Metbuat saytından verilən məlumata görə, ain.az xəbər verir.
“Azərbaycanda barəsində cinayət işi açılmış şəxslər və hətta onların qohumlarına
dair bəzən belə bir məhdudiyyət də tətbiq olunur: etibarnamə vermə imkanı yasaq
edilir. Yəni şəxs notariusa etibarnamə təsdiqlətmək üçün gələndə notarius
imtina edir”.
Metbuat.az-ın məlumatına görə, bu barədə hüquqşünas Əkrəm Həsənov sosial
media hesabında paylaşım edib.
Onun sözlərinə görə, kimsə notariuslara belə bir göstəriş verir:
“Kim? Məhkəmə? İnanmıram. Çünki belə bir məhdudiyyətin qoyulması absurddur
və qanuna ziddir. Məhkəmə qərarları dərc olunur, buna görə də hansısa hakimin
belə özbaşınalığa yol verə bilməsi inandırıcı deyil. Ən azı reputasiyası
baxımından. Böyük ehtimalla bu qanunsuz göstərişi qeyri-rəsmi olaraq hüquq
mühafizə orqanları verir, notariuslar da əsassız olaraq ona əməl edir. Bu
tədbir o qədər antihüquqidir ki, heç bilmirəm nə deyim”.
Ə.Həsənov qeyd edib ki, hətta azadlıqdan məhrum edilmiş ən qatı cinayətkar
belə etibarnamə vermək hüququna malikdir:
“Kiminsə bu hüquqdan məhrum olunması mülki hüquq qabiliyyətindən məhrum
edilməsi deməkdir. Sanki o, kölədir, quldur! Mülki Məcəllənin 25-ci maddəsinə
əsasən: 1) mülki hüquq qabiliyyəti insanın mülki hüquqlara malik olmaq və mülki
hüquq vəzifələri daşımaq qabiliyyətidir; 2) hər kəsin mülki hüquq qabiliyyəti
eyni dərəcədə tanınır; 3) insanın hüquq qabiliyyəti onun doğulduğu an əmələ
gəlir və ölümü ilə xətm edilir; 4) insan hüquq qabiliyyətindən məhrum edilə
bilməz. İnsanın hansısa hüququ varsa, qanunla başqa hal nəzərdə tutulmayıbsa,
onun həyata keçirilməsini etibarnamə əsasında başqasına həvalə edə bilər.
Etibarnamə verə bilmirsə, deməli, heç bir hüququ da yoxdur, dediyim kimi,
quldur, kölədir”.
“Ən əsası isə mən başa düşmürəm ki, bununla nəyə nail olmaq istəyirlər?
Hansısa əmlakının satılmasının qarşısını almaq istəyirlər? Bunun qanuni yolu
var: həmin əmlaka məhkəmə qərarı əsasında həbs qoydurmaq olar. Yəni məhdudiyyət
konkret olmalıdır, ümumi yox. İndi isə belə çıxır ki, şəxs hətta məhkəmədə onu
təmsil etmək üçün vəkilə də etibarnamə verə bilmir. Bu biabırçılıqdır”, - deyə
hüquqşünas əlavə edib.
Sevinc İbrahimzadə / Metbuat.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.