AZ

Gümrüdəki Rusiya ordusu bayram keçirir: Ermənistana və Paşinyana 1 saylı təhdid bu bazadan gəlir - FOTOLAR

Ermənistanın Gümrü şəhərində yerləşən Rusiyanın 102-ci hərbi bazasında Xalq Birliyi Günü münasibətilə geniş bayram tədbiri keçirilib.

Musavat.com xəbər verir ki, tədbirdə Rusiya Federasiyasının Ermənistandakı baş konsulu İqor Titov, hərbi baza rəhbərliyi, yerli məmurlar və Rusiyadan gəlmiş qonaqlar iştirak ediblər.

Məlumata görə, tədbirdə xidmət fərqlərinə görə bir sıra hərbçilər mükafat, fəxri fərman və təşəkkür məktubları ilə təltif olunublar. Bəzi zabitlərə növbəti hərbi rütbələr təqdim edilib. Rusiya tərəfi bu mərasimi “iki xalqın dostluğunun simvolu” adlandırıb.

İqor Titov çıxışında deyib:

“Bu gün birlik təkcə hiss olunmur, o, Ermənistan torpağında daha da möhkəmlənir. Biz burada, qardaş ölkədə özümüzü evimizdə kimi hiss edirik.”

Bundan öncə Gümrüdə yerləşən hərbi şəhərciklərdən birində “Açıq qapı günü” təşkil olunub. Qonaqlar “Patriot” parkında nümayiş etdirilən hərbi texnika ilə tanış olub, orkestrin çıxışını izləyib, həmçinin Rusiya və Ermənistan mətbəxlərinə aid yeməklərdən dadıblar.

Musavat.com -a görə bu cür tədbirlər Rusiyanın Ermənistandakı hərbi varlığını bundan sonra da leqitimləşdirməyə, onu “dostluq və birlik” çərçivəsində təqdim etməyə yönəlib. Halbuki faktiki olaraq Gümrüdəki Rusiya hərbi bazası Ermənistanın suverenliyinə, özəlliklə də Paşinyan hökumətinə ciddi təhdiddir.

Rusiya ordusu təkcə Ermənistan ərazisində mövcud olmaqla kifayətlənmir, həm də bu ölkənin Cənubi Qafqazdakı balans siyasətini öz xeyrinə yönəltməyə çalışır. Moskva üçün bu baza, əslində, regionda hərbi-siyasi təzyiq alətidir — həm Türkiyə, həm Azərbaycan, həm də Qərblə əlaqə qurmaq istəyən Ermənistan üçün.

Rusiya Federasiyasının 102-ci hərbi bazası Ermənistanın şimal-qərbində, Türkiyə sərhədinə yaxın məsafədə yerləşir və təxminən 5000 hərbçi burada xidmət edir. Rusiya bu bazanı formal olaraq KTMT çərçivəsində “sülh və təhlükəsizlik təminatı” kimi təqdim etsə də, reallıqda bu, Moskvanın bölgədə qalıcı təsirini qorumaq məqsədi daşıyır.

Son illərdə Paşinyan hökumətinin Qərbə inteqrasiya meylləri artdıqca, Gümrü bazası Ermənistan üçün daxili siyasi və təhlükəsizlik dilemmasına çevrilib. Ekspertlər bildirirlər ki, Moskva bu bazanı istifadə edərək İrəvanı Cənubi Qafqazda müstəqil qərarlar verməkdən çəkindirir.

Rusiya diplomatiyasının “birlik və qardaşlıq” ritorikası fonunda keçirilən bu tip tədbirlər, əslində, Ermənistanın öz suverenlik imkanlarını itirməsinin simvoludur.
“Ermənistanda rus birliyi hiss olunur” ifadəsi, faktiki olaraq, Ermənistanın öz milli kimliyinin və qərarvermə azadlığının təhdid altında olması mənasına gəlir.

Musavat.com

Seçilən
26
1
musavat.com

10Mənbələr