AZ

“Federal həll” danışıqları artıq real çıxış yolu deyil

Ersin Tatar: Hər platformada ölkəmi tanıtmaq və haqlı mübarizəmizi müdafiə etmək üçün fəaliyyətlərimi davam etdirəcəyəm

KKTC-nin 5-ci Cümhurbaşqanı Ersin Tatarın BAYRAQDAR MEDİA-ya özəl müsahibəsi

Bu bir danılmaz həqiqətdir ki, hazırda qlobal arenada gərgin siyasi-diplomatik mübarizənin aparıldığı məkanlardan biri də Kıbrıs adasıdır. Çünki dünyanın, daha dəqiq desək, Batının bu adaya baxışında ikili standartlardan yanaşması ön plana çıxır. Məhz bunun nəticəsidir ki, Kıbrıs türklərinin dövlətçilik haqqı hələ də tanınmır. Bu azmış kimi Kuzey Kıbrıs Türk Cümhuriyyətinə (KKTC) haqsız yerə tətbiq edilmiş embarqolar davam edir.

Məlumat üçün bildirək ki, ötən 5 il ərzində Batının bu siyasətinə qarşı türk dünyasına daha sıx yaxınlaşma siyasəti yürüdən 5-ci Cümhurbaşqanı Ersin Tatar bu istiqamətdə müəyyən uğurlar da əldə etmişdi. Məhz Türkiyənin və Azərbaycanın dəstəyi ilə KKTC Xankəndidə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 17-ci Zirvə Toplantısında və Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatı Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə öz bayrağı və Prezidenti səviyyəsində təmsil olundu.

Ersin

Ersin Tatar və Nadir Azəri

Bütün bunların fonunda gözlənilirdi ki, 2025-ci il oktyabrın 19-da KKTC-də keçirilən növbəti cümhurbaşqanı seçkilərində Ersin Tatar qalib gələcək. Lakin gözləntilər özünü doğrultmadı. Seçkidə əsas rəqabət Ersin Tatarla Cümhuriyyətçi Türk Partiyasının sədri Tufan Erhürman arasında getdi və səsvermə nəticəsində Tufan Erhürman təxminən 63 faizə yaxın (62,76 faiz) səslə qalib gəldi. Bu isə ortaya müəyyən suallar çıxarıb. Elə KKTC-nin 5-ci Cümhurbaşqanı Ersin Tatarın BAYRAQDAR MEDİA-ya özəl müsahibəsində də bu suallara cavab tapmağa çalışdıq.

Qətiyyətli şəkildə bildirdik ki, Kıbrıs türk xalqı öz dövlətinə, öz sərhədlərinə, suverenliyinə malikdir və bu haqlar bütün dünya tərəfindən tanınmalıdır

İlk olaraq ötən 5 ildə aparılan siyasət barədə qısa məlumat verən Ersin Tatar dedi ki, ötən 5 il ərzində Kuzey Kıbrısın dövlətçilik haqqı uğrunda mübarizə aparıb: “Bildiyiniz kimi, 2020-ci ildə KKTC Cümhurbaşqanı seçiləndən sonra mən Kıbrıs məsələsində “iki suveren, bərabər dövlət” modelini müdafiə etdim. Biz bütün dünyaya illərlə aparılan, amma nəticə verməyən “federal həll” danışıqlarının artıq real çıxış yolu olmadığını bəyan etdik. Eyni zamanda qətiyyətli şəkildə bildirdik ki, Kıbrıs türk xalqı öz dövlətinə, öz sərhədlərinə, suverenliyinə malikdir və bu haqlar bütün dünya tərəfindən tanınmalıdır. Biz bu istiqamətdə ana vətən Türkiyə ilə birlikdə davamlı addımlar atdıq. Həmçinin mənim cümhurbaşqanlığım zamanı KKTC-nin türk dünyası ilə daha sıx qucaqlaşması, türk dünyasının ayrılmaz bir parçası kimi proseslərdə iştirakı üçün də inamlı addımlar atıldı. KKTC Türk Dövlətləri Təşkilatının müşahidəçi üzvü oldu. Eyni zamanda, TDT daxilində bir sıra tədbirlərdə iştirak etdik ki, buna görə də Türkiyəyə və qardaş Azərbaycan dövlətinə, xalqına və qardaşım, sayın Cümhurbaşqanı İlham Əliyevə xüsusi minnətdarlıq edirəm. Məhz İlham Əliyevin dəvəti ilə biz İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 17-ci Zirvə Toplantısında və Qəbələdə keçirilən Tür Dövlətləri Təşkilatı Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə öz bayrağımız və dövlət başçımız səviyyəsində təmsil olunduq”.

Hesab edirəm ki, xalqımız səs verərkən yalnız xarici siyasəti deyil, eyni zamanda daxili məsələləri də nəzərə almışdı

“Seçkilərdən öncə keçirilən rəy sorğularında Kıbrıs türk xalqının “iki dövlətli həll modeli”ni dəstəklədiyi önə çıxırdı. Məhz buna əsasən, xalqın bu modelin müəllifi olaraq sizə seçkilərdə yenidən etimad göstərəcəyi ehtimal olunurdu. Lakin bu baş vermədi. Xalq niyə seçimini fərqli etdi” sualına isə Ersin Tatar aşağıdakı cavabı verdi: “Qeyd edim ki, seçkilərdə cümhurbaşqanlığına namizəd kimi də mən iki dövlətli həll siyasətini müdafiə etdim. Xalqın yenidən etimad göstərəcəyi təqdirdə bu siyasətimizin davam etdiriləcəyini bildirdim. Lakin sizin də dediyiniz kimi bu, səsvermənin nəticəsində öz müsbət əksini tapmadı. Hesab edirəm ki, xalqımız səs verərkən yalnız xarici siyasəti deyil, eyni zamanda daxili məsələləri də nəzərə almışdı. Mövcud koalisiya hökuməti artıq 5 ildir ki, hakimiyyətdədir və seçkilərin nəticəsində o da görünür ki, yaşanan iqtisadi çətinliklər xalq arasında dəyişiklik arzusu yaradıb”.

Ersin

Ersin Tatar

Müsahibimiz qeyd etdi ki, iki dövlətli həll yolunun ən doğru siyasət olmasına baxmayaraq, təəssüf ki, daxildəki bəzi mühüm problemlər, eləcə də KKTC-nin tanınmamışlığından irəli gələn qeyri-müəyyənlik dəyişiklik tələbi doğurub.

KKTC-Azərbaycan əlaqələri bundan sonra davam etdirilməli, hətta bir qədər də inkişaf etdirilməlidir

KKTC-Azərbaycan əlaqələrinə dair sualı cavablandıran müsahibimiz bildirdi ki, “2020-2025-ci illər dövründə ilk dəfə olaraq Azərbaycanla rəsmi təmaslarımız başladı. Mənim Cümhurbaşqanı səviyyəsində səfərlərim və Prezident İlham Əliyevlə keçirilən rəsmi görüşlər tarixə düşdü. Eyni zamanda Türk Dövlətləri Təşkilatı çərçivəsində Azərbaycanda iştirak etdiyim toplantılar da tarixi baxımdan böyük uğurlar hesab olunur. Hesab edirəm ki, KKTC-Azərbaycan əlaqələri bundan sonra davam etdirilməli, hətta bir qədər də inkişaf etdirilməlidir”.

Bundan sonrakı mərhələ üçün hazırda hər hansı bir qərar verməmişəm

“Bəs bundan sonra fəaliyyətinizi hansı sahədə davam etdirmək niyyətindəsiniz” sualına gəlincə, KKTC-nin 5-cü Cümhurbaşqanı aşağıdakıları qeyd etdi: “Demək olar ki, 20 ilə yaxın davam edən siyasi fəaliyyətimdə xalqıma və dövlətimə 5 ilə yaxın maliyyə naziri, 2 ilə yaxın Ulusal Birlik Partiyasının başqanı və Baş nazir, son olaraq isə 5 il Cümhurbaşqanı kimi xidmət etmək mənim üçün böyük şərəf olub. Bundan sonrakı mərhələ üçün hazırda hər hansı bir qərar verməmişəm. Əlbəttə, KKTC-nin 5-ci Cümhurbaşqanı kimi hər platformada ölkəmi tanıtmaq və haqlı mübarizəmizi müdafiə etmək üçün fəaliyyətlərimi davam etdirəcəyəm”.

Seçilən
34
1
turkustan.az

2Mənbələr