AZ

Ermənilər Bakı küçələrində: Qriqoryan təsdiqlədi, bu mənzərəni izləyəcəklər

Ermənistanın Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Brüsseldə keçirilən konfransda yaxın vaxtlarda ölkəsinin vətəndaş cəmiyyəti nümayəndələrinin Azərbaycana səfər edəcəyini açıqlayıb.

Qriqoryan belə səfərlərin iki xalq arasında qarşılıqlı inam və anlayışın möhkəmlənməsinə, eləcə də sülh prosesinə töhfə verəcəyini bildirib. Bundan əvvəl, oktyabrın 21-22-də ilk dəfə olaraq Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri Ermənistana gedərək ikitərəfli dəyirmi masada iştirak etmişdilər.

Globalinfo.az-a danışan siyasi şərhçi Mütəllim Rəhimli deyib ki, avqustun 8-də Prezident İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Vaşinqtonda keçirilən görüşdə sülh prosesinin geridönməzliyi bir daha təsdiq olundu:

ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə keçirilən görüşdə iki ölkə arasında sülhün bərqərar olması üçün razılaşmalar imzalandı. Buna uyğun olaraq bir sıra işlər görüldü. Azərbaycan tərəfi olduqca yüksək cəsarət göstərərək nəqliyyat marşrutlarından Ermənistanın istifadəsinə icazə verdi. Bu, qarşı tərəfə ciddi jest olmaqla yanaşı, həm də sülhə sadiqliyin bəyanı idi.

İlk dəfə olaraq Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələrinin Ermənistana səfəri həyata keçirildi. İndi isə İrəvan nümayəndələri ölkəmizə gələcəklər. Bu, bizə qarşı hər zaman düşmənçilik mövqeyi sərgiləyən Ermənistanın yanaşmasının dəyişdirilməsi üçün vacib addımdır. Onlar qonşularla normal münasibətlər qurmağı və yaşamağı öyrənməlidirlər. Bu təşəbbüslər Ermənistanı kənar güclərin əlində vasitə olmaqdan qurtaracaq, bütövlükdə regiona sülh gətirəcək”.

mutellim
Mütəllim Rəhimli

Politoloq bildirib ki, sülhün yaradılması prosesi təkcə kağız üzərində mümkün deyil:

“Proses real addımlara da söykənməlidir. Tarixə nəzər yetirdikdə görürük ki, ermənilərin nə sözünə, nə də imzasına etibar etmək olar. Bu səbəbdən onların faktiki addımlarına istinad edərək yola davam etmək lazımdır. Azərbaycanın da məsələyə məhz bu aspektdən yanaşdığı görünür.

Ermənistanın vətəndaş cəmiyyətinin nümayəndələrinin ölkəmizlə daha geniş müstəvidə tanış olmasına şərait yaratmaq lazımdır. Qoy onlar xalqımızın əzmini, məğrurluğunu, dövlətin gücünü, həmçinin sülhsevər mahiyyətini görsünlər. Bu onlara düzgün qərarlar verməyə kömək edər”.

Politoloq Yusif Bağırzadə isə deyib ki, Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin Azərbaycana səfəri əslində gözlənilən idi:

“Çünki bu, əvvəldən də razılaşadırılmışdı. 21-22 oktyabr tarixlərində Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin Ermənistana səfərindən sonra növbəti görüşün ölkəmizdə keçirilməsi tamamilə başadüşüləndir.

Məlumdur ki, uzun illər davam edən münaqişə təkcə siyasi səviyyədə deyil, həm də insanların gündəlik münasibətlərində də mənfi stereotiplər və etimadsızlıq yaradıb. Belə bir şəraitdə vətəndaş cəmiyyətinin təşəbbüsləri, xüsusilə Azərbaycan və Ermənistan nümayəndələrinin birbaşa görüşləri, dialoq və qarşılıqlı anlaşma üçün əhəmiyyətli bir platforma rolunu oynaya bilər.

yusif
Yusif Bağırzadə

Əgər əvvəlki görüş və təmaslarda erməni təmsilçiləri özlərini qalib hesab edərək daha çox Azərbaycan cəmiyyətinin reallıqlarla barışması istiqamətində mövqe sərgiləyirdilərsə, artıq vəziyyət dəyişib. İndi Ermənistan hakimiyyəti də, bir sıra vətəndaş cəmiyyəti nümayəndələri də əvvəlki ritorika ilə çıxış etmirlər. Onlar davamlı və real sülhün əldə edilmədiyi hər keçən günün Ermənistan əleyhinə işlədiyinin fərqindədirlər. Odur ki, bu tip görüşlər erməni cəmiyyətində, ən azı hansısa təbəqədə Azərbaycanla sülhün Ermənistana verə biləcəyi xeyirləri təlqin etmək baxımından faydalı hesab oluna bilər.

Ermənistanda revanşist qrupların Azərbaycanla hər hansı dialoqu təhlükə, “təslimçilik”, “milli maraqlara xəyanət” və “güzəşt” kimi təqdim etməyə cəhd göstərməsinə baxmayaraq, bu təşəbbüsləri dəstəkləyən qruplarla işləmək vacibdir. Çünki, Ermənistanın vətəndaş cəmiyyəti institutlarının 8 Avqustda Vaşinqtonda əldə edilən razılşmalar istiqamətində ictimai rəyi hazırlamaq kimi bir missiyanı üzərlərinə götürməsi və bu istiqamətdə konkret fəaliyyəti həyata keçirməsi lazımdır”.

Seçilən
60
editor.az

1Mənbələr