AZ

Daha iki şəhərə köç hazırlığı

Partiya sədri: “Ağdamın ölkəmizin 4-cü böyük şəhərinə çevrilməsi planı təqdirəlayiqdir”

Azərbaycan dövləti keçmiş məcburi köçkünlərin öz dədə-baba yurdlarına qaytarılması prosesini çox sürətlə və uğurla aparır. Artıq gələn il üçün bu istiqamətdə bir sıra qərarlar qəbul olunub. Belə qərarlardan biri budur ki, 2026-cı ildə işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışın təmin edilməsi üçün 3 500 milyon manat vəsait ayrılacaq.

Sənədə əsasən, işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışın təmin edilməsi, şəhər və kəndlərin yenidən qurulması və bərpası, həmin ərazilərdə müasir infrastrukturların yaradılması (elektrik enerjisi, təbii qaz, su, rabitə, yol, təhsil, səhiyyə, mədəniyyət, mənzil-kommunal və digər zəruri infrastrukturların və mədəni-tarixi abidələrin bərpası və yenidən qurulması, yaşayış evlərinin tikintisi və s.) məqsədilə 2026-cı ilin dövlət büdcəsində 3 500 000 000 manat məbləğində vəsait nəzərdə tutulur.

Məlumat üçün bildirək ki, qarşıdakı günlərdə işğaldan azad olunan Ağdam və Zəngilan şəhərlərinə keçmiş məcburi köçkünlərin qayıdışı başlayacaq. Bununla da “Böyük Qayıdış” proqramı çərçivəsində adları çəkilən şəhərlərə ilk köç olacaq.

Artıq noyabrın 3-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Ağdam və Zəngilana qayıdacaq sakinlər arasında evlərin bölgüsünə dair püşkatma keçirilib. 

104 ailə Ağdam şəhərinin ilk sakinləri olacaq. Ümumilikdə isə 2026-cı ilə qədər Ağdama 20-25 min civarında əhalinin köçürülməsi nəzərdə tutulub. Ağdam təxminən 2000 hektarlıq ərazini əhatə edən 100 min əhalini məşkunlaşdıracaq ölkənin 4-cü ən böyük şəhəri olacaq.

İki

Milli Məclisin deputatı Aqil Abbas köç üçün dəqiq tarix açıqlayıb. O, bu ay keçmiş məcburi köçkünlərin Ağdam şəhərinə ilk köçünün baş tutacağını bildirib.

A.Abbas deyib ki, əhalinin yerləşdirilməsi ilin sonunadək davam etdiriləcək. O qeyd edib ki, Ağdam yüz min əhalisi olan böyük şəhər olacaq: “50 metrdən çox eni olan çoxzolaqlı küçə və prospektlər gələcək layihələrdən xəbər verir. Hazırda Ağdamda yeddi zavod fəaliyyət göstərir. Başqa zavodların tikintisi də plandadır. İctimai-iaşə obyektlərinin istifadəyə verilməsi geniş iş imkanları yaradacaq”.

Milli Məclisin üzvü qeyd edib ki, rayonda təsərrüfatın müxtəlif sahələri ilə məşğul olmaq üçün geniş imkanlar var. Yuxarıda qeyd etdiyimiz kimi, bu ay ərzində Zəngilan şəhərinə də qayıdış gözlənilir.

Mütəllim

 Mütəllim Rəhimli 

Ədalət Partiyasının sədri Mütəllim Rəhimli “Yeni Müsavat”a bildirdi ki, Qarabağ işğaldan azad olunub və artıq yaşayış üçün təhlükəsiz bir məkana çevrilib: “Ermənilər tərəfindən basdırılmış minalar da sürətlə təmizlənməkdədir. Azad edilmiş ərazilərin yenidən qurulması və məskunlaşdırılması Azərbaycanın müstəsna səlahiyyətindədir. Əhalinin əsasən hansı bölgələrə yerləşdirilməsi, şəhərlərin böyüklüyü ilə bağlı plan dövlətimizə məxsusdur. Çox güman ki, verilən qərarlar həm də özündə geosiyasi amilləri ehtiva edir. Bütün ehtimallara rəğmən gələcəkdə təhlükəsizlik məsələlərinin də nəzərə alındığını deyə bilərik. 

Hazırda Qarabağda çox böyük həcmdə tikinti-quruculuq işləri görülür. Siyasi partiya rəhbərlərinin işğaldan azad edilmiş ərazilərə səfəri zamanı biz bunu müşahidə etmişik. Ağdamın ölkəmizin 4-cü böyük şəhərinə çevrilməsi planı təqdirəlayiqdir. Bu, bütün dünyaya gözəl bir mesajdır. İşğaldan azad edilmiş ərazilərə nəzər saldıqda maraqlı bir mənzərə də diqqəti cəlb edir. Belə ki, hər bir bölgə fərqli taktika ilə geri qaytarılıb. Düşmənə təkcə hərbi meydanda qalib gəlməmişik. Həm də bir çox ərazilərimizi diplomatik yolla azad edərək siyasi müstəvidə də qələbə qazanmışıq. 

Qarabağa böyük qayıdışda iştirak edənlər hərbi və siyasi qalibiyyətin nəticəsi olaraq azadlığa qovuşmuş torpaqlarımızı cana gətirəcək ilk sakinlər olacaqlar". 

Partiya sədri Zəngilanın xüsusi əhəmiyyətindən də söz açıb: “Zəngilanda məskunlaşmanın mənəvi-psixoloji tərəfləri ilə yanaşı, çox böyük siyasi əhəmiyyəti də var. Bu rayon iki ölkə ilə - İran və Ermənistanla həmsərhəddir. Üstəlik, Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək koridor da bu rayondan keçəcək. Bütün bunlar zəngilanlılara əlavə iqtisadi gəlirlər gətirəcək. Eyni zamanda onun strateji əhəmiyyətini artıracaq. İşğaldan azad edilmiş ərazilərdə məskunlaşma həm də kənd təsərrüfatının inkişafına səbəb olacaq. Bu da ölkəmizi dünyada baş verən və bizə də təsir edə biləcək iqtisadi və ərzaq böhranlarından sığortalayacaq. Göründüyü kimi, məcburi köçkünlərin öz doğma yerlərinə qayıtmasının bütün sahələrdə böyük əhəmiyyətini ölkəmiz hiss edəcək”.

Hazırladı: Cavanir Abbaslı

Seçilən
18
14
musavat.com

10Mənbələr