AZ

Pul alıb tədris etməyən repetitorlar: hansı hallarda bu dələduzluq sayılır?

Bakıda fəaliyyət göstərən bir ingilis dili müəllimi dələduzluq ittihamı ilə saxlanılıb. İlkin məlumata görə, müəllim bir neçə vətəndaşdan xaricdə təhsil və ya beynəlxalq sertifikat imtahanlarına hazırlıq adı altında külli miqdarda pul alıb, lakin öhdəliklərini yerinə yetirməyib. 

Bu hadisə Cinayət Məcəlləsinin hansı maddəsi ilə qiymətləndirilə bilər? Dələduzluq cinayətinin sübuta yetirilməsi üçün hansı əsas dəlillər tələb olunur?

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən Vəkillər Kollegiyasının üzvü Babək Umudovun sözlərinə görə, dələduzluq əməlləri Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə tövsif edilir:

154934

"Məcəllənin 178.1-ci maddəsinə görə, dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə 1000 manatdan 2000 min manatadək miqdarda cərimə və ya 360 saatdan 480 saatadək ictimai işlər və ya 2 ilədək müddətə islah işləri və ya 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Bu cinayətin sübuta yetirilməsi üçün müxtəlif süut növləri vardır. Bunlara tərəflər arasında bağlanmış müqavilə, ödənişlərin edilməsini təsdiq edən qəbz və ya digər sənədlər, tərəflər arasında yazışmalar, şahid ifadələri, təqsirləndirilən şəxsin ifadələri, ondan götürülmüş sənədlər və s.

Burada dələduzluq əməlinin əlamətlərinin olması mümkündür. Əgər müqavilə bağlayarkən şəxsin niyyəti heç bir xidmət göstərmək deyil, aldatma və ya etibardan sui-istifadə yolu sadəcə pulları mənimsəmək idisə, şəxsin əməlləri dələduzluq cinayəti kimi tövsif edilə bilər. Yox əgər şəxs müqavilə öhdəliklərini yerinə yetirməyə çalışmış, ancaq hansısa obyektiv səbəblərdən bu mümkün olmamışdırsa, artıq bu məsələ mülki hüquqi xarakter daşıyır və tərəflər arasında bağlanmış müqaviləyə, habelə Azərbaycan Respublikasının mülki qanunvericiliyinə uyğun tənzimlənməlidir.

Əgər şəxsin əməllərinin cinayət olduğu məhkəmənin qərarına əsasən təsdiqlənərsə, zərərçəkən şəxslər onlara vurulmuş maddi zərərlərin ödənilməsini həm ibtidai istintaq prosesində, həm də məhkəmə prosesində tələb edə bilərlər. Bunun üçün zərərçəkənlər cinayət işi üzrə istintaqı aparan səlahiyyətli şəxsə bu barədə ərizə ilə müraciət edə, cinayət işi üzrə məhkəmə prosesində məhkəməyə mülki iddia verə bilər, yaxud müstəqil olaraq məhkəmədə mülki iddia qaldıra bilərlər".

B.Umudov qeyd edib ki, məhz Cinayət Məcəlləsinin 178.1-ci maddəsində göstərilən əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir:

"Dələduzluq əməlini ağırlaşdırıcı hallarda törətmiş şəxs isə barışmaq və ziyanı tamamilə ödəməklə yanaşı, vurduğu ziyanın bir hissəsini (müvafiq olaraq 25%, 50%) dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilə bilər.

Bunun üçün müəyyən etmək lazımdır ki, dələduzluq əməli ancaq bir şəxsin iradəsi ilə əhatə olunub, yoxsa bu əməldə digər şəxslər də iştirak edibmi. Nəzərə almaq lazımdır ki, müəssisənin cinayət hüquqi məsuliyyəti spesifik mövzudur və fiziki şəxsin cinayət məsuliyyətindən fərqlidir. Müəssisəyə (hüquqi şəxsə) cinayət-hüquqi tədbirlər həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı fiziki şəxslər tərəfindən törədilən cinayətlərə görə tətbiq edilir:

1 hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs, 2. hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs,3. hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs, 4. yuxarıdakı vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. Hüquqi şəxslərə tətbiq edilən cinayət-hüquqi tədbirlər aşağıdakılardır:

1. cərimə;

2. xüsusi müsadirə;

3. hüquqi şəxsi müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə;

4. hüquqi şəxsi ləğv etmə.

İstintaq dövründə azadlıqdan məhrum etmə yox, həbs qətimkan tədbiri tətbiq oluna bilər. Qətimkan tədbirləri müvafiq olaraq təhqiqatçının, müstəntiqin, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun və ya məhkəmənin qərarına əsasən seçilir. Qətimkan tədbirləri o hallarda tətbiq oluna bilər ki, cinayət təqibi üzrə toplanmış materiallar şübhəli və ya təqsirləndirilən şəxsin gizlənmək, cinayət prosesinin iştirakçılarına qanunsuz təsir göstərmək, cinayət işi materiallarını gizlətmək və ya saxtalaşdırmaq, istintaqın normal gedişatına mane olmaq, əməli yenidən törətmək, cəmiyyət üçün təhlükə yaratmaq, orqanın çağırışlarına gəlməmək, cəzadan yayınmaq ehtimalına kifayət qədər əsas versin.

Bu əməl üzrə təqsirləndirilən şəxsə həbs, ev dustaqlığı, girov, başqa yerə getməmək barədə iltizam, şəxsi zaminlik, təşkilatın zaminliyi, polisin nəzarəti altına vermə, vəzifədən kənarlaşdırma qətimkan tədbirlərindən biri və ya bir neçəsi tətbiq oluna bilər.

Dələduzluq əməlinin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi, təkrar törədilməsi, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədilməsi, xeyli miqdarda ziyan vurmaqla törədilməsi, mütəşəkkil dəstə tərəfindən törədilməsi, külli miqdarda ziyan vurmaqla, xüsusilə külli miqdarda ziyan vurmaqla törədilməsi onun ağırlaşdırıcı hallarıdır. Bu hallara uyğun olaraq təyin ediləcək cəzaların da ağırlıq dərəcəsi ağırlaşır.Dələduzluq cinayətinin yüngülləşdirici hallarına isə cinayətin hamilə qadın tərəfindən törədilməsi; cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması; cinayətin fiziki və ya psixi məcburiyyət təsiri altında, yaxud maddi, xidməti və ya sair cəhətdən asılılıq nəticəsində törədilməsi; cinayətin anlaqlılığı istisna etməyən psixi pozuntusu olan şəxs tərəfindən törədilməsi; şəxsin könüllü gəlib təqsirini boynuna alması, cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə, cinayət nəticəsində əldə edilmiş əmlakın axtarışına və tapılmasına fəal kömək etməsi; zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi; cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması; cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi və ya ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlərin edilməsi aid edilə bilər.

Cinayətin təkrar törədilməsi dedikdə, Cinayət Məcəlləsinin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi başa düşülür.Dələduzluq əməlinin təkrar törədilməsi cinayəti ağırlaşdıran haldır. Bu halda şəxsə 4000 manatdan 7000 manatadək miqdarda cərimə və ya əmlakı müsadirə olunmaqla və ya olunmamaqla 1 ildən 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası tətbiq edilə bilər.

Yuxarıda qeyd etdiyim kimi zərərçəkən şəxslər şübhəli və ya təqsirləndirilən şəxs barəsində hüquq-mühafizə orqanlarına şikayətlə müraciət etməlidirlər. Müraciətlərində onlara dəymiş ziyanın məbləğlərini göstərməli, bu məbləğləri və şikayətlərini əsaslandıran sübutları müraciətə əlavə etməlidirlər. Əgər cinayət təqibi prosesində onlara dəymiş ziyanın ödənilməsi mümkün olmazsa, məhkəmə prosesində də mülki iddia ilə onlara dəymiş ziyanı tələb edə bilərlər. Qeyd edim ki, zərərçəkmiş şəxslər təqsirləndirilən şəxsdən təkcə faktiki maddi ziyanı yox, eyni zamanda dələduzluq əməlləri nəticəsində onlara vurulmuş mənəvi zərərin də kompensasiyasını tələb etmək hüququna malikdirlər".

Seçilən
19
azedu.az

1Mənbələr