AZ

Elmin inkişafı milli tərəqqinin təməlidir Deputat

Unikal.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

"Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 80 illik yubiley yığıncağı ümumilikdə cəmiyyətin intellektual potensialı, milli düşüncə tərzi və strateji inkişaf istiqamətləri baxımından mühüm hadisə kimi dəyərləndirilir. Prezident İlham Əliyevin bu mötəbər tədbirdəki çıxışı elmə dövlət səviyyəsində verilən dəyərin, milli intellektual siyasətin davamlılığının və müasir mərhələdə elmin idarə edilməsində prioritet istiqamətlərin ifadəsinə çevrilib".

Bunu "Unikal"a açıqlamasında Milli Məclisin deputatı Asif Əsgərov deyib. 

Parlamentarinin sözlərinə görə, dövlətimizin başçısı çıxışında bildirib ki, akademiya 80 il ərzində böyük yol keçmişdir, Azərbaycanda elmin inkişafında aparıcı rol oynamışdır.

"Hər bir tarixi dövrdə elmi potensialın qorunması, tədqiqat mühitinin gücləndirilməsi və elmi institutların maddi-texniki bazasının möhkəmləndirilməsi dövlət siyasətinin ayrılmaz tərkib hissəsi olmuşdur. Ulu Öndər Heydər Əliyev hələ ötən əsrin 70-ci illərindən başlayaraq Azərbaycan elminin inkişafına yeni nəfəs gətirmiş, Akademiyanın fəaliyyətini müasirləşdirmək üçün ardıcıl addımlar atmışdır.

Yubiley tədbirindəki çıxışında Prezident İlham Əliyev vurğulayıb ki, bu gün də on minlərlə Azərbaycan gənci artıq dünyanın aparıcı ali məktəblərinə ezam olunur. Elmin maliyyələşdirilməsi sahəsində də mühüm nailiyyətlər əldə olunmuşdur. Son 10 il ərzində elmə ayrılan vəsait iki dəfədən çox artmış, AMEA-nın maddi-texniki bazası əsaslı şəkildə yenilənmiş, institut binaları təmir olunmuş, elmi kitabxana və Milli Ensiklopediya üçün müasir tələblərə cavab verən binalar inşa edilmişdir. 2009-cu ildə yaradılmış Elm Fondu alimlərə qrant mexanizmləri vasitəsilə maddi dəstək göstərir, yeni layihələrin reallaşmasına imkan yaradır.

Elmin inkişafı üzrə Milli Strategiya, “Elm haqqında” Qanun və Dövlət Proqramı da bu siyasətin sistemli və məqsədyönlü xarakter daşıdığını sübut edir. Son onillikdə Azərbaycanın keçdiyi yol həm elmi-intellektual, həm də hərbi-siyasi cəhətdən tarixi mərhələ kimi dəyərləndirilir. Ölkənin ərazi bütövlüyünün və suverenliyinin bərpası, Zəfərlə yekunlaşan Vətən müharibəsi, qısa zamanda həyata keçirilən bərpa və quruculuq işləri elmi-texnoloji düşüncənin, idarəetmə qabiliyyətinin və milli birliyin parlaq təcəssümüdür. Bu Qələbə həm də elmin və texnologiyanın müharibə şəraitində səmərəli tətbiqinin nəticəsi idi. Pilotsuz uçuş aparatlarının döyüş əməliyyatlarında sistemli istifadəsi ilk dəfə məhz Azərbaycan tərəfindən həyata keçirilmiş, bu təcrübə sonradan bir çox ölkələrdə öyrənilmiş və tətbiq edilmişdir. Hazırda ölkəmiz bu texnologiyaları yalnız xaricdən tədarük etmir, həm də daxildə istehsal edir və bu sahədə mühüm tədqiqat imkanları yaradılır. Bu isə elmi ictimaiyyət üçün yeni fəaliyyət istiqamətləri açır və milli müdafiə sənayesinin texnoloji əsaslarını möhkəmləndirir. Prezident İlham Əliyev çıxışında qeyd edib ki, elm iqtisadiyyatla, sənaye ilə sıx bağlı olmalıdır. Bu baxımdan dövlət qurumlarına tapşırıq verilib ki, Azərbaycan alimləri ilə daha yaxın əməkdaşlıq qursunlar, elmi tədqiqatların praktik nəticələri real iqtisadi və texnoloji proseslərdə tətbiq olunsun. Müasir şəraitdə elmin yalnız nəzəri deyil, həm də tətbiqi dəyəri ön plana çıxır. Bu gün iqtisadiyyatın əsas hərəkətverici qüvvəsi qeyri-neft sektorudur.

Beləliklə, Prezident İlham Əliyevin AMEA-nın 80 illik yubiley yığıncağındakı çıxışı həm keçilmiş elmi yolun dərin təhlili, həm də gələcək inkişafın strateji istiqamətlərinin müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Bu çıxış bir daha sübut edir ki, müstəqil dövlətin gücü yalnız iqtisadi və hərbi sahələrdə deyil, həm də milli elmin, düşüncənin və intellektual potensialın gücündədir. Elmə verilən bu dəyər müasir dövrdə dövlət siyasətinin təməl prinsiplərindən biri olaraq qalır". 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
2
4
unikal.az

5Mənbələr