AZ

İqor Qrosu: Moldovanın yeni parlamenti və hökuməti Azərbaycanla səmərəli əməkdaşlığı davam etdirəcək

ain.az bildirir, Azertag portalına istinadən.

Kişineu, 5 noyabr, AZƏRTAC

Azərbaycan Moldova üçün həm ikitərəfli, həm də beynəlxalq əməkdaşlıqda mühüm tərəfdaşdır.

AZƏRTAC xəbər verir ki, bu fikri Moldova parlamentinin sədri İqor Qrosu Moldova Azərbaycanlıları Konqresinin (MAK) sədri Elçin Bayramovun rəhbərliyi ilə bir qrup diaspor fəalımızla görüşündə söyləyib. “Moldovanın yeni parlamenti və hökuməti Azərbaycanla enerji, iqtisadiyyat, kənd təsərrüfatı və mədəniyyət kimi sahələrdə səmərəli əməkdaşlığını davam etdirəcək, çünki bu əlaqələrin genişləndirilməsi üçün potensial böyükdür. İkitərəfli əməkdaşlığımızı, xüsusilə enerji sahəsində intensivləşdirmək istəyirik”, - deyə Moldova parlamentinin sədri vurğulayıb.

İqor Qrosu, həmçinin bildirib ki, Moldovada Azərbaycan diasporunun töhfəsi çox böyükdür. Azərbaycan diasporu Moldovanın ictimai-siyasi həyatında, mədəniyyətində, idman sahəsində aktivdir.

“Bu, məni sevindirir. Azərbaycan və Moldova arasında əməkdaşlığı gücləndirən bütün təşəbbüsləri bundan sonra da dəstəkləyəcəyik”, - deyə İqor Qrosu əlavə edib.

Yenidən Moldova parlamentinin sədri seçilməsi münasibətilə təbrik edən Elçin Bayramov bildirib ki, etnik azərbaycanlılar Moldovanın inkişafı üçün öz töhfələrini verməkdə davam edəcək.

“Moldovada yaşayan soydaşlarımız bu ölkənin layiqli vətəndaşlarıdır. Azərbaycan icması Moldova dövlətinin diqqətini həmişə hiss edib. İcmamız Moldova parlamenti və hökuməti ilə faydalı əməkdaşlıq üçün bütün birgə təşəbbüsü dəstəkləməyə hazırdır”, - deyə Elçin Bayramov bildirib.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kişineu

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
18
3
azertag.az

4Mənbələr