AZ

Rəqəmsal aləmdə fərdi imicimizi necə qoruyaq?

Müəllif: Gülnar Əhmədli, Banco.az

Müasir dövrdə internetdə görünən hər bir məlumat, şəkil və paylaşım artıq sadəcə informasiya deyil, insanın rəqəmsal kimliyinin ayrılmaz hissəsinə çevrilir. Bəs siz rəqəmsal şəxsiyyətinizi formalaşdıran bu məlumatlara nə qədər nəzarət edirsiniz?

Etibar anlayışı təkcə korporativ markalar üçün deyil, bütün fərdlərin şəxsi və peşəkar həyatında önəm daşıyır. Artıq hər keçən gün bir qədər də rəqəmsallaşan dünyada onlayn etibarın əhəmiyyəti artır. Çünki sizinlə işləmək və ya sizi yaxından tanımaq istəyən insanlar haqqınızdakı məlumatları əsasən sosial media və axtarış sistemləri vasitəsilə əldə edirlər.

Bu gün sosial və peşəkar uğuru internetdən asılı olmayaraq düşünmək çətindir. Rəqəmsal mühitdə yaratdığınız profil şəxsiyyət göstəriciniz hesab olunur. Başqa sözlə, onlayn aləmdə sizinlə bağlı mövcud olan bütün məlumatlar bir güzgü rolunu oynayır. Həmin güzgüdə nələrin əks olunacağına isə siz qərar verirsiniz. Məhz şəxsi PR və onlayn etibar idarəçiliyi bu imici düzgün şəkildə formalaşdırmağa imkan yaradır.

Şəxsi PR nədir?

Rəqəmsal PR və onlayn etibar idarəçiliyi — fərd və ya şirkətlərin internetdə apardığı fəaliyyətlərin digərlərində yaratdığı təəssürat və təsirləri nəzarətdə saxlamaq məqsədi daşıyır. Bu prosesi öz adınızla həyata keçirdiyiniz halda, şəxsi PR və onlayn etibar idarəçiliyi aparmış olursunuz.

Bu anlayış manipulyasiya mənasına gəlmir. Əksinə, məqsəd rəqəmsal varlığınızın doğru başa düşülməsi, tanınırlığınızın və etibarınızın artmasıdır. Beləliklə, siz auditoriyanızda inam formalaşdıra, daha geniş kütlənin diqqətini cəlb edə və müsbət geribildirimlər əldə edə bilərsiniz.

Onlayn etibar necə formalaşdırılır?

Düzgün qurulan onlayn imic sosial həyat, iş fəaliyyəti və karyera baxımından əhəmiyyətli üstünlüklər qazandıra bilər. Şəxsi imici gücləndirmək üçün aşağıdakı addımlar vacib sayılır:

1. Sosial media hesablarınızı yeniləyin

Sosial mediada istifadə etdiyiniz dil, paylaşım tərzi və üslub birbaşa sizin onlayn imicinizə təsir edir. Aktiv istifadə etdiyiniz platformaları mütəmadi yeniləyin, köhnə paylaşımlarınızı nəzərdən keçirin, istifadə etmədiklərinizi isə bağlayın.

2. Google-dan faydalanın

İnsanlar sizin haqqınızda məlumat axtararkən ilk növbədə axtarış sistemlərindən istifadə edir. Adınızı Google-da axtararaq hansı nəticələrin çıxdığını yoxlayın. Google Alerts xidməti vasitəsilə sizin haqqınızda yayımlanan yeni məlumatları anında izləmək mümkündür.

3. Gizlilik və təhlükəsizlik ayarlarını qoruyun

Sosial şəbəkələrdə iki mərhələli identifikasiya tətbiq edin və güclü parollar seçin. Hesablarınızın gizlilik ayarlarını yoxlayın, şəxsi məlumatlarınızın kimlər tərəfindən görünə biləcəyinə nəzarət edin.

4. LinkedIn profilinizi təkmilləşdirin

Karyera inkişafında LinkedIn mühüm rol oynayır. Bu platformada peşəkar və etibarlı imic yaratmaq sizi müxtəlif sahələrdən mütəxəssislərlə əlaqələndirə bilər. Aktiv olun, paylaşımlar edin və profilinizin məqsədinizə uyğun olduğuna əmin olun.

5. Peşəkar üslub seçin

İstər sosial mediada, istər LinkedIn və ya vebsaytda aydın, etik və peşəkar üslubdan istifadə edin. Aqressiv və ya nifrət nitqi daşıyan paylaşımlardan uzaq durun. Qarşı tərəflə səmimi, lakin nəzakətli ünsiyyət tonu saxlayın. Çünki danışıq tərziniz imicinizin ən güclü göstəricisidir.

Mütəxəssislər bildirirlər ki, bütün bu qaydalara əməl etməklə insanlar onlayn mühitdə tanınırlığını və etibarını artıraraq fərdi brendini gücləndirə bilərlər. Artıq rəqəmsal dövrdə etibar yalnız real həyatda deyil, ekranda necə göründüyünüzlə də ölçülür.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Seçilən
19
1
banco.az

2Mənbələr