AZ

Yerli proqramçılar niyə xaricə üz tutur?

Proqram təminatçılarının üzləşdiyi ən ciddi maneə vergi güzəştlərinin tətbiq edilməməsi ilə bağlıdır. Bu barədə anews.az-a açıqlamasında vergi eksperti və audit üzrə mütəxəssis Radil Fətullayev bildirib.

Onun sözlərinə görə, Vergi Məcəlləsinin 13.2.8-ci maddəsinin tələbləri həmin şirkətlərə şamil edilmir. Nəticədə onların ödəməli olduqları əlavə dəyər vergisi (ƏDV) məbləğləri proqram təminatçıları üçün ağır yükə çevrilir, onların inkişafını ləngidir.

“Vergi Məcələsinin 13.2.8-ci maddəsində göstərilir ki, mal - hər hansı maddi və ya qeyri-maddi əmlak (aktiv), o cümlədən elektrik və istilik enerjisi, qaz və su sayılır. Əlavə dəyər vergisinin (ƏDV) məqsədləri üçün qeyri-maddi aktivlər, pul vəsaiti və torpaq mal sayılmır. Proqram təminatı da qeyri-maddi aktivdir. Ona görə də həmin məhsul mal sayılmadığından digər mallar, xidmətlər kimi ƏDV-yə cəlb edilməməlidir. Lakin nədənsə vergi orqanları proqram təminatı şirkətlərinin ərsəyə gətirdiyi proqramları qeyri-maddi aktiv kimi deyil, xidmət kimi rəsmiləşdirərək ƏDV-yə və digər vergilərə cəlb edirlər. Bu da həmin şirkətlərin gəlirlərinə, dolayısı ilə inkişafına ciddi mane yaradır”,- o bildirib.

Fətullayev vurğulayıb ki, təcrübədə yerli şirkətlərin, müəssisələrin daha çox xarici proqramlara üstünlük verdikləri görünür.

 “Bunun da səbəbi həmin xarici şirkətlərin daha yaxşı inkişaf etməsi, məhsullarının keyfiyyətli olması ilə bağlıdır. Zamanın tələbi ilə ayaqlaşmaq məcburiyyətində qalan şirkətlərdə, müəssisələrdə proqramlara tələbat da artır. Məsələn, mühasibatlıq sahəsində daha çox Rusiya istehsalı olan 1C proqramı istifadə olunur. Halbuki, bu, çox köhnə və artıq günün tələbi ilə ayaqlaşmayan bir proqramdır. Yerli şirkətlər mühasiblərin işini daha çevik hala gətirən müasir proqramlar hazırlaya bilərlər. Ancaq bu gün vergi yükünün altında çabalayan proqram şirkətləri inkişaf edə, bazara yeni qeyri-maddi aktivlər təqdim edə bilmirlər. Vergi Məcəlləsinin 13.2.8-ci maddəsi əslində həmin şirkətlər üçün güzəşt verib. Onun təcrübədə tətbiq olunması proqram təminatçılarının inkişafına böyük təkan ola bilər. Lakin məsələ ondan ibarətdir ki, bu cür şirkətlər proqramı istehsal edib artıq satışa çıxardıqdan sonra vergi orqanı işçiləri buna proqram təminatı kimi deyil, xidmət kimi yanaşırlar və bunu da əsas tutaraq həmin proqram təminatlarına görə ƏDV-yə cəlb etməklə bağlı kameral uyğunsuzluqlar göndərirlər. Bu gün onlarla belə proqram təminatı şirkətləri var ki, bununla bağlı çox ciddi problemlərlər üzləşiblər”.

Fətullayev əlavə edib ki, ölkənin iqtisadi siyasətində və qanunvericilikdə qeyri-maddi aktivlərin satışı ilə bağlı güzəşt olmasına baxmayaraq onun tətbiqi ilə bağlı mexanizm yoxdur.

 “Əslində, vergi ödəyicisi proqram təminatı verən şirkət kimi qeydiyyata düşübsə, artıq vergi orqanı da onun proqram istehsalına da qeyri-maddi aktiv kimi yanaşmalıdırlar. Lakin proqram təminatçısı olmalarına baxmayaraq, onların məhsullarına proqram kimi deyil, xidmət kimi yanaşırlar və burada dolayısı ilə əslində vergi orqanı özü Məcəlləni pozaraq onları ƏDV ödəməyə məcbur edir. Nəticəsə xərcləri artan şirkətlər işçilərini itirirlər. Bu itkilərin qarşısını almaq üçün Vergi Məcəlləsində mütləq dəyişiklik edilməli, dəqiqləşmə aparılmalıdır. Qeyri-maddi aktivlərlə bağlı olan maddələrə detallı mexanizmlər gətirilməlidir. Ya proqram şirkətlərinə ayrıca yanaşma edilməlidir, ya da burada çaşqınlığın aradan qalxması üçün qeyri-maddi aktivlər istehsal edən şirkətlərə birbaşa xidmət kimi yanaşılmalıdır”.

Azərbaycan İnnovasiyaların icracı konsorsiumunun icraçı direktoru Fərid Kazımovun sözlərinə görə, Azərbaycanın İT-şirkətləri artıq xarici bazarlara çıxmağa meyllidir. 

"Azərbaycanın İT-şirkətlərin inkişafının davamlılığının təmin olunması üçün optimal yol kimi xarici bazarlarda tələb olunan məhsullarını yaratmalıdırlar. Lakin bu strategiyanln reallaşmasında müəyyən incıliklər mövcuddur və uğurlu inkişafa təsir edir. Ilk öncə, Azərbaycanın ixracyönümlü potensialı olan şirkətlərin B2G (business to government), yəni dövlət sektoru üçün həllərin yaradılmasında ixtisaslaşması ilə bağlıdır. Uzun illər ölkə daxilində innovasiya sahəsində in iri investor dövlət olduğu üçün ,  İT-şirkətlərimiz bu seqment üzrə əsasən ixtisaslaşmışdır və xarici bazarlara da çıxanda öz ixtisas sahələri üzrə həllərə üstünlük verir. Geniş istehlak bazarını və biznesi əhatə edən iri seqmentlər isə (B2C, B2B) əhatə olunmur və bu yanaşma şirkətlərimizin ugur ehtimalını azaldır. Xarici bazarlada dövlət sektorunda isə uğurlu satışlara müəyyən faktorlar, o cümlədən təklif olunan həllərin Azərbaycanda tətbiqi faktı da təsir edir. Təəssüflər olsun ki, Azərbaycanda son illər dövlət qurumları yerli şirkətlərin həllərinə az maraq göstərir və bəzi hallarda öz İT-qurumlarının rəqəmsal məhsullarından istifadəyə üstünlük verir",  -  Kazımov bildirib.

Onun sözlərinə görə, uğura təsir edən faktorlardan biri də  Azərbaycanda hələ də “layihə yanaşması” ideologiyasının üstün olaraq qalmasıdır. Bu ideologiya hər hansı bir təşkilatın tələbinə uyğun olaraq tender çərçivəsində həllin yaradılmasını nəzərdə tutur. Lakin innovasiya sahəsində mövcud trendlər “məhsul yanaşmasına” tələbatı artırıb və yerli şirkətlərimiz xarici bazarlarda uğur ehtimalını artırmaq üçün B2B və B2G seqmentlərində hazır rəqəmsal məhsulları təqdim etməlidir.

"Məsələn, “məhsul yanaşmasına” üstünlük verən bir Azərbaycan İT-şirkəti bir seqment üzrə öz həllini 30-dan artıq ölkədə uğurla tətbiq edib və bu deyilənlərin düzgün olmasını bir daha sübut edir. Aparıcı xarici İT-şirkətlər də artıq məhsul yanaşması üzərində öz strategiyalarını qurmaqdadırlar və olkəmiz də bu yolu seçməlidir",  -  Kazımov vurğulayıb.

Onun sözlərinə görə, ölkəmizin innovativ məhsullarına marağı artırmaq üçün Azərbaycanın innovativ brendinin gücləndirilməsi istiqamətində də iş aparılmalıdır.

"Səfirliklərimizdə innovasiyalarımız haqqında məlumatlandırmanı gücləndirmək üçün məsul şəxslər müəyyən olunmalıdır və onlarla davamlı iş aparılmalıdır. Davamlı olaraq seçilmiş regionlarda dövlət səviyyəsində Cənubi Koreya, İsrail, Türkiyə, Estoniya kimi ölkələrin təcrübəsinə uyğun olaraq fəaliyyətlər həyata keçirilməlidir",  - o əlavə edib.

Kazımovun fikrincə,  Azərbaycanın innovativ məhsullarının maya dəyərinin azaldılması və rəqabətliliyinin gücləndirilməsi üçün yüksək səviyyəli İT mütəxəssislərinin akademik hazırlığına xüsusi diqqət yetirilməlidir.

"Univestiet tədris proqramları tam olaraq bazar tələblərinə uyğun biliklər vermək üçün təkmilləşməlidirlər. Kadr potensialı artarsa, müxtəssislərin sayının artması nəticəsində orta maaşlarının həcmi azalar, İT-şirkətlərimiz daha ucuz innovativ həllər hazırlayaraq xarici bazarlarda daha uğurla öz bizneslərini böyüdə bilərlər",- o bildirib.

Direktor əlavə edib ki, vergi güzəştləri  istiqamətində də işlər aparılır.

"Yüksək Texnologiyalar Parkının rezidentlərinə verilən vergi güzəştlərini nailiyyət kimi göstərmək olar. Bu istiqamətdə iş davamlı olaraq aparılır. Yəqin ki, 2026-cı ildə də müəyyən dəyişikliklər olacaq. Bu sektorun özəlliyini nəzərə alaraq vaxtaşırı biznesin, dövlətin və ekspertlərin iştirakı ilə terminalogiya və digər məsələlər üzrə ümumi müzakirələrə ehtiyac vardır. Amma anlamaq lazımdır ki, vergi yükünün azalması proqram təminatının nə keyfiyyətinə, nə də rəqabatliliyinə təsir etmir.  Vergi güzəştləri İT-bazarın böyüməsinə birbaşa təsir etmir, sadəcə şirkətlərdə qənaət olunan maliyyə resursları yeni məhsulların yaradılmasın və daha ugurla xaricə bazarlara çıxmağa kömək edə bilər",- o bildirib.

Kazımov əlavə edib ki, kiçik və orta biznes subyektlərin davamlı rəqəmsallaşması üçün yerli həllərin yaradılması və ölkə daxilində inteqrasiyası prioritet vəzifələrdən biri olmalıdır.

"Məsələn, ölkə daxilində KOB subyektlərinin böyük hissəsi 1C maliyyə həllindən istifadə edirsə, onu bazar qanunlarına uyğun yerli məhsulla əvəz etmək üçün müasir həllər yaradılmalıdır. Yeni məhsullar biznesin istifadə etdiyi həlldən daha sərfəli və rahat olmalı və daha çox tələbatı ödəməlidir. Yalnız bu halda biznesin yeni maliyyə məhsuluna keçidi mümkün ola bilər. Digər seqmentlərdə də vəzyyət eynidir. KOB-lar hər hansı bir problemini həll etmək üçün bu və ya digər məhsuldan istifadə edir və İT-şirkətlərimiz bazara uyğun məhsul çıxarmaq niyyətindədirsə, onların həlləri analoqlardan real üstün olmalıdır. Yalnız bu zaman məhsuldan-məhsula keçid mümkün ola bilər.",- Kazımov əlavə edib.

Aytac Zeynalova

Seçilən
26
anews.az

1Mənbələr