,6 lari (177 dollar) çıxıldıqdan sonra vətəndaşın sərəncamında 1 725 lari (628 dollar) qalır.
Açıqlanan məlumatlardan da göründüyü kimi, gəlir vergisi dərəcəsi Ermənistan və Gürcüstanla müqayisədə Azərbaycanda aşağı olsa da, işçilərin sərəncamında qalan vəsait bu ölkələrə nisbətən Azərbaycanda daha azdır.
Ermənistan, Azərbaycan və Gürcüstanda orta aylıq əməkhaqqı və tutulmalar (avqust 2025):


Elnur Əli
Seçilən
10
2
yeniavaz.com

3Mənbələr